“Keyfiyyətə daha həssas yanaşmağa məcbur olacaqlar” Siyasət

“Keyfiyyətə daha həssas yanaşmağa məcbur olacaqlar”

"Prezidentin fərmanından sonra yerli istehsal və idxal ilə məşğul olan hüquqi şəxslər və sahibkarlar realizə etməyə çalışdıqları mallar üzrə çeşidə, qiymətlərə və keyfiyyətə daha həssas və məntiqlə yanaşmağa məcbur olacaqlar". Bunu iqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən verilən gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı şərh edərkən deyib. Ekspertin fikrincə, hökumətin prezidentin sədrliyi ilə bu yaxınlarda keçirilən məlum iclasından sonra sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün qanunvericilik yolu ilə atılan addımlardan sonra gömrük sistemində də mövcud bir sıra maneələrin aradan qaldırılacağı aydın idi: "Belə ki, prezidentin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında 22 oktyabr 2015-ci il tarixdə imzaladığı fərman da məhz eyni kontekstdən izah edilməli və məsələyə vahid prizmadan yanaşılmalıdır. Çünki sözügedən sənəd də bütövlükdə iqtisadiyyatda müsbət nəticələr əldə etmək məqsədi daşıyır. Doğrudur, bu, sahibkarlıq fəaliyyəti üçün birbaşa əhəmiyyət kəsb etməyəcək. Lakin bu, daxili istehlak bazarına dolayı yolla istənilən halda mühüm təsir etməklə, müvafiq tənzimləməyə yol açacaq ki, yerli istehsal və idxal ilə məşğul olan hüquqi şəxslər və sahibkarlar realizə etməyə çalışdıqları mallar üzrə çeşidə, qiymətlərə və keyfiyyətə daha həssas və məntiqlə yanaşmağa məcbur olacaqlar. Çünki ölkəmizdə əhali tərəfindən həmişə ciddi narazılıqla qarşılanan cəhətlərdən biri də süni qiymət artımı, başqa sözlə desək, istər kənardan gətirilən, istərsə də yerli istehsal mallarının pərakəndə satış dəyərlərinin bir çox hallarda məhz şişirdilmiş həddə müəyyən edilməsidir. Prezidentin sözügedən fərmanı da bu mənada, bilavasitə alıcıların mənafeyini nəzərə alaraq, yəni onların öz şəxsi istehlakları üçün zəruri olan malları xaricdən alıb ölkəyə gətirmələrinə sərbəst şərait yaratmaqla, sözügedən tendensiyanı aradan qaldıracaq".