“İşğalı unutmaq Ermənistana xidmət etməkdir...” Müsahibə

“İşğalı unutmaq Ermənistana xidmət etməkdir...”

Azay Quliyev: ""Xalq diplomatiyası" adı altında QHT-lər ermənilərlə əməkdaşlığa gedir və təəssüflər olsun ki, bu əməkdaşlıqdan yalnız və yalnız ermənilər qazanır"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin APA-ya müsahibəsi

- Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "xalq diplomatiyası" adı ilə Qərbin, ABŞ-ın həyata keçirdiyi layihələr nəinki əhəmiyyətsiz, hətta çox təhlükəlidir. O, "xalq diplomatiyası"nın yalnız Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunmasından, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə rəsmən üzr istəməsindən sonra mümkün ola biləcəyini söyləyib. Bu fikirləri bölüşürsünüzmü?

- Əli Hüseynlinin o fikri ilə razıyam ki, "xalq diplomatiyası" adı altında QHT-lər ermənilərlə əməkdaşlığa gedir və təəssüflər olsun ki, bu əməkdaşlıqdan yalnız və yalnız ermənilər qazanır. Səbəb ondan ibarətdir ki, bəzi təşkilatlar ermənilərlə heç nə olmamış kimi bu və ya digər layihələrin icrasına cəlb olunurlar. Sanki Ermənistan Azərbaycan ərazisini işğal etməyib, 1 milyondan çox azərbaycanlını didərgin salmayıb, 20 ildən çoxdur ki, torpaqları işğal altında saxlamayıb. Mənim şəxsi fikrim ondan ibarətdir ki, xalq diplomatiyası, yaxud hər hansı ad altında Azərbaycan QHT-lərinin Ermənistan QHT-ləri ilə əməkdaşlığı yalnız bir formatda, yalnız bir mövzu ətrafında ola bilər.

- Bu format, bu mövzu nədən ibarətdir?

- Söhbət ondan gedir ki, Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra olunmasında, bölgədə sülhün və təhlükəsizliyin yaradılması üçün Ermənistana ictimai təzyiqin təmin olunmasında QHT-lərin rolu nə ola bilər. Yəni bizim bu gün vətəndaş cəmiyyəti institutları, QHT-lər, vətəndaş, dövlət nümayəndələri olaraq Ermənistanla müzakirə edəcəyimiz bir mövzu ola bilər: Necə edək ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları azad olunsun. Bu çərçivədən kənarda görülən hər hansı bir iş - istər mədəniyyət, istər təhsil, istər regional əməkdaşlıqla bağlı - yalnız Azərbaycanın ziyanınadır. Çünki ermənilər bundan sui-istifadə edirlər və toplantılarda olan şəkilləri, görüntüləri xarici ölkələrdə, öz ölkələrində tirajlayırlar. Deyirlər ki, baxın, Azərbaycan və Ermənistan ictimaiyyəti arasında heç bir problem yoxdur, qarşılıqlı səfərlər edir, hətta oturub yeyir-içir, rəqs edir, mədəni tədbirlərdə iştirak edirlər. Deyirlər ki, Azərbaycan ictimaiyyəti üçün nə Qarabağ, nə işğal olunmuş ərazilər problemi var, elə problemi yaradan Azərbaycan dövlətidir, problemin həll olunmasını istəmir. Mən özüm dəfələrlə şahidi olmuşam ki, ermənilər bizim bəzi QHT-lərin bu proqramlarda iştirak etməsindən öz maraqları üçün necə faydalanıblar. Ona görə də biz bu məsələ ilə bağlı konkret çərçivə müəyyənləşdirməliyik. Hər hansı təmas işğalı aradan qaldırılması məqsədinə xidmət etməyəcəksə, buna yol vermək olmaz.
İkinci, "xalq diplomatiyası" nə deməkdir? "Xalq diplomatiyası" ilə bağı heç bir qanun yoxdur. Nə "xalq diplomatiyası"nı qadağan edən, nə də "xalq diplomatiyası"na hüquqi imkanlar yaradan hər hansı çərçivə yoxdur. Əlbəttə, biz birmənalı şəkildə Ermənistan QHT-ləri ilə təması qadağan edə bilmərik. Mən bunun tərəfdarı deyiləm. Amma bizim QHT-lər anlamalıdır ki, onların bu fəaliyyəti bilavasitə Azərbaycanın maraqlarına xidmət etmirsə, Azərbaycanın Konstitusiyasına və qanunlarına ziddirsə, onlar birbaşa məsuliyyət daşıyır. Bunun mənəvi, siyasi, hüquqi, cinayət məsuliyyəti ola bilər. Əgər kimsə ermənilərlə əməkdaşlıq qurub casusluq edəcəksə, Azərbaycan haqqında məxfi xarakterli məlumatlar ötürəcəksə, bu, cinayət məsuliyyətidir və burada heç kimə güzəşt ola bilməz. Biz bilməliyik ki, bu əməkdaşlıqdan Azərbaycan nə qazandı. Amma təəssüflər olsun ki, indiyə qədər aparılan bu cür məsuliyyətsiz əməkdaşlıq Azərbaycanın xeyrinə olmayıb, əksinə, ermənilər bundan faydalanıb.

- Şura indiyə qədər "xalq diplomatiyası" ilə bağlı Azərbaycan QHT-lərinin layihələrinə dəstək veribmi?

- Təəssüflər olsun ki, indiyə qədər ümumi maraqlarımıza xidmət edəcəyinə əmin olduğumuz belə sanballı, ağlabatan layihə daxil olmayıb. Bu tipli hər hansı layihəyə dəstək verdiyimizi xatırlamıram. Əgər belə layihə olarsa, dəstək verməyə hazırıq.

- Yeri gəlmişkən, Azərbaycanda ermənilərlə heç nə olmamış kimi bu və ya digər layihələrin icrasına cəlb olunan bir qrup təşkilatlar hansılardır?

- Leyla Yunus başla olmaqla bəzi təşkilatlar var ki, Ermənistana Azərbaycana heç bir xeyri olmayan, bir çox hallarda ziyan vuran səfərlər edib, birgə layihələrdə iştirak ediblər.

- Arzu Abdullayeva da o sıraya daxildir?

- Əvvəllər Arzu Abdullayeva da, bəzi təşkilatlar da olub. Mən onların hamısının adlarını tam xatırlaya bilmirəm. Bu təşkilatlar ermənilərlə, Ermənistanla əməkdaşlıq edən zaman unutmamalıdırlar ki, onlar öz ölkəsini işğal etmiş dövlətlə heç nə olmamış kimi əlaqələr qururlarsa, hər hansı bir layihədə iştirak edirlərsə, işğalı unudurlarsa, işğalla bağlı bir kəlmə də söz demirlərsə, onlar ən yumşaq desək, Ermənistana, Ermənistanın ümumi şəkildə Azərbaycana qarşı apardığı siyasətə xidmət etmiş olurlar.

- Bu təşkilatların layihələrində donor qismində hansı təşkilatlar iştirak edirlər?

- Bunlar Azərbaycanda hər hansı bir ümumi əhəmiyyət kəsb edən layihələrə diqqət ayırmayan, xüsusilə Azərbaycanın inkişafına yönəlik, ölkədə vətəndaş cəmiyyətinin güclənməsinə yönəlik hər hansı təşəbbüsə dəstək verməyən beynəlxalq qurumlar, ayrı-ayrı fondlardır. Bəzən görürsən ki, bu fondların təsisçiləri, yaxud onları maliyyələşdirən şəxslər arasında kifayət qədər erməni var. Bəzən görürsən ki, ermənilərin birbaşa təsis etdikləri fondlar var ki, bu layihələrə dəstək verirlər. O baxımdan da kimlərin bu layihələri dəstəklədiyi, hansı formada maliyyə ayırdıqları və bu QHT təmsilçilərinin kimlərin xətti və hansı məqsədlə Ermənistana getdikləri araşdırılmalıdır. Həm QHT-lərin kimliyi, həm donorların kimliyi açıqlanan vəziyyət ictimaiyyətə tam şəkildə bəlli olacaq.

- Belə başa düşmək olar ki, Ermənistanla bağlı layihə həyata keçirən Azərbaycan QHT-lərinin qrant müqavilələri Azərbaycanda qeydiyyatdan keçməyib, ona görə də bu QHT-lərin adları, onların layihələrini maliyyələşdirən donorların adları məlum deyil, Siz də məlumatsızsınız.

- Bu layihələrin çoxu qeydiyyata alınmır, bir qisim layihələr də bir neçə il əvvəl həyata keçirilib. Azərbaycan qanunvericiliyinə son əlavə və dəyişikliklər artıq bu adamların, bu təşkilatların meydanını kifayət qədər daraldıb. Çünki onlar artıq bundan sonra şəffaf işləməyə, fəaliyyətləri haqqında məlumatı həm dövlətə, həm ictimaiyyətə çatdırmağa məcbur olacaqlar. Artıq bu cür qara, gizli gündəliyi olan həm yerli, həm xarici təşkilatların meydanı kifayət qədər daralacaq. İndiki halda onların fəaliyyətini təqib etmək daha asandır. Təəssüf ki, bu cür layihələrin çoxu qanun qəbul edilməmişdən əvvəl həyata keçirilib, ona görə də onları tam şəkildə aşkar etmək mümkün deyil.