“Münaqişənin Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzandığı xüsusi olaraq vurğulanacaq” Siyasət

“Münaqişənin Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzandığı xüsusi olaraq vurğulanacaq”

Bahar Muradova: "Bizim təklif etdiyimiz bənddə də bu məsələ açıq şəkildə qoyulub"

ATƏT Parlament Assambleyasının iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq qətnamə layihəsində "dondurulmuş" münaqişələrin həlli ilə bağlı hissədə Moldova (Dnestryanı), Gürcüstan (Cənubi Osetiya, Abxaziya), Ukrayna ilə yanaşı, Azərbaycan (Dağlıq Qarabağ) məsələsi də əksini tapıb. APA-nın ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın Siyasi Komitəsində müzakirə olunacaq qətnamə layihəsində isə "Cənubi Qafqazdakı münaqişələr" adlı hissə yer alıb. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova müzakirələr zamanı münaqişənin Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzandığını xüsusi olaraq vurğulayacaqlar: "Dağlıq Qarabağ münaqişəsinin sənəddə yer almasına qarşı təkliflərin olması barədə bizdə məlumat var və qətnamə layihələrinin müzakirələri zamanı bu, aydın məlum olacaq. Bizim təklif etdiyimiz bənddə də bu məsələ açıq şəkildə qoyulub. Bilirsiniz ki, indi Avropada aktual mövzu daha çox Ukrayna məsələsidir. Amma paradoksal hal olar ki, bu gün Ukraynadakı vəziyyəti təhlükəli hesab edib, onu müzakirə edələr, amma Dağlıq Qarabağla bağlı susalar".