MSK və Avropa İttifaqının təşkilatçılığı ilə seminar keçirilir Siyasət

MSK və Avropa İttifaqının təşkilatçılığı ilə seminar keçirilir

Toralf Pilts: "Demokratik seçkilər demokratiyanın əsaslarından biridir"


Dünən Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə seçkilərə dair müraciətlərə həsr olunmuş seminar keçirilir.
Dairə seçki komissiyalarının nəzdində yaradılan ekspert qruplarının üzvləri üçün təşkil edilən seminar 3 gün davam edəcək.
MSK sədrinin müavini Natiq Məmmədov tədbirdə deyib ki, Azərbaycan sovet məkanından, avtoritar, totalitar rejimdən müstəqillik dövründə demokratiyaya doğru uzun bir yol keçib və xalq öz hakimiyyətinin formalaşmasında birbaşa iştirak etmək hüququ əldə edib. O, çoxpartiyalı sistemdə xalqın demokratiyaya verdiyi töhfənin artdığını vurğulayıb: "Azərbaycanda 5 milyondan çox seçici, qeydiyyata alınmış 55 siyasi partiya var. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan seçki sistemi xalqın iradəsini ortaya qoymaq baxımından uğurlu seçki sistemi sayıla bilər. Bunu Azərbaycanla əməkdaşlıq edən beynəlxalq qurumlar da etiraf edir".
Seçki sisteminin daha da inkişaf etdirməsi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı önəmli sayan MSK sədrinin müavini bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın uğurlu olduğunu söyləyib: "Dünyada seçkilər problemlərdən xali deyil və Azərbaycan da istisna deyil. 2010-cu il parlament seçkilərində Mərkəzi Seçki Komissiyasına 267 şikayət və müraciət daxil olub. 2013-cü il prezident seçkilərində 19 şikayət və müraciət, 2014-cü il bələdiyyə seçkilərində 96 şikayət daxil olub. Azərbaycanda seçki sistemi təkmildir. 5 milyona nisbətdə 15, 50, 100 nəfər narazı qala bilər. Ancaq biz onların da şikayətini araşdırırıq, hər kəsin hüquqlarının qorunmasına çalışırıq. Əsas məqsədimiz istənilən fərdin hüquqlarına hörmətlə yanaşmaq, pozulmasına yol verməməkdir".
N. Məmmədov deyib ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində bəzilərinin hüquqlarının pozulduğu əksini tapıb, məhkəmənin bu sahədə 14 qərarı var. O, Azərbaycanda seçkiləri adətən 50 müşahidəçi tərəfindən izlənildiyini nəzərə çatdırıb: "Təəssüf ki, bəzi hallarda müşahidə missiyaları seçkiyə müşahidə deyil, kiminləsə söhbət əsasında qiymət verir. Müşahidənin məkanı və yeri haqqında məlumat vermirlər və onların müşahidələrinin nəticələri Avropa Məhkəməsinin qərarında əksini tapmır".
MSK sədrinin müavini Azərbaycan torpaqlarının işğalı seçkilərin keyfiyyətinə, seçki təcrübəsinə böyük zərbə vurur: "Məcburi köçkünlər bələdiyyələrini formalaşdıra bilmir, parlament və prezident seçkilərində iştirakı ilə bağlı müəyyən problemlər qalmaqladır. Avropa İnsan Hüquqları Məhkəməsi bir nəfərin hüquqlarının pozulması ilə bağlı qərar verirsə, qaçqın və məcburi köçkünlərin timsalında çoxlu sayda insanın hüquqlarının pozulması məsələsi də diqqətdən kənarda qalmamalıdır".
N. Məmmədov qarşılıqlı tənqidlərə dözümlü olmağı vacib sayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirib ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir: "Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanda bu sahədə əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyasının fəaliyyətində bu sahədə nailiyyətlər əldə olunub, beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınır. Bizim birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə töhfəsini verir".
Daha sonra seçki məsələləri üzrə ekspert Sergey Kalçenko "Seçkilərlə bağlı müraciətlərə dairə komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyinə dair Təqdimat"la çıxış edib.
Tədbir çıxışlarla davam edib.