Qırğız ədəbiyyatı - 2-ci yazı Ədəbiyyat

Qırğız ədəbiyyatı - 2-ci yazı

Türk mədəni-tarixi inkişaf xəttinin layiqli davamçısı olan, əsərlərində mənsub olduğu xalqın keçmiş və bu günkü reallıqlarını yüksək səviyyədə əks etdirən sənətkarlardan biri də dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovdur. Onun yaradıcılığı mənsub olduğu xalqa bağlılıq və sədaqəti timsalında onun “təpədən dırnağa qədər qırğız” (B.Vahabzadə) hesab olunması, əslində yazıçının ümumtürk və dünya ədəbiyyatı xəttində yerinin məhdudlaşmasından çox, elə bu xətdə sənətkarın adının əbədiləşdirilməsini təsdiqləyir. Çünki Ç.Aytmatov dünyaya ərazisi və əhalisi kiçik, lakin tarixi və mədəniyyətinin qədimliyinə görə haqqı böyük olan qırğız elindən baxmaqla bir xalqın timsalında dünya ədəbi-bədii fikrinin zirvəyə yüksəlməsini təmin edib. Ona görə də böyük qələm sahibinin mövzu və ideyasından asılı olmayaraq, hər bir əsəri dünya ədəbiyyatında yeni bir ədəbi hadisəyə çevrilir.
Ç.Aytmatovun Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət mükafatı laureatı və s. fəxri adlara layiq görülməsi onun daxilən qəbul etmədiyi və xidmət göstərə bilmədiyi o vaxtkı ideologiya və si-yasətin başında duranların məhdud sərhədləri aşıb dünya ədəbi-bədii fikir tarixində özünə layiqli yer tutan sənətkar istedadının məcburi və danışıqsız qiymətləndirilməsindən irəli gəlirdi.
Ç.Aytmatov yaradıcılığı dünya ədəbiyyatında ümumi səciyyə daşısa da, bu sənət özünün spesifikasına, fərdiliyinə və s. xüsusiyyətlərinə görə daha çox fərqlənir. Yazıçının sənəti sadədir. Adi həyat hadisələrinə, bu hadisələrin sadəliklərinə fəlsəfi münasibət, zirvədən müşahidə etmək və daxilə enmək bacarığı Aytmatov sənəti üçün xarakterikdir. Ç.Aytmatov sənət və xalq qarşısında həmişə məsuliyyəti ilə seçilir. Bu da təsadüfi deyildir. Yazılarının birində bunun səbəblərini o, belə açıqlayır: “İnsanlar mənə onların adından danışmaq hüququ veriblər, mən də bütün həyatım boyu sübut etməliyəm ki, onlar yanılmayıblar”. Yazıçı istər tarixi, istərsə də müasir mövzulu əsərlərində insan taleyinə, insan maraqlarına geniş yer verir. Və bu maraqları daha çox bəşəri ideallara uyğunlaşdırır, diqqəti qeyri-insani, qeyri-bəşəri ehtiraslarla, əsl insan maraqlarının üz-üzə dayanması və toqquşmasına yönəldir, bu situa-siyada mənanı açıqlayır. Onun yaradıcılığı üçün məqbul və səciyyəvi olan bu vəziyyətdə təsvir olunan hər hansı adi bir şey kəmiyyət və keyfiyyət etibarilə dəyişməyə məruz qalır. Müəllif öz idealı olan ob-razların, aşılamaq istədiyi ideyaların həm faciəsini, həm qələbəsini bu durumda çatdırır.
“Cəmilə” (1958) povesti böyük ədəbiyyata böyük sənətkarın gəlişini təsdiq etdi. Ç.Aytmatov “Cəmilə”ni real həyat hadisələri əsasında qələmə alıb. O, 1944-cü ildə gündüzlər dövlət işində çalışmaqla bərabər, gecələr sahələrdə kolxozçulara da kömək göstərib. Bu dövrdə Cəmilə və Daniyarı şəxsən görüb və onların sevgi macəralarına şahidlik edib. Yazılması ilə ədəbi aləmdə “partlayışa” səbəb olan bu əsərin mərkəzində o vaxtkı ədəbi-tənqidi məqalələrdə qeyd olunduğu kimi ailə-məişət qanunlarına zidd, qeyri-etik normaların təbliği dayanmırdı. Əksinə, “Cəmilə” povesti Lui Araqonun təbirincə desək “məhəbbət haqqında yazılmış ən gözəl əsər” kimi dünyanı heyran qoydu. Povestdə təhkiyəni 15 yaşlı yeniyetmə aparır. Bu gənc oğlan yazıçının prototipidir. Onun təhkiyəsində oxucu Cəmilənin kimliyi, həyata baxışı, Daniyarla olan münasibətləri və s. haqqında məlumat əldə edir. Əsər boyu bütün digər hadisə və əhvalatlar, başqa obrazların xarakteri də bu təhkiyələrdə açıqlanır.
Cəmilə dağların qoynuna sığınmış Bakair ailində yaşayan ilxıçı ailəsinin yeganə qızıdır. Baharda cıdır yarışında Cəmilə Sadıqa qalib gəlir. Sadıq da bu “məğlubiyyətinin” heyfini çıxmaq məqsədi ilə onu qaçırmış və onunla ailə qurmuşdu. Sonra müharibə başlayır. Sadiq müharibəyə gedir. Sadıq müharibəyə gedənə qədər onlar ər-arvad kimi cəmi 4 ay birgə yaşayırlar. Əsərdə Cəmilənin Sadıqla sonrakı əlaqəsi ancaq cəbhə məktubları “üzərində qurulur.”
Povestdə təhkiyə vasitəsilə biz onun təkcə həyatı yox, həm də xarakteri haqqında da ətraflı məlumat əldə edirik. Cəmilə ilk növbədə səmimi və ədalətli olması ilə tanınır. O, böyüklərə hörmətlə yanaşır. Ürəyindəki sözü açıq deməyi daha çox xoşlayır. Mahnı oxumağı sevdiyi üçün, hətta evdə böyüklərin də yanında mahnı zümzümə etməkdən çəkinmir. Lakin onun açıq-saçıq danışması, yeri gəldi-gəlmədi ucadan gülməsi, həyətdə hoppanıb gəzişməsi, qayınata və qayınanasını birdən-birə öpməyə başlaması və s. xasiyyətləri qayınanasının ürəyindən deyildi. Ancaq müəllif bu cür “etiraz və barışmazlığı” qayınana ilə gəlin arasında konfliktə çevirmir. Yazıçı Cəmiləni təqdim olunan xasiyyəti ilə “ailədən kənara çıxarır.”
Cəmilənin Daniyarla ilk tanışlığından tutmuş, öz səadətlərinə qovuşmaq arzusu ilə bir-birinin əlindən tutub Kurkurey çayını keçənə qədərki “həyatı” əsərin mərkəzi xəttində dayanır. Daniyarın həyat tarixçəsi ürək açan deyildir. Uşaqlıqdan yetim qalmış Daniyarı tale “oyuncaq topu kimi bu başdan o başa atmışdır”. O, müharibə zamanı yaralanıb şikəst halda qırğız elinə qayıtmışdı. Onun at arabasında stansiyaya Cəmilə ilə birlikdə yük daşımağa başlaması həyatının “yeni dövrü”nü təşkil edir. Daniyar onun ərköyün danışıq və rəftarında özünə qarşı məhəbbət hiss edir. Bu məhəbbətdən Cəmilə də öz pa-yını “hissə-hissə” götürür.
Kənddə demək olar ki, heç kimin “diqqətini çəkməyən”, heç kimin bəyənmədiyi Daniyarla Cəmilə arasında heç kimin və ilk əvvəllər isə özlərinin də xəbəri olmadan sevgi münasibətləri başlayır. Cəmiləni əksər kənd adamlarının nəzərində “bir şineli, bir də yırtıq çəkmələri olan”, “əsli-nəcabəti olmayan”, “avara Daniyara” bağlayan hisslər isə əsl insani və saf sevgi duyğularıdır. Yazıçı bu düşüncə və yanaşma fərqi ilə Cəmiləni yaşadığı mühitin, arasında olduğu insanların fövqündə saxlayır.Sonda adət-ənənəyə qarşı çıxıb Daniyarla getsə də, yazıçı Cəmilənin Daniyara qoşulub getməsi ilə məhəbbətin müqəddəs gücünü ilahiləşdirir və bu qərarında ona haqq qazandırır: “Sən, Cəmiləm, arxana baxmadan geniş çöllə getdin. Bəlkə sən yorulmusan, bəlkə özünə inamı itirmisən? Daniyara sığın! Qoy o, sevgi haqqında, torpaq haqqında, həyat haqqındakı mahnısını sənə oxusun. Qoy çöllər rəngdən-rəngə düşsün, dalğalansın! Qoy o avqust gecəsi yadına düşsün! Get, Cəmilə, peşman olma, sən öz çətin səadətini tapmısan”.
”Köşək gözü” (1960) povesti “Sovetskaya Kirqiziya” qəzetində (1960) əvvəlcə “Zoloto” ,”Novıy mir” jurnalında isə (1961) “Köşək gözü” adı ilə çap olunmuşdur. Müəllif bu əsərdə sovet həyat tərzinin boşluq və eybəcərliklərini tənqid edir. Belə ki, texnikumu bitirdikdən sonra Anarxay kəndinə böyük arzularla işləməyə gələn Kamal ilk günlərdən problemlərlə üzləşir. Çünki o, müəlliminin ona öyrətdikləri ilə sovet ideologiyasının yerlərdəki yaratmış olduğu reallıqlar arasında böyük təzadlar olduğunu görür və buna qarşı barışmazlıq nümayiş etdirir. Amma rejimin və ideologiyanın güclü olması onun arzularının reallaşmasına mane olur.
“Ana tarla” povesti yazıçının bilavasitə canlı müşahidələri əsasında qələmə alınıb. Burada müharibə zamanı Çiydə kolxozunda yaşayan Tolqonayın başına gələn faciələrdən bəhs edilir. Tolqonay müharibənin həm mənəvi, həm də fiziki ağrılarını yaşayır. O, müharibədə ərini və uşaqlarını itirmişdir. Əri Suvankulun ölümü Tolqonayın mənəvi ağrılarına səbəb olur. Bu ağrı onun oğlanları Qasım, Mayselbek, Caynaq və gəlini Alimanın ölümləri ilə daha da şiddətlənir. Lakin Tolqonay nə qədər kədərli olsa da həyata nikbin baxır, nəvəsi Canpolada görə xoşbəxt gələcəyə ümidləri artır, yaşamaq və çalışmaq üçün yenidən həyata bağlanmağa özündə güc tapır. Yazıçı bu əsərdə torpağı obrazlaşdıraraq Torpaq və Ana dialoqunda böyük ümumiləşdirmələr aparıb, insanla təbiətin tale ortaqlığı məsələsini qabarda bilib, insanda həyat eşqinin yaranmasında bu rabitə və ortaqlığın mühüm rol oynadığını nəzərə çatdırıb. Buna görə də yazıçı əsərdə Tolqonayda yaşamaq ümidlərinin yaranmasını həm də bu ortaqlıqla bağlayıb: Torpaq varsa, xalq da var, torpaq yaşayırsa, xalq da yaşayır.
“Əlvida, Gülsarı” povesti 60-cı illər Ç.Aytmatov yaradıcılığının ən kamil nümunəsidir. Əsərdə insan və şəxsiyyət amili onun bütün milli özünəməxsusluğu ilə cəmiyyət müstəvisinə çıxarılıb. Ona görə də povestdə istər obrazlara, istərsə də hadisələrə münasibətdə sosial-psixoloji tərzin aparıcılığı üstünlük təşkil edir. “Əlvida, Gülsa- rı”nın bütün uğuru yazıçının hadisələrə insan və zaman kontekstində yanaşmasında üzə çıxır.
Əsər Tanabayla Gülsarının yoxuşa doğru gedişi ilə başlayır. Bu gedişdə müəllif obrazların baxışlarında, üz cizgilərində bir yorğunluq, bir inciklik, bir narazılıq əks etdirir. Yazıçı ilk dəqiqədən oxu¬cunu təsvir etdiyi səhnənin təsirinə salır. Oxucu obrazların düşdüyü vəziyyətin səbəbi ilə maraqlanır. Əslində təsvir olunan səhnə əsərin son hissəsidir. Yazıçı povestə bir növ sondan başlayır, daha doğrusu Ç.Aytmatov əsərdəki bütün hadisələrə Tanabayın yorğun-yorğun qalxdığı “yoxuşdan baxır”. Bu “baxışda” hər şey simvolik və realist təsvirdə əks etdirilir, bəzən paralellik, çox hallarda isə ikincinin üstünlüyü təsvir komponentlərində dərinləşir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor