“Rusiya artıq Türkiyənin daxili işlərinə qarışmağa başlayıb” Müsahibə

“Rusiya artıq Türkiyənin daxili işlərinə qarışmağa başlayıb”

Elxan Şahinoğlu: "PKK terror təşkilatının siyasi qanadı hesab olunan HDP liderinin Moskvaya dəvət ediliməsi təsadüfi deyil"

"Türkiyə Şimali İraqın kürd liderləri ilə dil tapa, Bərzani Türkiyə ilə sıx əlaqələr qura bilib. Orada böyük türk kapitalı var. Bu mənada Bərzani məcburdur ki, buradakı türkmənlərin istək və arzularını nəzərə alsın. Almasa, Türkiyə ilə qarşı-qarşıya gələ bilər. Odur ki, İraq türkmənlərinin mövqeyi nəzərə alınır, onlar müəyyən qədər qanunverici və icraedici orqanlarda təmsil olunurlar". Bunu Teleqraf.com-a müsahibəsində Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib:
- Rusiya-Türkiyə münasibətlərinin indiki durumunu necə qiymətləndirmək olar?
- Münasibətlər gərgin və mürəkkəb olaraq qalır. Səbəb odur ki, rəsmi Moskva geriyə addım atmaq istəmir. Rusiyanın əsas tələbləri odur ki, insidentə görə Türkiyə üzr istəməli, Rusiyaya məxsus hərbi təyyarəni vuranlar cəzalandırılmalı, təzminat ödənilməlidir. Türkiyə isə bu şərtlərin heç birini etməyəcək. Çünki bunu heç bir dövlət etməz. Ortada açıq-aşkar sərhəd pozuntusu qeydə alınıb və bunu bir neçə dövlətin mənbəsi qeyd edir. Rusiya isə geriyə addım atmır, əksinə, vəziyyəti getdikcə qəlizləşdirir. Yeri gəlmişkən, Rusiya artıq Türkiyənin daxili işlərinə qarışmağa başlayıb. Məsələn, təsadüfi deyil ki, radikal kürdlərin və PKK terror təşkilatının siyasi qanadı hesab olunan Xalqların Demokrat Partiyasının lideri Moskvaya dəvət edilib. Bildiyim qədər, bu partiya Moskvada özünün nümayəndəliyini açacaq. Eyni zamanda gələn xəbərlərə görə, Rusiya mənbələri PKK ilə təmaslara da başlayıb. Bu o deməkdir ki, Rusiya Türkiyənin daxilinə təsir etməyə başlayıb. Digər tərəfdən, Türkiyənin özü də müəyyən addımlar atmağa başlayıb. Konkret olaraq Krım tatarlarına dəstəyi artırıb. Faktiki olaraq iki dövlət bir-birinin daxili işlərinə qarışmağa başlayıb. Əgər biz Krımı Rusiyanın "torpağı" hesab etsək, bu, o deməkdir ki, Rusiya-Türkiyə münasibətlərindəki vəziyyət qısa müddətə normallaşmayacaq. Bu münasibətlərin düzəlməsi üçün illər lazım gələcək. Təsəvvür edin ki, son 5 ildə Türkiyə-İsrail münasibətləri də gərgin halda idi. Amma indi müəyyən yaxınlaşma var. Lakin münasibətlərin gərgin olduğu ən kritik məqamlarda da İsrail Türkiyənin əleyhinə Rusiya qədər ciddi addımlar atmırdı. Odur ki, indi Rusiya ilə barışmaq, münasibətləri əvvəlki axarına qaytarmaq çox çətin olacaq. Vəziyyət hazırda bundan ibarətdir. Müşahidələrə əsaslanıb deyə bilərəm ki, Rusiyanın Türkiyə siyasətinin yaxın zamanlarda dəyişəcəyinə ümid də yoxdur.
- Ancaq Türkiyənin öz daxilində də vəziyyət kəskindir. Prezident Ərdoğan ölkə müxalifətini Rusiyaya dəstək verməkdə, onun mövqeyini bölüşməkdə ittiham edir. Türkiyədə siyasi qüvvələrin bu məsələyə münasibətində ciddi fərqlər varmı?
- Bəli, belə bir hal var. Milliyyətçi Hərəkat Partiyası istisna olmaqla digər müxalifət partiyaları yaranan bu gərgin durumda Türkiyənin dövlət maraqlarından çıxış etmirlər. Cümhuriyyət Xalq Partiyasından olan millət vəkillərindən biri Rusiya televiziya kanalına müsahibə verib, iddia irəli sürüb ki, Suriya əhalisinə qarşı kimyəvi silahdan istifadədə Türkiyə hakimiyyətinin rolu və dəstəyi olub. Əlbəttə, bu, tamamilə iftiradır. Lakin CHP rəhbərliyi bu açıqlamasına görə öz deputatını tənbeh etmədi. Üstəlik PKK-nın siyasi qanadı olan HDP liderinin PKK-ya dəstək verməsi, Diyarbərkir hadisələrində terrorçu qurumun tərəfini tutması və Moskvaya səfərə hazırlaşması Türkiyə dövlətçiliyinə qarşı atılan addımdır. Odur ki, bu məsələdə prezident Ərdoğan haqlı görünür.
- Hazırda sanki Türkiyə öz daxilində bir müharibə içərisindədir. Artıq PKK dağlarda deyil, böyük şəhərlərdə mövqe tutub. Qardaş ölkədə nə baş verir?
- PKK faktoru 40 ildir ki, mövcuddur. Lakin PKK indiki qədər heç vaxt azğınlaşmayıb. Məsələn, əvvəlki dönəmlərdə PKK atəş açandan sonra dağlara qaçırdı, hücumlarını gecə vaxtı həyata keçirərdi. İndi isə bu terror təşkilatı qəsəbə və kəndlərdə qərargah quraraq faktiki partizan müharibəsi aparmağa çalışır. Amma böyük zərbələr də alır. Çünki indiyə qədər minlərlə PKK üzvü öldürülüb. Məncə, bu, onlara dərs olmalıdır. Türkiyə dövləti və ordusu PKK-nın ölkənin şərqində yerləşməsinə və möhkəmlənməsinə seyrçi qalmayacaq. Əksinə, nəyin bahasına olursa-olsun, PKK-nı buradan vurub çıxaracaq. Yox, əgər seyrçi qalacaqsa, bu halda PKK şərq əraziləri əlində saxlamağa çalışacaq. Odur ki, indi ordunun strategiyası doğrudur. Terrora qarşı savaş açılıb, onlara göz dağı verilir. Qənaətimcə, burada Rusiyanın da təsiri var. PKK-nın belə azğınlaşması məhz Rusiyaya məxsus qırıcı təyyarənin vurulmasından sonra ortaya çıxdı. Buna qədər PKK sağdan-soldan atəş açıb dağlara qaçırdı. İndi isə PKK kənd və qəsəbələrdən əhalini qovub, səngər, istehkam quraraq orduya hücumlar edir. Sanki PKK türk-rus münasibətlərinin kəskin olmasından ilham və dəstək alıb.
- AKP seçki öncəsi kampaniya aparırdı ki, Türkiyədə sülh və əmin-amanlıq bir partiyanın mütləq hakimiyyəti qurulandan sonra baş verə bilər. Əhali AKP-yə mütləq hakimiyyət verdi. Demək olarmı ki, AKP verdiyi vədi yerinə yetirmədi, seçkidən sonra Türkiyə sabitləşmək əvəzinə stabilliyini saxlaya bilmədi...
- Söhbət bu vədin doğrulmasından getmir. Türkiyədə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq PKK terrorçularının ölkənin şərqində yerləşməsinə göz yummazdı. İstənilən hakimiyyət bu ərazilərdən PKK-nı çıxarmaq üçün əməli addımlara əl atardı. Əlbəttə, AKP iqtidarda olduğu müddətdə məsələni sülh yolu ilə həll etmək istədi. Hətta "Analar ağlamasın" adlı şüar da ortaya atıldı. Lakin hadisələr göstərdi ki, PKK-nın sülhlə bağlı vədləri yalan imiş. Danışıqlar getdiyi zaman, sən demə, kənd və qəsəbələrdə silahlı anbarlarını formalaşdırıb gələcək üçün hazırlayırmış. Yaydan isə hücumlara start verdi. Bu da, hökumətin səbrini tükətdi, ordu ciddi addımlar atmağa başladı. Ancaq münbit şərait yetişsə, PKK ilə danışıqlar davam etdirilə bilər. İndi məqsəd PKK-nı kənd və qəsəbələrdən çıxarmaqdır.
- Suriyada real durum nədən ibarətdir?
- Suriyada dəyişən bir şey yoxdur. Rusiya Bəşər Əsədə dəstək verərək havadan İŞİD mövqelərini bombardman edir. Lakin müşahidələr göstərir ki, bunun effekti olmur. İŞİD təslim olmur. Onu təslim və darmadağın etmək üçün qurudan əməliyyatlar aparmaq lazımdır. Rusiya isə buna getmir. Bilir ki, getsə, itkiləri çox olacaq. Bu da, problem deməkdir. Odur ki, hazırda Suriyada müxtəlif qüvvələr - Əsədin ordusu, Azad Suriya ordusu, Əl-Nüsra, İŞİD, kürd qruplaşması və türkmənlər - müxtəlif ərazilərə nəzarət edir. Suriyada Əsəd hakimiyyətdə qaldıqca bu ölkənin ərazi bütövlüyünü təmin etmək çətin olacaq. Odur ki, ABŞ da təşəbbüs göstərir və Rusiya da guya buna dəstək verməyə hazırdır ki, Suriyada keçici hökumət qurulsun və terrorçulara qarşı mübarizə aparılsın. Amma Əsəd orada qaldıqca nə Suriyanın ərazi bütövlüyün təmin etmək mümkün olacaq, nə də İŞİD-ə qarşı mübarizə aparmaq effektiv olacaq.
- Hazırda rəsmi Ankara Suriya türkmənlərinə real dəstək ifadə edirmi?
- Bu məsələdə müəyyən qədər gecikmə var. Ötən illərdə Ankara İraq və Suriyada yaşayan türkmənlərə ciddi dəstək verməli idi. Bu, Türkiyənin dövlət maraqlarına da uyğun idi. Lakin bunu vaxtında etmədi. Sonradan Türkiyə bunu anladı və Suriyada türkmənlərə dəstək verməyə başladı. Gec də olsa, buna başlanılıb. Məqsəd odur ki, türkmənlər real olaraq öz gücünü ortaya qoysun, müqavimət göstərsin və ən azı öz ərazilərini saxlasın. Hazırda türkmənlərin silah və fiziki gücə ehtiyacı var. Bunu da Türkiyə tədricən həyata keçirməyə çalışır. Hazırda türkmənlər Suriyada bir amilə çevrilib. Bu, gecikmiş olsa da, yaxşı amildir. Türkmənlər də Türkiyə və türk dünyasının maraqlarını ifadə edir. Onların da Suriyada haqqı və payı var. Türkiyə bu məsələdə geciksə də, artıq doğru strategiya həyata keçirərək türkmənlərə dəstək verir və bu yolla Suriya ilə sərhəddə öz mövqelərini gücləndirir.
- Türkmənlərin müqavimət imkanları nə dərəcədədir?
- Kürdlər qədər yoxdur. Amma tədricən türkmənləri gücləndirmək, təlimlər keçməklə söz sahibi halına gətirə bilərlər. Türkmənlər də müəyyən qədər müqavimət göstərə, öz ərazilərini qorumaq qabiliyyətini ortaya qoya bilərlər.
- Rusiyanın türkmənlərin kompakt yaşadığı əraziləri havadan bombalaması prosesi davam edirmi?
- Ara-sıra bombardman edir. Ancaq burada təkcə türkmənləri deyil, Bəşər Əsədə müxalif olan bütün qüvvələrə zərbələr endirilir. Ancaq Rusiyanın müəyyən çəkinəcəyi də var. Başa düşür ki, türkmənlərə qarşı bu siyasəti apardıqca qarşılarında təkcə Türkiyəni deyil, türk dünyasını görəcək. Artıq Türkmənistan və Tatarıstan kimi ölkələr öz narazılığını bildirib. Odur ki, Rusiya hakimiyyəti bu faktoru nəzərə almaq məcburiyyətindədir.
- İraq türkmənlərinin durumu haqda dəqiq informasiya varmı?
- Orada vəziyyət fərqlidir. Türkiyə Şimali İraqın kürd liderləri ilə dil tapa bilib, Bərzani Türkiyə ilə sıx əlaqələr qura bilib. Orada böyük türk kapitalı var. Bu mənada Bərzani məcburdur ki, buradakı türkmənlərin istək və arzularını nəzərə alsın. Almasa, Türkiyə ilə qarşı-qarşıya gələ bilər. Odur ki, İraq türkmənlərinin mövqeyi nəzərə alınır, onlar müəyyən qədər qanunverici və icraedici orqanlarda təmsil olunurlar.
- Suriya düyünün taleyi necə olacaq?
- Böyük dövlətlərin hamısı birgə Bəşər Əsədin hakimiyyətdən getməsinə razılıq versə, məsələni həll etmək asan olacaq. Mən Rusiya və İranın da buna razılıq verməsini nəzərdə tuturam. Əsədin yerinə bir başqası gəlməlidir ki, koalisiya hökuməti qurulsun, bundan sonra İŞİD-ə qarşı quru əməliyyatı başlasın. Yox, əgər Əsəd məsələsində böyük dövlətlər arasında razılıq əldə edilməyəcəksə, biz 2016-cı ildə də Suriyada müharibənin davam edəcəyini izləməli olacağıq.
- Türkiyə-İran münasibətlərinin indiki dönəmini normal saymaq mümkündür?
- İnanmıram ki, bu münasibətlər normal axara düşsün. Nə qədər ki, Suriya problemi, savaş var, deməli, Türkiyə-Rusiya və Türkiyə-İran münasibətləri gərgin olaraq qalacaq. Bu həm də avtomatik olaraq Ermənistan-Azərbaycan münasibətlərini kəskinləşdirəcək.