“İstifadəsiz torpaqlara əlavə vergi tətbiq olunacaq” İqtisadiyyat

“İstifadəsiz torpaqlara əlavə vergi tətbiq olunacaq”

Heydər Əsədov: "Əvvəlcə monitorinqlər vasitəsilə sahələr müəyyənləşdiriləcək"

"Prezidentin sərəncamından sonra biz istifadəsiz torpaqların monitorinqinə başlamışıq. Hal-hazırda istifadəsiz torpaqların sahəsi müəyyənləşdirilir. Onun səbəbləri də aydınlaşdırıldıqdan sonra tərəfimizdən aidiyyatı təkliflər təqdim olunacaq".
"APA-Economics"ə verilən məlumata görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov "Aqrolizinq" ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.
H. Əsədovun sözlərinə görə, istifadəsiz torpaqlara əlavə vergilər tətbiq olunacaq. Nazirin sözlərinə görə, dünya praktikasında da tətbiq olunan metodların birinin tətbiq olunması nəzərdə tutulur.
"Burada monitorinq müəyyən müddət aparır, ona görə ki torpaqdan həmin anda istifadə edilməməsi onun istifadəsiz qalması demək deyil. Çünki elmi araşdırmalara görə, torpaqların hər il 60-66%-nin istifadə olunsa və qalanları dincdə olsa daha səmərəlidir. Ona görə də əvvəlcə monitorinqlər vasitəsilə sahələr müəyyənləşdirmək, daha sonra səbəblər aydınlaşdırılmalı və buna nəzərən təkliflərimiz konkretləşdirilməlidir" - , deyə H. Əsədov bildirib.
Nazir deyib ki, bu il Azərbaycanda təşkil olunacaq bayram yarmarkalarının sayı artırılacaq: "Bayram yarmarkalarını bu il də keçən il olduğu kimi 5-6 gün keçirməyi planlaşdırırıq. Bu il yenilik ondan ibarət olacaq ki, daha bir neçə yerdə əlavə yeni yarmarkaların açılmasını nəzərdə tuturuq. Çalışacağıq ki, bazara daha çox məhsullar çıxarmaqla süni yaradılmış qiymət ajiotajını aradan qaldıraq".
Heydər Əsədov həmçinin əlavə edib ki, ölkədə gübrə ehtiyatı keçən ildən zəruri həcmdə yaradılıb və hal-hazırda gübrə alışı həyata keçirilmir.
H. Əsədovun sözlərinə görə, gübrə ehtiyatı keçən ildən formalaşdığından, bu il yeni qiymət müzakirə olunmur və olunmayacaq.
"Söhbət yalnız gələn ildən gedə bilər. Bizim böyük ehtiyat mənbələrimiz var ki, gələn ildə də gübrələrin qiymətini qaldırmayaq", - deyə nazir əlavə edib.