“Uorlikin söylədikləri reallığı əks etdirir” Siyasət

“Uorlikin söylədikləri reallığı əks etdirir”

Rövşən Rzayev: "Bu istiqamətdə də mühüm işlər aparılır"

Tofiq Abbasov: "Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv fon yaratmağa çalışır"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 2016-cı ildə fəaliyyətimizi intensivləşdirməliyik: "Tərəflər buna hazır olduqlarını bildirirlər. İndi deyilsə, bəs nə zaman?"
Bunu münasibət bildirən millət vəkili Rövşən Rzayev deyib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin 2016-cı ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm il olacağı ilə bağlı söylədikləri reallığı əks etdirir. Onun sözlərinə görə, bizlər Azərbaycanın ərazi bütövlüyünün hər an təmin olunmasını gözləyirik: "Təbii ki, bu istiqamətdə də mühüm işlər aparılır. Ona görə də hər an gözləmək olar ki, həqiqətən də Azərbaycan öz ərazi bütövlüyü problemini həll edə bilsin. Yəni bu, mümkün olan məsələlərdir. Rəsmi Bakı sülh yolu ilə özünün ərazi bütövlüyünün təmin edilməsində maraqlıdır. Məhz buna görə də ölkəmiz bütün imkanlarından istifadə edir və edəcək də. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bu münaqişə öz həllini tapacaq".
Politoloq Tofiq Abbasov isə deyib ki, vaxtaşırı ümidverici bəyanat və vədlər verməklə Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv fon yaratmağa çalışır. Onun sözlərinə görə, amerikalı həmsədr Azərbaycana təlqin edir ki, Minsk qrupuna alternativ yoxdur: "Vəziyyətə diqqətlə yanaşdıqda göz önündə isə tam əks mənzərə yaranır. Əvvəla, siyasi nizamasalma prosesini tam dalana dirənmiş kimi səciyyələndirmək olar. Faktik olaraq tənzimləmə prosesi təsadüflər amili ilə müşahidə olunur".
Politoloq bildirib ki, prezidentlərin Bern görüşündən sonra həmsədrlər nikbin yanaşma sərgiləyib bildirdilər ki, guya təmas xətti boyunca baş verən insidentlərin qarşısını almaqdan ötrü nəzarət mexanizminin yaranması real görünür: "Eləcə də vasitəçiliklə məşğul olan diplomatlar bildirdilər ki, nizamasalma prosesində dönüşün yaranmasına imkanlar yarana biləcək. Reallıqda isə heç nə dəyişilmir. Bern görüşündən dərhal sonra da Ermənistan sərhədlərdə atəşkəsi rejimini intensiv şəkildə pozmaqda davam etdi. Yəni, münaqişəni törətmiş işğalçı ölkə dağıdıcı kursundan əl çəkmir. Hər gün erməni təxribatları müxtəlif nöqtələrdə baş verir və bu ondan xəbər verir ki, rəsmi İrəvan nizamasalma prosesini hədəfə alıb ki, onu birdəfəlik iflic etsin. Belə fonda hansısa müsbət dönüşdən danışmaq ən azı mənasızdır. Əgər baş verənlər, real vəziyyət erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasın dəlalət etmirsə, onda necə Qarabağ münaqişəsinin həllini proqnozlaşdırmaq olar? Əlbəttə ki, xülyalara qapılıb bunu təxmin etmək mümkündür. Reallıq isə tərsmütənasib vəziyyəti canlandırır".
Ekspert həmçinin ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtona dəvət etməsinə də münasibət bildirib. O, deyib ki, dəvət müsbət qiymətə layiqdir, çünki nüvə təhlükəsizliyi sammiti mötəbər və vacib hadisədir.
Amerika-ABŞ münasibətləri hazırda çətin mərhələyə qədəm qoyduğunu deyən politoloq bildirib ki, Amerikanın siyasi dəhlizlərində iqlim formalaşdıranlar əsasən konqresmenlərlə senatorlardır ki, onlar bir çox hallarda şəxsi maraqlardan çıxış edib lazımsız problemlər yaradırlar: "Hazırda biz bunun əyani şahidiyik. Parlament dairələri bəzi hallarda hətta Ağ Evə təzyiqlər edirlər ki, korporativ maraqlarını təmin etsinlər. Güman edirəm ki, iki prezidentin qarşı-qarşıya görüşməsi ikitərəfli münasibətlərin xeyrinə olacaq".
T. Abbasov vurğulayıb ki, hər halda, İlham Əliyevin amerikalı həmkarına çatdırası xeyli mətləblər var və onlar ünvana düşəcək: "Ən azı Barak Obama bir daha başa düşəcək ki, Azərbaycan bütün tərəfdaşlarla bərabər hüquqlu münasibətlər qurmağa hazırdır".

Əli