“Nalbandyan yalnız xarab mikrofonu özünün diplomatiyasına köməkçi müəyyən etmişdi” Siyasət

“Nalbandyan yalnız xarab mikrofonu özünün diplomatiyasına köməkçi müəyyən etmişdi”

Mübariz Əhmədoğlu: " Nəticədə kar qulaq da onun ikinci köməkçisinə çevrildi"

Ermənistanın Xİ naziri E.Nalbandyan Serbiyada ATƏT ministerialında etdiyi çıxışın mətnini yaydı. Bəllidir ki, mətn əvvəlcədən hazırlanıb, amma onun çıxışında səslənən fikirlər deməyə əsas verir ki, o məruzəsinin zaldakılar tərəfindən eşidilməyəcəyinə əvvəlcədən əmin imiş. Çünki onun çıxışında son illərdə DQ münaqişəsi regionunda baş verənlərə heç bir münasibət bildirilmədi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, E.Nalbandyanın çıxışı zamanı mikrofon söndü: "Maraqlı burasıdır ki, mikrofon sönərkən də E.Nalbandyan çıxışını dayandırmayıb. Çıxışının lap axırında mikrofon işə düşüb. Çoxdandır E.Nalbandyan beynəlxalq tədbirlərə gedərkən xüsusən ATƏT ministerialına yola düşərkən özü ilə jurnalist qrupu aparmırdı. Serbiya ministerialına isə jurnalistləri də özü ilə aparmışdı. Bu da ev hazırlığının tərkib hissəsidir".
Politoloq qeyd edib ki, RF Xİ naziri Azərbaycanda səfərdən uzun müddət keçdikdən sonra nəhayət Ermənistana da səfər edib, Dağlıq Qarabağ tənzimlənməsində təklifləri təqdim etdi: "Sonradan Azərbaycanın Xİ naziri E.Məmmədyarov bu təkliflərin mahiyyətini açıqladı: "Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxardılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında insanlar arası təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir." S.Lavrov isə Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsi prosesinin V.Putinin xüsusi nəzarəti altında olduğunu bildirdi. ATƏT-in Serbiya ministerialında həmsədr ölkə nümayəndə heyətlərinin başçıları adından verilən bəyanatda da tərəflərə həmsədrlər adından təkliflərin təqdim olunduğu təsdiqləndi".
M.Əhmədoğlu deyib ki, bu məsələlərin heç birisi E.Nalbandyanın çıxışında öz əksini tapmamışdı: "Bəllidir ki, ATƏT-in illik ministerialı ATƏT-in ən nüfuzlu formatıdır. Bu formatda E.Nalbandyanın Dağlıq Qarabağ tənzimlənməsində vacib məsələlərə Ermənistanın mövqeyini çatdırmaması heç də yaxşı iş deyil".
Mərkəz rəhbəri bildirib ki, ministerialdan bir neçə gün öncə Serbiyanın Müdafiə naziri Braticlav Qaşiç Ermənistana dəvət olundu: "Braticlav Qaşiçlə ATƏT-in Serbiya ministerialı müzakirə edildi. Görünür E.Nalbandyanın sammitdə çıxışı zamanı mikrofonun söndürülməsi o zaman razılaşdırılıb. E.Nalbandyanın ATƏT-də çıxışının mətni yalnız Ermənistan mətbuatını oxuyanlara bəllidir. Ministerial iştirakçılarından heç kim o mətndən xəbərdar deyil. E.Nalbandyan Serbiyada erməni jurnalistlərinə müsahibə verdi. O jurnalistlərə verdiyi açıqlamada həmsədr ölkə nümayəndə heyətlərinin başçıları adından verilən bəyanatını yalnız Azərbaycana ünvanlandığını bildirdi. Azərbaycana ünvanlanan tezisləri bir-bir sadaladı və öz ritorikasından bir az da ruhlandı. Amma həmsədrlərin bəyanatında bəzi məsələlərin üstündən keçdi. Əgər həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının bəyanatında qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi, ağır silahlardan istifadə olunması, atəşkəs rejiminin tez-tez pozulmasının məsuliyyəti Azərbaycandadırsa, o zaman danışıqlar prosesinə qeyri-ciddi münasibətin əsir və girovların azad edilməməsini, hərtərəfli sülh sazişinin imzalanmamasını məsuliyyəti kimin üzərindədir?! Axı bu məsələlərdə həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının bəyanatında əks olunub. Əgər Azərbaycandan münaqişəni dinc yolla tənzimləməyə tərəfdar olduğunu təsdiqləmək istənilirsə, Ermənistandan isə istənilir ki, danışıqlar vasitəsi ilə uğur qazanılmasına ciddi münasibət göstərsin".
M.Əhmədoğlu qeyd edib ki, 2010-cu ildə Həştərxanda (RF) 3 prezidentin (RF, Azərbaycan, Ermənistan) imzaladığı bəyannamənin ruhu D.Əsgərov və Şahbaz Quliyevi də əhatə edir: " Nalbandyan susdu. Həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının bəyanatında "hal-hazırda müzakirə olunan təkliflər" anlayışı var. E.Nalbandyan bunu da qulaqardına vurdu. Beləliklə, E.Nalbandyan Serbiya ministerialına gedərkən yalnız xarab mikrofonu özünü diplomatiyasına köməkçi müəyyən etmişdi. Nəticədə kar qulaq da onun ikinci köməkçisinə çevrildi. Çünki həmsədrlərin bəyanatının bir qismini eşidə bilməyib. Hər halda bu onun özünün problemidir. Azərbaycanda E.Nalbandyan kimilər yoxdur. Siyasətlə məşğul olanların mikrofonu da, dili də, qulağı da işləyir. Ən əsası isə analitik düşüncələri qaydasındadır".