“Yuğ” öz yaradıcı yanaşması ilə digər teatrlardan hər zaman fərqlənib” Müsahibə

“Yuğ” öz yaradıcı yanaşması ilə digər teatrlardan hər zaman fərqlənib”

Azərbaycan Dövlət "Yuğ" Teatrının rəhbəri Tərlan Rəsulov 29-cu mövsümün açılışı ərəfəsində AZƏRTAC-ın müxbirinə müsahibəsində mədəniyyət ocağının planları, kollektivin son nailiyyətləri və digər məsələlər barədə fikirlərini bölüşüb. AZƏRTAC həmin müsahibəni təqdim edir:
- Tərlan müəllim, gələcək planlarınız barədə məlumat verərdiniz. Bu mövsümdə tamaşaçıları maraqlı nə gözləyir?
- Bildiyiniz kimi, sentyabrın 20-də "Yuğ" teatrı yeni mövsümü açacaq və həmin gün biz tamaşaçılara Kamal Abdullanın "Bir, iki – bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşasını təqdim edəcəyik. Əminəm ki, tamaşaçılar bu əsəri layiqincə qiymətləndirəcək. Qarşıdakı işlərə gəldikdə isə deyə bilərəm ki, hazırda biz "Quş dili" tamaşası üzərində səylə işləyirik. Tamaşanın quruluşçu rejissoru teatrın sabiq əməkdaşı Əbdülqəni Əliyevdir. Düşünürəm ki, birgə işimizin nəticəsi tamaşaçılara yaxın vaxtlarda təqdim ediləcək. Kollektiv, həmçinin beynəlxalq festivallarda, konfranslarda iştirak etmək niyyətindədir.
Xatırladım ki, biz avqustun 24-dən 28-dək Aktauda (Qazaxıstan) keçirilən Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak etdik. Münsiflər heyətinin qərarı ilə bizim "Medeya. Sekvensiya 01" tamaşamız "Xəzər Renessansı" nominasiyası üzrə qalib elan edilib. Tamaşanın rejissoru Mikayıl Mikayılov və səhnə əsərində çıxış edən Əməkdar Artist Gülzar Qurbanova tanınmış türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə TÜRKSOY-un medalına layiq görülüblər. İddialarımız böyükdür, planlarımız çoxdur, lakin fikirləşdiklərimizi nə dərəcədə reallaşdıra biləcəyimizi zaman göstərəcək.
- Sizcə, "Yuğ" Azərbaycanın digər teatrlarından nə ilə fərqlənir? Onu unikal edən nədir?
- Bizim teatrımızın özünəməxsus cəhətlərindən istənilən qədər danışmaq olar. İlk növbədə xatırlatmaq istəyirəm ki, bizim bu qeyri-adi, özünəməxsus teatrımız 1989-cu il oktyabrın 18-də məşhur rejissor Vaqif İbrahimoğlu tərəfindən yaradılıb. O, Mixail Çexov, Yeji Qratovski kimi aparıcı teatr xadimlərinin yaradıcılığından ilhamlanmışdı.
1992-ci ildə teatr dövlət statusunu alıb. İşə yanaşma tərzinə görə "Yuğ" Azərbaycanın digər teatrlarından hər zaman fərqlənib. Teatrın konsepsiyası "psixosofiya" anlayışına əsaslanır. Burada cəsarətli rejissor ideyaları, aktyor və tamaşaçılar arasında emosional qarşılıqlı əlaqələr həlledici rol oynayır. Hər aktyor tamaşaçıya öz "Mən"ini təqdim edir. Buna görə də biz ya özümüz mətn yazırıq, ya da digər müəlliflərin əsərlərini öz formatımızda adaptasiya edirik. Düşünürəm ki, Qafqazda ikinci bu cür teatr yoxdur. Teatrımızın hər bir əməkdaşı öz işinə çox məsuliyyətlə yanaşır. Bütün yaradıcı insanlar, mahiyyət etibarilə mürəkkəb özünəməxsus şəxsiyyətlərdir. Kollektivimizdə bəzən anlaşılmazlıq yaransa da, biz istənilən halda ümumi məqsədləri və uzaqgörən planları ilə möhkəm ailə olaraq qalırıq.