“Erkən nikah, qız uşağını oxutmamaq cahillikdir” Müsahibə

“Erkən nikah, qız uşağını oxutmamaq cahillikdir”

Sədaqət Qəhrəmanova: "Bizdə ailə qurmaq mədəniyyəti kimi, boşanma mədəniyyəti də çox aşağı səviyyədədir"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın APA-ya müsahibəsi

- Sədaqət xanım, qadınların hazırda ailədə, cəmiyyətdə tutduğu mövqeni necə dəyərləndirirsiniz?
- Qadın mövzusu həmişə aktual olub. Çünki qadın cəmiyyəti formalaşdıran varlıqdır. Qadınlar öz hüquqları uğrunda yüz il bundan əvvəl də, bu gün də mübarizə aparıblar. Həmin bu mübarizələrdən çıxmış xanımlar bu gün öz hüquqlarına nail ola bilblərmi, onların bugünkü mövqeyi bizim özümüzü, dövləti qane edirmi? Təbii ki, yox. Doğrudur, böyük nailiyyətlər əldə olunub. Bu gün kişilərlə bərabər qadınlar demək olar ki, cəmiyyətin bütün sferalarında təmsil olunurlar. Amma bununla bərabər hələ biz istədiyimiz gender bərabərliyinə nail ola bilməmişik. Statistikaya nəzər salsaq görərik ki, dövlətin idarə olunmasında, qərar qəbul etmədə və müxtəlif sahələrdə hələ də qadınların təmsilçilik faizi qənaətbəxş deyil.
- Qadınlar Komitəyə əsasən hansı problemlərlə bağlı müraciət edirlər?
- Demək olar ki, hər bir müraciət hüquq pozuntusu ilə bağlıdır. Həmin problemlərin içərisində boşanmış qadınların üzləşdiyi problemlər üstünlük təşkil edir. Bir il tamam olmamış dağılan ailələr var. Biz də araşdırırıq ki, bu problemlər hansı səbəbdən yarana bilər. Əlbəttə, səbəblər müxtəlifdir. Məsələn, erkən nikahda düşünürük ki, qız günahsızdır, onun valideynləri bunu edib. Amma qeyri-rəsmi nikah quranlar isə artıq həddi-büluğa çatmış, bir çox hallarda da ali təhsil almış xanımlar olur. Biz hesab edirik ki, ali təhsilli insan cəmiyyəti daha yaxş dərk edir, atdığı addımlar daha mükəmməldir. Amma təəssüflər olsun ki, təkcə diplom almaqla insan şüuru tam formalaşmır.
- Deməli özü ilə bərabər ailəsində və ya düşdüyü mühitdə də çatışmazlıqlar var.
- Hər şey ailədən başlayır, özül orada qoyulur. Ailənin özünün təməli düzgün qoyulmalıdır. Biz oğlanlar arasında maarifləndirmə tədbirləri həyata keçirəndə onlardan soruşuruq səni sevməyən qızla necə ailə qura və ya onu zorla qaçıra bilərsən? Ona görə də, bir ili başa vura bilməmiş gənclərin ailələri dağılır. Əgər bir-birini anlamayan insanlar uzun müddət bir yerdə yaşayırlarsa, o zaman da onların övladları bundan əziyyət çəkir və cəmiyyəti tam dərk edə bilmir. Tək-tək insan ailəsində olan qarışıqlıqdan baş çıxarıb, özünə doğru yol seçə bilir. Komitəyə məişət zorakılığı ilə bağlı edilən müraciətlərin içərisində qayınana, gəlin, baldız, qayın, gəlinin qohumları arasında olan münaqişələr də çoxluq təşkil edir. Qadınların bu cür bir-birinə olan münasibəti başa düşülən deyil. Biz deyirik ki, kişilər qadınlara qarşı zorakılıq edir. O kişiləri də biz zorakı formalaşdırırıq. Çünki əgər qayınana özü oğluna gəlinini döydürürsə, o oğulu o cür zorakı yetişdirirsə, oğul da elə bilir ki, bu belə olmalıdır, kişi qadını döyməlidir.
- Məişət zorakılığı deyəndə insanların ağlına ilk olaraq kişinin qadını döyməsi gəlir. Qadınlar arasında olan münasibət özü də elə məişət zorakılığı deyilmi?
- Əlbəttə, məişət zorakılığı təkcə bu deyil axı. Ümumiyyətlə, məişət zorakılığı daha çox psixoloji və mənəvi zorakılıqdır. Çünki fiziki zorakılıq onun sonrakı fəsadlarıdır. Məişət zorakılığı deyəndə təkcə qadına olan zorakılıq başa düşülməməlidir. Sadəcə olaraq, daha çox qadınların hüquqları pozulur, daha çox qadına qarşı zorakılıq tətbiq olunur. Bir qadının təhsilli olmağına baxmayaraq hüquqları pozulursa, ona işləməyə icazə vermirlərsə, evdə də ona müəyyən qadağalar qoyulursa, bu da məişət zorakılığıdır. Bu günkü inkişaf edən cəmiyyətdə bir insanı məngənədə saxlamaq olarmı? Bunun sonunda da, mütləq partlayış olur. Ailədə olan doğru-düzgün münasibətlər heç vaxt hüquq pozuntusuna gətirib çıxara bilməz.
- Bəs kişilər necə hansısa ailədaxili problemə görə Komitəyə üz tuturmu?
- Əlbəttə, ailədə kişilərin də hüququ pozulur. Kişilər boşanmadan sonra ananın uşaqları atalarına göstərməməsi ilə bağlı bizə müraciət edirlər. Qadınlar buna normal baxmalıdırlar. Birinci onlar təkcə keçmiş həyat yoldaşlarına yox, uşaqlarına qarşı da zorakılıq tətbiq edirlər. İndi məişət zorakılığından əziyyət çəkənlər üçün mərkəzlər yaranır. Artıq zorakılığa məruz qalan insanlara qayğı göstərə bilmək üçün 7 Qeyri Hökumət Təşkilatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində akkreditasiyadan keçiblər.
- Azərbaycan qadının üzərinə düşən ən böyük vəzifələrdən biri də övlad böyütməkdir. Sizcə onlar öz fikrini sərbəst ifadə edən, arzu və istəklərini çəkinmədən söyləyən vətəndaşlar yetişdirə bilirmi? Sizə elə gəlmirmi bu gün Azərbaycan qadını sadaladığım keyfiyyətlərə malik övlad böyütməkdən çox, bir evə gəlin, bir ailəyə ər böyüdür.
- Bu bir stereotipdir. Ailələrdə qız uşağına ancaq ərə getmək üçün yaranıbmış kimi baxılır. Amma çox təəssüflər olsun ki, bu gün analar qızlarını heç ərə getmək üçün də doğru-düzgün hazırlamırlar. Zamanında analar qızlarına ədəb-ərkan qaydalarını öyrədirdilər. İndi isə nə ədəb-ərkan qaydalarını öyrədirlər, nə də doğru-düzgün təhsil verə bilirlər. 15 yaşında qızı ərə verirlər. Bu yaşda qız ailənin nə olduğunu əlbəttə ki, bilmir. Erkən nikah, qız uşağını oxutmamaq cahillikdir. Qız uşağının ali təhsilini yarımçıq qoyub onu ərə vermək böyük faciədir. Hələ cəmiyyətimizdə bu kimi neqativliklər var. O qədər zəngin ailələr var ki, onlar da qızlarını erkən yaşda ərə verirlər. Yəni bu təkcə kasıbçılıqdan deyil, burada başqa faktorlar da rol oynayır.
- Bu gün boşananların da, əcnəbi vətəndaşlarla ailə quranların da sayı artıb. Daha çox qızlar əcnəbilərlə ailə qururlar. Hər halda Komitə bunların da səbəbləri araşdırır. Niyə qızlar daha çox əcnəbilərlə ailə qurur? Boşanmalara səbəb kimi hansı problemlər göstərilir?
- Qurulan ailənin təməli möhkəm olmadığı üçün boşanmalar artır. Doğru-düzgün seçim olmur. Daha çox madiyyata üstünlük verirlər, imkanlı ailənin övladlarına meyllilik yaranıb. İnsanlar bu cür məkrli niyyətlərlə ailə qurmamalıdırlar. Belə olanda təbii ki, sonda da həmin ailələrin aqibətləri yaxşı olmur. Daha çox sərbəst olmaq istəyən qız hesab edir ki, mən əgər əcnəbi ilə ailə quraramsa daha azad, müasir olaram. Bu kimi düşüncələrlə ailə qururlar. Əcnəbi ilə qurulan ailələrdə də boşanmalar baş verə bilir. Türkiyəyə ərə gedən qızlarımız var ki, onların valideynləri bizə müraciət edir. Bildirirlər ki, qızları orda ağır vəziyyətdədir. Çox təəssüf ki, hələ də bu düşüncə, bu təfəkkür bizim qızlarımızda var. Onlar avropalaşmaq eşqi ilə əcnəbi ərlər axtarırlar.
- Bu gün erkən və qeyri-rəsmi nikahlar da cəmiyyətimizin vacib problemidir. Komitə bununla bağlı müvafiq işlər aparırmı?
- 2006-cı ildən Komitə yarandığı zamandakı vəziyyətlə indiki vəziyyəti müqayisə etdikdə ən çox Cənub zonası erkən nikahda adı hallanan zona idi. Bu gün isə o hallara tək-tək rast gəlirik. Təsəvvür edin, Lerikin kəndindən bizə bir qadın zəng vurur və deyir ki, burada erkən yaşda bir qızı ərə verirlər xahiş edirəm məlumatınız olsun, tədbir görəsiniz. Yəni artıq bu maarifləndirmənin nəticəsidir ki, insanlar özləri bizə müraciət edirlər. Elə olur ki, məktəbli qızın sinif yoldaşları bizə müraciət edirlər. Bu cür müraciətlərdən sonra nə qədər belə məsələlərin qarşısı alınıb. İnsanlar da artıq tam qətiyyətlə buna nəzarət olduğunu anlayırlar. Eyni zamanda məcburi nikaha görə də cinayət məcəlləsində də maddələr var ki, belə insanları cəzalandırırlar. Qızların ərə getmək yaşının 17-dən 18-ə qaldırılması da erkən nikahların qarşısının alınmasına müsbət təsir edib. Biz bunu tez-tez deyirik ki, insanlar qanunları bilsinlər.
- Sizcə, niyə cəmiyyətdə "qadına çox sərbəstlik vermək olmaz" düşüncəsi var?
- Bu yanlış fikirdir. Psixologiyada belə bir şey var ki, insana nəyi daha çox qadağa edirsənsə, o ona can atır. Əksinə ona etibar etsən, müstəqil qərar qəbul etmək imkanları versən, o özünü ailədə daha xoşbəxt hiss edəcək və onu kənar şeylər maraqlandırmayacaq. Yox əgər onun bütün hüquqları pozulacaqsa, hər şeyə qadağa qoyulacaqsa o daima azad olmağa çalışacaq. Və o azad olmaq istəyinin nəticəsi də heç də yaxşı olmur. Bu gün cəmiyyətimizdə psixoloq faktoru çox vacibdir. İnsanlar arasında aqressivlik günbəgün çoxalır. Elə bil ki, insanların bir-birinə qarşı olan mərhəmət hissi azalır. Məktəblərdə psixoloqlar var, amma bu psixoloqun işini daha mükəmməlləşdirmək lazımdır. Bu istiqamətdə işimizi gücləndirməliyik.
- Bu gün ailədaxili münasibətlərdə cinayət halları çoxalıb. Və bu cinayətlərin qurbanları daha çox qadınlar olur. Səbəb kimi də çox vaxt namus məsələsi göstərilir...
- Əvvəlcə onu deyim ki, televiziyalarımızda bu kimi neqativliklərin qabardılaraq yayımlanmasının əleyhinəyəm. Bununla insanlara psixoloji təsirlər olur. Bayaq da söylədim, insana çox qadağalar qoyanda o hər şeyə can ata bilər. Amma bir kişi qısqanclığı da var axı. Qadından daha çox kişilər qısqanc olur. Belə bir ifadə var - "xain xoflu olar". Onlar özləri o qədər əyri yol gedirlər ki, hesab edirlər ki, xanımları elə bir balaca bundan kənara baxdısa, deməli bunun beynində nəsə başqa fikirlər yaranıb. Əgər qadın yanlış yola gedirsə, günah kişidədir. Deməli, sən buna yaxşı ərlik edə bilmirsən, ona görə də o qadın özünə tərəfdaş axtarır. Əgər iki tərəf bir-birini sevib, etibar edirsə, heç bir qadın, eyni ilə də heç bir kişi yanlış addım atmaz.
- Bu gün qadınların üzləşdiyi problemlərdən biri də boşandıqdan sonra keçmiş həyat yoldaşlarının təqibindən qurtula bilməmələridir. Hər halda bu da bir stereotipdir. Kişilər arasında maarifləndirmə apararkən bununla bağlı söhbətləriniz olurmu?
- Çox təəssüflər olsun ki, bizdə ailə qurma mədəniyyəti aşağı olduğu üçün, boşanma mədəniyyəti də çox aşağı səviyyədədir. Boşanmaq normal bir prosesdir. İki insan bir-biri ilə yola gedə bilmirsə, bunlar bir-birini məhv etməkdənsə, ayrılmaları daha məqsədəuyğundur. Boşanma prosesi sivil formada getməlidir. Amma çox təəssüflər olsun ki, bu gün boşanma baş verirsə hər iki tərəf bir-birinə düşmən kəsilir. İki nəsil bir-biri ilə müharibəyə başlayır. Bu da cahillikdən, mədəniyyətin aşağı olmasından irəli gəlir. Artıq ayrılandan sonra onların hər ikisi müstəqil insanlar olur və yenidən ailə də qura bilərlər, amma düşmənə çevrilmək olmaz.