

Azərbaycan Ukrayna ilə ikinci matçın əhəmiyyətini yaxşı dərk etdiyi üçün ciddi müqavimət göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk bu gün DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna - Azərbaycan oyunu barədə ölkəsinin mətbuatına müsahibəsində deyib.
Ukraynalı mütəxəssis ölkəsinin yığmasını matçın favoriti hesab etdiyini, lakin Azərbaycan seçməsinin də ciddi rəqib olduğunu bildirib: “Fikrimcə, Ukrayna bu oyunun aşkar favoritidir və Bakıda qeydə alınan heç-heçəyə (1:1) görə revanş almalıdır. Bizim futbolçular daha yüksək səviyyədə oynayırlar və Avropanın nüfuzlu klublarında çıxış edirlər. Azərbaycan millisində texnikalı, keyfiyyətli oyunçular çoxdur. Amma, düşünürəm ki, onlar daha çox müdafiə futbolu nümayiş etdirirlər. Nəticə üçün hücumameyilli oyun lazımdır. Məsələn, Almaniyanın “Kayzerslautern” klubunun formasını geyinən Mahir Emreli kifayət qədər yaxşı hücumçudur. “Neftçi’dən Emin Mahmudov da yüksəksəviyyəli yarımmüdafiəçidir. Həmçinin bir neçə futbolçusu da fərdi baxımdan güclüdür. Üstəlik, bu yığmanın əsas hissəsi “Qarabağ”ın futbolçularından formalaşıb. Komanda bu mövsüm Çempionlar Liqasında Portuqaliyanın “Benfika” və Danimarkanın “Kopenhagen” kollektivlərini məğlub edib. Bu, Azərbaycan futbolunun səviyyəsinin göstəricisidir”.
R.Qriqorçuk Azərbaycanın daxili çempionatının da yüksək səviyyəyə malik olduğunu vurğulayıb: “Bəziləri düşünür ki, Azərbaycan Premyer Liqası zəifdir. Amma bu, yanlış fikirdir. Orada səviyyəli futbol oynanılır, infrastruktur və şərait də normaldır”.
Qeyd edək ki, Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda oynanılacaq Ukrayna – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk 3 turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. 4 xalı olan Ukrayna seçməsi isə 2-ci sırada qərarlaşıb.