“Azərbaycana qarşı haqsız hücumlar həmişə olacaq” Müsahibə

“Azərbaycana qarşı haqsız hücumlar həmişə olacaq”

Rafael Cəbrayılov: "Belə bir reallıqda, xüsusilə Avropanın Azərbaycana Olimpiya Oyunlarını keçirməyə gəldiyi bir vaxtda Qərbin ölkəmizə qarşı hansı sanksiyalar tətbiq etməyindən söhbət gedə bilər?!"

Milli Məclisin (MM) deputatı Rafael Cəbrayılovun Gün.Az-a müsahibəsi


- Rafael müəllim, son vaxtlar yenidən ABŞ və Qərbdəki bəzi dairələr, xüsusilə, Devid Kramer və Riçard Kozlariç tərəfindən Azərbaycana qarşı insan hüquqları və demokratiya məsələləri ilə bağlı sanksiya çağırışları, tələbləri mütəmadi xarakter daşımaqdadır.
Sizcə, bu sanksiya çağırışları, tələbləri nə qədər əsaslıdır?

- Bu, bir həqiqətdir ki, Azərbaycanın davamlı inkişafı bir çox beynəlxalq siyasi qüvvələrin, dairələrin ürəyincə deyil. Postsovet məkanına baxsanız, oradakı respublikaların içərisində ən sürətlə inkişaf edən Azərbaycandır. Bu baxımdan, çoxlu sayda dövlətlər var ki, onlar Azərbaycanı bir vassal dövlət simasında görməkdən "daha məmnun" olanlardır. Eyni zamanda, bu, heç kim üçün sirr deyil ki, bütün dünyada nüfuz dairəsi uğrunda bir mübarizə gedir. Qeyd edək ki, bu mübarizə ötən əsrin 80-ci illərinin sonlarına kimi də gedirdi, o zamanlar daha çox sosialist düşərgəsi ilə kapitalist düşərgəsi arasında nüfuz dairəsi uğrunda ciddi mübarizə mövcud idi. Bu da müxtəlif səpkili - soyuq müharibədən tutmuş ideoloji müharibəyə qədər davam edən bir müharibə, bir mübarizə idi. Amma bu gün tamamilə başqa bir mənzərədir...

- Yəni, hesab edirsiniz ki, bu, Azərbaycana qarşı tətbiq olunan ikili standartların bir təzahür formasıdır...

- Tamamilə, razıyam. Əslində bütün parametrlər üzrə hesab edirəm ki, Azərbaycan ona demokratiya öyrətmək istəyən ölkələrin hamısından qabaqdadır. Polislə bağlı baxın bu gün Amerikada nələr baş verir, Azərbaycanda nələr baş verir... Baxın, bu Xədicə İsmayılla, bu Leyla Yunusla bağlı hansı təşkilatlar daha hansı bəyanatlar vermədi... Amerikada qaradərili insanla polis-vətəndaş münasibətləri baxın görün nə yerdədir... Fransanın özündə görün nə qədər problemlər var... Keçmiş prezident Nikola Sarkozinin vaxtından nə qədər qaraçı Fransadan deportasiya olundu. Hətta, 3 yaşında uşağa – ölmüş uşağa dəfn olunmağa yer vermirdilər və sair. İndi belə olan halda, Avropa Parlamenti Azərbaycana qarşı nəsə bir sənəd qəbul etsin, yaxud hansısa "təşkilat" guya bir rəy sorğusu keçirsin, guya nə bilim qeyri-hökumət təşkilatlarının qəbul etdikləri hesabatlara baxsınlar və onun əsasında ölkədəki vəziyyət haqqında hansısa "hesabat" hazırlasınlar, biz artıq bunlara çoxdan alışmışıq, öyrəşmişik. Hətta, inanın ki, Azərbaycanda baş verən hadisələri obyektiv işıqlandırsalar belə, şəxsən mən buna artıq təəccüblənərəm. Çünki Avropada, Qərbdə hazırda üzdə olan təşkilatların heç biri Azərbaycanla bağlı heç bir obyektiv məlumat vermir. Onlar Azərbaycanı sadəcə, özləri necə arzulayırlarsa, necə görmək istəyirlərsə, o cür də dillərinə gətirirlər. Amma bu gün Azərbaycanın istədiyi yalnız odur ki, obyektiv həqiqəti görsünlər, obyektiv həqiqəti bilsinlər...

- Bir hüquqşünas kimi, necə hesab edirsiniz, bu sanksiya tələbləri, çağırışları nə vaxtsa sözdən konkret işə, əməli addıma keçə bilərmi? Yəni, sanksiyalar hansı formada gerçəkləşə, tətbiq oluna bilər?

- Mən düşünmürəm ki, Azərbaycana qarşı belə sanksiyalar reallaşar və ya reallaşsın. Özü də ki, istər Avropanın, istərsə də dünyanın hazırkı düzənində, hazırkı qüvvələr nisbətində belə bir məsələnin olması real deyil. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyi probleminin həllində artıq özünə tutarlı bir mövqe qazanmış bir dövlətdir və bu mövqeni daha da möhkəmləndirməkdə davam edir. Bundan əlavə, məlum son qaz layihələrinin imzalanması özü bu mövqeyi daha da möhkəmləndirir. Həmçinin, qarşıdan Birinci Avropa Olimpiya Oyunlarının gəldiyi bir vaxtda, bir ildə Qərbin Azərbaycana qarşı belə bir addım atması real görünmür. Düşünürəm ki, bu, absurddur və sağlam bir məntiqə sığmayan bir məsələdir. Bu, Azərbaycanı istəməyən qüvvələrin ortaya atdığı söz oyunundan, söz təhlükəsi yaratmaqdan başqa bir şey deyil.

- Sizcə, demokratiya və insan hüquqları məsələlərində Azərbaycan ABŞ başda olmaqla, bütövlükdə Qərbin bütün istəklərini yerinə yetirsə, ölkəmizə qarşı ikili standartlar, sanksiya çağırışları, ittihamedici bəyanatlar dayana bilərmi, dayanacaqmı?

- İndiki reallıqda və ümumilikdə Azərbaycana qarşı belə ittihamların, belə hücumların aradan qalxacağını düşünmək düzgün olmaz. Hətta, Azərbaycan tərəfindən daha hansı bir addım atılsın ki, bu hücumlar olmasın, bunu düşünməyin özü sadəlövhlük olar. Azərbaycana qarşı belə hücumlar həmişə olacaq. Bilirsiniz, qabaqda gedən, uğur qazanan, istər fiziki şəxs olsun, istər hər hansı bir dövlət olsun, buna qarşı paxıllıq hissindən tutmuş qısqanclıq, hətta, düşmənçilik hissinə qədər o qədər hisslər sərgilənir ki, indi bunların olmayacağını, arxadan qalxacağını ağla gətirmək belə mümkün deyil.
Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir, belə demək mümkünsə, dünyanın gərəkli bir dövlətinə çevrilir. Bunu istəməyən qüvvələr də çoxdur, Allaha şükür ki, özümüz də bilirik ki, hansı düşmənlərimiz var, bizi istəməyənlər kimlərdir... Bundan başqa, Azərbaycan mənafelərin toqquşduğu bir məkanda yerləşir. Buna görə Azərbaycana qarşı bu cür qeyri-obyektiv mövqelərin sərgilənməsi həmişə olacaq. Düşünmürəm ki, nə vaxtsa, Azərbaycan üçün hər şey çox hamar olacaq və ya Azərbaycana əsassız hücumlar, qondarma hesabatlar olmayacaq. Mən bunu düşünmürəm. Çünki bu, olmayacaq.

- Bunların kökündə İslam-din, milli kimlik-Türk amili dayanmır ki?

- Mən bu dərəcədə təfərrüatına varmaq, bunun səbəbləri üzərində dayanmaq istəmirəm. Bunu xristian-müsəlman faktoruna bölərək, istəməzdim bildirim ki, bu mövqenin, bu münasibətin kökündə din amili, etnik amil durur. Amma əlbəttə, biz əgər fundamental şəkildə bunun səbəblərini araşdırsaq, görərik ki, həm istər etnik amil, istər din amili bunun kökündə dayanır. Amma bu şəkildə dərinə getmədən, bu "münasibətə" xələl gətirmədən, sadəcə, demək istəyirəm ki, Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində özünə mövqe qazanmış bir dövlətdir. Bu mövqe günü-gündən də genişləndirir. Görün Azərbaycan neçə transmilli layihələrdə yaxından iştirak edir və sair. Odur ki, belə bir reallıqda, xüsusilə, Avropanın Azərbaycana Olimpiya Oyunlarını keçirməyə gəldiyi bir vaxtda Qərbin ölkəmizə qarşı hansı sanksiyalar tətbiq etməsindən söhbət gedə bilər?! Bir daha deyirəm ki, bunlar söz oyunundan başqa bir şey deyil.