BAXCP Əbülfəz Elçibəyi andı Siyasət

BAXCP Əbülfəz Elçibəyi andı

Qüdrət Həsənquliyev: "Əbülfəz Elçibəy fəaliyyətinin bütün dövrlərində, həm hakimiyyətdə, həm də müxalifətdə olduğu zaman xalqın və dövlətin mənafeyini hər şeydən üstün tutub, fədakarlıq nümayiş etdirib"

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər və partiyanın bir qrup fəalı Milli Azazdlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
Əbülfəz Elçibəyin işıqlı xatirəsinin heç zaman yaddaşlardan silinməyəcəyini bildirən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərindən söz açıb. BAXCP sədri qeyd edib ki, Əbülfəz Elçibəy fəaliyyətinin bütün dövrlərində, həm hakimiyyətdə, həm də müxalifətdə olduğu zaman xalqın və dövlətin mənafeyini hər şeydən üstün tutub, fədakarlıq nümayiş etdirib: "Elçibəy xalqımızın azad bir cəmiyyətdə yaşamasını, öz taleyinə özünün sahiblik etməsini arzulayırdı. Bu gün onun arzularının bir hissəsi gerçəkləşib. Mən Əbülfəz bəyin xalqımızın daha böyük hədəfləri ilə bağlı ideyalarının da həyata keçəcəyinə inanıram. Elçibəyin davamçıları olan bizlər onun ideyalarının, arzularının həyata keçməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ruhun şad olsun, bəy".