“Həmsədrlərin London görüşündən uğurlu gözlənti yoxdur” Siyasət

“Həmsədrlərin London görüşündən uğurlu gözlənti yoxdur”

Üzeyir Cəfərov: "Son vaxtlar həmsədlərin canfəşanlığına təəccüblənməmək mümkün deyil"

Arzu Nağıyev: "İri oyunçuların münaqişənin həlli isrtiqamətində mühüm addımlar atmaq istəyi hiss olunur"

Elşad Mirbəşiroğlu: "Ermənistanın davamlı olaraq qeyri-konstruktivlik nümayiş etdirməsi münaqişənin həllinə imkan vermir"

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində Londonda məsləhətləşmələr aparacaqlar. Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Tvitter səhifəsində yazıb. "Britaniya Xarici Əlaqələr Ofisi ilə məsləhətləşmələr aparmaq üçün Londona yola düşmüşük" - deyə, o bildirib.
Məsələyə münasibət bildirən millət vəkili Elman Məmmədov deyib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə olunmayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın mövqeyini bir daha bəyan etdi: "Cənab Prezident bütün dünyaya bir daha mesaj verdi ki, biz torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacağıq və nə yolla olursa-olsun, torpaqlarımızı işğaldan azad edəcəyik". E.Məmmədovun sözlərinə görə, ona görə münaqişənin həllində heç bir irəliləyiş yoxdur ki, Ermənistana cinayətkar bir qrup rəhbərlik edir: "Bu cinayətkar qrup mümkün qədər çalışır ki, status-kvonu saxlasın. Çünki münaqişənin həlli həm də onların sonu deməkdir". Deputat münaqişənin həllinə vasitəçilik edən Minsk qrupunun da fəaliyyətinin səmərəsiz olduğunu diqqətə çatdırıb. O bildirib ki, Minsk qrupunun həmsədrləri münaqişənin həllində vasitəçilikdən çox Ermənistanı dəstəkləyən tərəf kimi çıxış edirlər: "Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi halda ona heç bir təzyiq göstərilmir, əksinə, dəstək verilir. Biz buna çox təəssüf edirik". E.Məmmədov qeyd edib ki, bu vəziyyətdə Azərbaycanın yalnız bir yolu qalır: "Azərbaycan hər gün, hər saat öz hərbi, iqtisadi gücünü, nüfuzunu artırmalıdır və güclənməkdə davam edərək məsələnin həllinə nail olmağı bacarmalıdır".
Hərbi eskpert Üzeyir Cəfərov isə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Böyük Britaniyada bir araya gələrək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini müzakirə etməsindən heç bir uğurlu gözlənti yoxdur. Onun sözlərinə görə, son vaxtlar həmsədlərin canfəşanlığına təəccüblənməmək mümkün deyil: "Onlar hiss edirlər ki, artıq Azərbaycanda təkcə ictimai sektorda deyil, rəsmilər də ATƏT-in Minsk qrupunun həmsədrlərini fəaliyyətsizliyindən narazılıq edirlər. Məhz buna görə də onlar iş görmək imitasiyası yaratmaq istəyirlər və canfəşanlıq edirlər ki, nəyisə əldə edə bilərlər. Bu gün həmsədrlər ortaya qoysun ki, bir dəfə də olsun işğalçını öz adı ilə çağırırlar. Yəni Ermənistanın işğalçılıq siyasətini pisləyiblər".
Ekspert əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin kənarda qalması belə çox hiddətləndirir: "Çünki Minsk qrupu BMT-dən yuxarı bir qurum deyil. Axı niyə onlar bu sənədə istinad etmirlər və işğalçının fəaliyyətinə beynəlxalq hüquq normaları çərçivəsində qiymət vermirlər? Bu sadəcə olaraq ilin əvvəlində özlərinin hesabatı üçün bir canfəşanlıq idi. Baxın görün, hər gün cəbhədə atəşkəs necə pozulmuşdusa elə də pozulmaqda davam edir. Ermənistanı Rusiya necə silahlandırırdısa, elə də silahlandırmaqda davam edir. Ona görə də onlar bizləri axmaq yerinə qoymamalıdırlar".
Politoloq Arzu Nağıyev həmsdərlərin London görüşü ilə bağlı deyib ki, artıq çox iri oyunçuların münaqişənin həlli isrtiqamətində mühüm addımlar atmaq istəyi hiss olunur: "Çünki nüfuz davası ilə birlikdə təşəbbüsü ələ almaqla regionda öz iqtisadi meqalayihələrini və bir sıra siyasi maraqlarını həyata keçirməyə zəmin yaradırlar. Həmsədrlərin Londonda görüşmək istəkləri də bundan irəli gəlir. ATƏT-in Minsk qrupunun Vaşinqton təmsilçisi Uorlik görüşlə bağlı öz anonsunda məhz Londonla məsləhətləşmələr aparılamasının vacibliyini qabardır. Düşünürəm ki, əsas müzakirə istiqaməti atəşkəsin pozulmasının qarşısının alınması və Rusiya-Türkiyə münasibətinin münaqişənin həllinə olan təsirindən çıxarıla biləcək nəticələrə aid olacaqdır". A.Nağıyevin sözlərinə görə, təəssüf hissi ilə qeyd edilməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən il ancaq deklorativ bəyanatlar verməklə kifayətləndilər və münaqişənin həllində mühüm addımlar atılmadı, hətta əksinə vəziyyət daha da gərginləşdi: "Təbii ki, buna regionda baş verən amillər də təsir göstərdi. Bundan da ermənilər öz xeyrinə istifadə etdilər və status-kvonun saxlanmasına, öz siyasi ambisiyalarına uyğun olaraq beynəlxalq hüquq normalarına hörmətsizliklə yanaşaraq addımlar atdılar. Buna da beynəlxalq qurumlar, o cümlədən ATƏT susqunluq nümayiş etdirdi. Bu il də belə olsa, artıq bütün məsuliyyət məhz ATƏT-in üzərinə düşəcəkdir. Hazırda ABŞ və Rusiyanın regionda və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı nüfuz davası ATƏT-in də atacağı addımlara təsir göstərə bilər və bu yolla həmsədrlərin rolunu artırmaq olar. Bu da ki, mühüm əhəmityyət kəsb edir".
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, siyasi şərhçi Araz Aslanlı bildirib ki, həmsədrlərin Londonda gözlənilən görüşünün bir istiqaməti indiyə qədərki fəaliyyət xəttinin davam etməsidir: "Yəni müəyyən periodla öz aralarında, münaqişə tərəfləri ilə və digər dövlətlərin rəsmiləri ilə görüşlər keçirirlər. İndi də onu Londonda davam etdirirlər. Növbəti görüşdə də həmsədrlərin daxili müzakirələrlə yanaşı, həm də İngiltərə rəsmiləri ilə müzakirə aparmaları gözlənilir. Adətən, bu görüşlərdə münaqişəyə dair son vəziyyət, atəşkəsin pozulması halları, həllə dair təkliflər və s. müzakirə olunur. Eyni zamanda, maraqlı olan dövlətlərin rəsmiləri də məlumatlandırılır, ya da onların təklifləri də dinlənilir. London müzakirələrində çox güman ki, ən çox atəşkəsin pozulması halları, tərəflərin hərbi ritorikasından narahatlıq və s. müzakirə ediləcək". A.Aslanlı deyib ki, Minsk qrupu həmsədrlərin rolunun nəticə yaradacaq dərəcədə artma ehtimalı yüksək deyil: "Çünkü həmsədr dövlətlərin regionla bağlı maraqlarında, eləcə də qlobal maraqlarında ziddiyyət kəskinləşir. Bu hansısa mərhələdə Qarabağ probleminin həlli prosesinə fərqli töhfələr verə bilər. Amma həmsədrlik institunun effektivliyini artırmayacaq. Lakin ola bilsin ki, həmsədrlərə yönələn tənqidlərin artması, yeni vasitəçi axtarışı ilə bağlı təkliflər və s. ona səbəb olsun ki, həmsədrlər görüntü xatirinə də olsa, səylərini artırsınlar".
Politoloq Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycan tərəfi beynəlxalq hüquq prinsiplərindən çıxış edir və BMT-nin qəbul etdiyi qətnamələrə istinadən münaqişənin dinc yolla tənzimlənməsində prinsipiallıq nümayiş etdirir". Politiloq bildirib ki, Ermənistanın davamlı olaraq qeyri-konstruktivlik nümayiş etdirməsi, eyni zamanda status-kvonun saxlanmasında göstərdiyi canfəşanlıq, ümumilikdə özünü cəzasızlıq şəraitində hiss etməsi münaqişənin həllinə imkan vermir: "Cənab Prezident Nazirlər kabinetinin sonuncu toplantısında bir çox mühüm məsələlərə toxundu. Ölkə başçısı qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş baş verməyib və prezidentlərin Bern görüşü formal xarakter daşıyıb. Ölkə başçısı Azərbaycanın ATƏT-in Minsk qrupunun qeyri-səmərəli fəaliyyətindən narazı olduğunu açıq şəkildə ifadə etdi. 2015-ci ildə prezidentlər səviyyəsində cəmi bir görüş baş tutdu. Ötən illər bu görüşlər daha intensiv xarakter daşıyırdı. Səbəb isə Azərbaycan Prezidentinin görüş xatirinə görüş keçirmək niyyətində olmamasıdır. Ölkə başçımızın da vurğuladığı kimi Azərbaycanın Ermənistanla görüşlər aparması ona edilən ən böyük güzəştdir. Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına həssaslıqla yanaşaraq münaqişənin həlli istiqamətində bütün imkanlardan faydalanır. Vasitəçilər və işğalçı Ermənistan tərəfi isə bu istiqamətdə deklorativ fəaliyyət göstərməkdə davam edir.
Azərbaycan regionda güc lokomotivinə çevrilməklə münaqişənin təbii tənzimlənməsinə nail olacaq. Hazırda dünyada baş verən iqtisadi-siyasi çətinliklər fonunda Azərbaycan öz stabilliyini saxlamaqla bu yolda uğurlu addımlar atmış oldu. Cənab Prezidentin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət Azərbaycanın uğurlarının əsasıdır".
Türkiyə-Rusiya münasibətlərinin hazırki vəziyyətinə toxunan Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə yaxın tərəfdaş ölkədir: "Nazirlər Kabinetinin sonuncu toplantısında ölkə başçısı Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin hazırki vəziyyətindən narahat olduğunu və iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasının dövlət maraqlarına cavab verdiyini bildirdi. Türkiyə ilə Rusiya arasındakı gərginlik uzun müddət davam edə bilməz. Bir-birilə ticari-iqtisadi, sosial, siyasi, hərbi sahələrdə bağlı olan bu iki ölkə arasındakı gərginliyin tez zamanda ardan qaldırılması region, həmçinin də Azərbaycan üçün çox əhəmiyyətlidir. Dünyanın güc mərkəzləri regionda vəziyyətin Rusiya və Türkiyənin xeyrinə dəyişməsinin qarşısını almaq üçün münasibətləri süni şəkildə gərginləşdirdi. Bu gərginliyə qədər iki ölkə arasında əlaqələr onların iqtisadi-siyasi maraqlarına cavab verən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdi. Türkiyə tərəfindən verilən bəyənatlar, rusiyalı rəsmilərin mövqelərində yumşalma, Türkiyə baş verən terror aktıyla bağlı Rusiyanın başsağlığı verməsi göstərir ki, gərginliyin aradan qaldırılmasında hər iki tərəf maraqlıdır. Ümid etmək olar ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəsinə qayıdacaqdır".