Avropa Azərbaycana ümid edir İqtisadiyyat

Avropa Azərbaycana ümid edir

Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi Avropaya yeni mənbədən böyük həcmdə qaz tədarükü təminatı verən yeganə layihədir"

"Ukraynanın cənub-şərqində baş verən münaqişə Avropa İttifaqına üzv ölkələri təbii enerji xammalının mənbələrini şaxələndirmək və Avropa Enerji İttifaqının yaradılması prosesini sürətləndirmək məcburiyyətində qoydu".
Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.
O qeyd edib ki, Avropa İttifaqı alternativ təbii qaz tədarükçüsü olaraq Azərbaycanı görür.
Vitse-prezident artıq "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına başlandığını xatırladıb:
"Bu layihəyə görə Xəzər dənizi regionundan təbii qaz Avropaya nəql olunacaq. Bu layihə Avropaya yeni mənbədən böyük həcmdə qaz tədarükü təminatı verən yeganə layihədir. Söhbət həm də ümumi dəyəri 45 milyard avrodan çox olan layihədən gedir".
O, Azərbaycan qazının Avropaya 2019-cu ildə çatdırılacağını qeyd edib.
Milli Məclisin (MM) deputatı Azər Badamov hesab edir ki, bu günlərdə Münhen Təhlükəsizlik Konfransı Avropada milli təhlükəsizliklə yanaşı, enerji təhlükəsizliyinin təmin olunmasının nə qədər vacib olduğunu ortaya qoydu: "Konfrans bir daha göstərdi ki, enerji təhlükəsizliyinin təmini milli təhlükəsizliyin, sabitliyin qorunması üçün əsas şərtdir".
Onun dediyinə görə, konfrans çərçivəsində "şaxələndirmə" mövzusunda keçirilmiş dəyirmi masa Cənub Qaz Dəhlizinin Avropa məkanı üçün ümid yeri və əhatə məkanının genişlənərək "NABUCCO" iştirakçısı olmuş ölkələrinin də marağında olduğunu göstərdi:
"Şaxələndirmə ancaq marşrutların şaxələndirilməsi kimi yox, həm də yeni enerji mənbələrinin şaxələndirilməsi olaraq Avropa üçün böyük əhəmiyyətə malikdir. Avropa komissarının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviçin "biz Avropa İttifaqında yayda yox, qışda nə baş verəcəyi haqqında düşünməkdən yorulmuşuq", - deyə bəyan etməsi Cənub Qaz Dəhlizi layihəsinin əhatə dairəsinin daha da geniş və perspektivli olacağını göstərir.
Prezident İlham Əliyevin həm dəyirmi masadakı, həm də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxışları Azərbaycanın Cənub Qaz Dəhlizinin inşasının vaxtında başa çatdırılacağını və ölkələrin inteqrasiyasında mühüm rolu olacağını özündə ehtiva edir.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan üçün "Əsrin müqaviləsi" qədər vacibdir. Bu, həm enerji resurslarımızın yeni bazarlara ayaq açmasına imkan yaradacaq, həm də ölkəmizin təhlükəsizliyinin qorunub-saxlanmasında xüsusi rola malik olacaq. Bu layihə Azərbaycanın dünyada nüfuzunu artırır və tərəfdaşlarımızı çoxaldır. Artıq Azərbaycan beynəlxalq məkanda baş verən proseslərdə vacib iştirakçıya çevrilir və odur ki, bu tipli layihələr ölkəmizin müstəqilliyinin tam bərpasında, tam oturuşmasında xüsusi rola malik olacaq".