Əli Həsənov Cenevrədə azərbaycanlı girovlardan danışıb Siyasət

Əli Həsənov Cenevrədə azərbaycanlı girovlardan danışıb

BQXK-nın prezidenti: "Dilqəm və Şahbazın saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərilir"

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində bir sıra görüşlər keçirib. Komitədən verilən xəbərdə, görüşlərdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də iştirak edib.

Əli Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsi, xüsusilə dünyanın müxtəlif ölkələrindəki humanitar layihələrdə iştirakı təqdir olunub. Bildirilib ki, dünyanın müxtəlif böhran bölgələrində BQXK ilə birgə layihələrin həyata keçirilməsi üçün hökumətə müraciət olunması təklif edilib.
Görüşdə BQXK və onun tərəfdaşlarının əvvəllər olduğu kimi, əlavə dəyər vergisindən azad edilməsi və hökumət tərəfindən bu təşkilatın fəaliyyətinə maliyyə dəstəyinin artırılması məsələləri qaldırılıb.
Baş nazirin müavini Azərbaycandakı mövcud sosial-iqtisadi inkişafdan bəhs edib, xüsusilə Azərbaycan Prezidenti tərəfindən 2020-ci ilədək müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib.
Əli Həsənov Azərbaycanda tolerant mühitin hökm sürdüyünü, paytaxt Bakıda hətta erməni kilsəsinin olduğunu, monoetnik Ermənistanda isə məscidlərin dağıdıldığını qeyd edib. O, 9,6 milyondan artıq əhalisi olan Azərbaycanda 1,2 milyon qaçqın və məcburi köçkünün yaşadığını diqqətə çatdıraraq, Azərbaycan dövləti və hökumətinin bu sahədə gördüyü işlərdən danışıb.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı məsələyə toxunulub. Baş nazirin müavini hərbi münaqişədən əziyyət çəkən və torpaqları işğal altında olan Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət barədə məlumat verib.
Baş nazirin müavini Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə BQXK-nın prezidentindən erməni əsirliyində olan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin müasir kommunikasiya imkanlarından istifadə edilməklə öz ailə üzvləri ilə birbaşa təmas qura bilməsi üçün kömək göstərilməsini xahiş edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti təmsil etdiyi təşkilatın erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi şəkildə maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini deyib. O, Azərbaycanın qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib və ölkəmizin BQXK-nın fəaliyyətinə verdiyi güclü dəstəyə görə minnətdarlıq edib.
Görüşün sonunda baş nazirin müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentini Azərbaycana səfərə dəvət edib.

Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinqlə də görüşüb.
Görüşdə Əli Həsənov ölkəmizin miqrasiya sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.
O, Azərbaycanın üzləşdiyi qaçqın problemi, BMT və digər təşkilatların müvafiq qətnamələrinin hələ də icra olunmaması, Azərbaycan torpaqlarının işğalı məsələsini diqqətə çatdırıb. Baş nazirin müavini qeyd edib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa ölkələri 600-700 min qaçqın problemi qarşısında aciz qalıb: "Lakin 9,6 milyon nəfər əhalisi olan Azərbaycan ölkə rəhbərliyinin düzgün və humanist siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin öhdəsindən gəlir".

Əli Həsənov BMqT-nin Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirib.
Baş nazirin müavini Azərbaycanın sürətli inkişafı səbəbindən ölkəmizin miqrantlar üçün təyinat ölkəsinə çevrildiyini və miqrant axınının getdikcə artmasına baxmayaraq, hazırda ölkəmiz tərəfindən bu proseslərin lazımınca tənzimləndiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, gələcəkdə miqrant axınının güclənmə ehtimalını nəzərə alaraq, BMqT ilə əməkdaşlığı inkişaf etdirməyə ehtiyac duyulur.
Uilyam Leysi ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri beynəlxalq qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcək. O, Azərbaycanın bir çox ölkələrin əldə edə bilmədiyi uğura imza ataraq miqrasiya sahəsində vahid sistem yaratmağa nail olduğunu və bununla da ölkəmizin bir sıra dövlətlərə nümunə olduğunu qeyd edib.
Baş direktor, həmçinin BMqT və ölkəmizin müvafiq dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu xüsusda təşkilat ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) arasında əməkdaşlıq həyata keçirilməsini təklif edib.