Prezidentlərin görüşü... Siyasət

Prezidentlərin görüşü...

Elman Həsirov: "Ermənistan ikitərəfli deyil, üçtərəfli formatda danışıqların aparılmasında israrlıdır"
Rasim Musabəyov: "Rusiya özünü elə göstərəcək ki, sanki Qarabağ münaqişəsinin həlli ilə tərəfsiz vasitəçi kimi ciddi məşğul olur"

ATƏT-in Minsk qrupu həmsədrlərinin aprelin 4-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Eduard Nalbandyan ilə keçirdikləri görüşün nəticələri açıqlanıb. Görüşdə həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri görüşdə bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışacaqlarını qeyd ediblər. Onlar, həmçinin yaxın gələcəkdə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Həmsədrlər regionda gərginliyi azaltmaq üçün hər iki ölkə tərəfindən konkret addımların atılmasının və sülh danışıqlarında irəliləyişin əldə edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Əlavə edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü bu ayın sonuna planlaşdırılır. Xarci mətbuatın yaydığı xəbərə görə, görüş aprelin sonunda Çexiyanın paytaxtı Praqada realaşacaq.
Belə ki, aprelin 24-25-də praqada Avropa Birliyi Şərq tərəfdaşlığı proqramının 5 illik yubley mərasiminin keçirilməsi planlaşdırılır.
Bu toplantıda Azərbaycan və Ermənistan prezidentlərinin də iştirakı nəzərdə tutulur. Böyük ehtimalla Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında növbəti görüş bu tədbir çərçivəsində reallaşacaq.
Prezidentlərin növbəti görüşündən gözləntilər nədir? Sülh danışıqlarında irəliləyişin əldə olunması mümkündürmü?
Politoloq Elman Nəsirov bildirib ki, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüşü təşkil edən həmsədrlərin əsas məqsədi hər iki ölkənin prezidentləri səviyyəsində növbəti görüşə nail olmaqdır: "Onlar görüşdən sonra verdikləri bəyanatda bu niyyətlərini açıqlayıblar. Hiss olunur ki, həmsədrlər bu görüşün keçirilməsində olduqca maraqlıdırlar. Bu da səbəbsiz deyildir. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun üç həmsədrindən ikisi-ABŞ və Fransa öz müttəfiqləri ilə birlikdə digərini-Rusiyanı Ukrayna ərazisi olan Krımı ilhaqda ittiham edir və ona qarşı müxtəlif sanksiyalar tətbiq edirlər. Rusiya da qarşı tərəfi anoloji addımlarla təqib etməkdədir. Başqa sözlə, Ukrayna böhranı fonunda ATƏT-in Minsk qrupu həmsədrləri arasında böyük etimadsızlıq mühiti formalaşıb. Bu mühitin daha da dərinləşəcəyi təqdirdə Minsk qrupunun fəaliyyətinin iflic vəziyətinə düşəcəyi istisna olunmur". Onun fikrincə, bu halda "atəşkəs yoxsa müharibə" dilemması qarşısında proseslər ikincinin üstünlüyü ilə yekunlaşa bilər: "Bu vəziyyət həm də Minsk qrupunun fəaliyyətinin yekunlaşmasını labüd edər. Deməli, məlum qrup üçün "siyasi intihar"dan qurtuluş yolu nəticəsi olmasa da belə, danışıqlardan keçir. Əvvəlcə xarici işlər nazirləri, sonra isə prezidentlər səviyyəsində danışıqlardan...
Məlum olduğu kimi, Ermənistan dövləti münaqişənin tənzimlənməsi prosesində ikitərəfli deyil, üçtərəfli formatda danışıqların aparılmasında israrlıdır. Başqa sözlə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın da danışıqların bərabər hüquqlu tərəfi olmasını təkidlə tələb edir. Tələbinin qəbul olunmayacağının da fərqindədir. Lakin bu vəziyyət ona danışıqlar prosesini sünü şəkildə pozmaq və status-kvonu maksimum qoruyb saxlamaq üçün lazımdır. Müəyyən vaxtdan sonra bu taktikanın imkanları tükəndikdə, Ermənistan "göyərçin" libasına bürünür. Danışıqlar masası arxasında əyləşir. Sülh razılaşması naminə yox, əyləşmək naminə əyləşir. ATƏT-in Minsk qrupu isə məmnundur. Niyə də sevinməsin? Danışıqların varlığı 22 yaşlı Minsk qrupunun uzunömürlüyünün başlıca şərtidir. Ömrümdə ilk dəfədir ki, uzunömürlük məsələsi məndə mənfi assosiasiya doğurur".
Politoloq Rasim Musabəyov "ermənilər deyirlər ki, Krım məsələsində dəstək verməsi üçün Rusiya Ermənistana peyklər vasitəsilə çəkilən, Azərbaycan ordusunun hücuma hazır olduğu barədə faktları göstərib və onları vahiməyə gətirərək özünə dəstək verməyə vadar edib",- deyə bilddirib: "İstisna etmirəm ki, ermənilər müəyyən mənada ehtiyatlanırlar. Azərbaycan doğrudan da bölgədəki qüvvələrini hazırlıqlı vəziyyətə gətirib. Bunların təlimləri alay səviyyəsində keçirilib. Hər halda onlar müdafiəni möhkəmləndirməkdə maraqlıdırlar...
Yada salın, 2008-ci ildən sonra Rusiya hamını sakitləşdirmək, özünün sülhə meylli olduğunu göstərmək üçün Mayindorf görüşünü təşkil etdi. Xeyli səy göstərdi ki, münaqişənin həlli ilə bağlı nəticə əldə olunsun. Düşünürəm ki, biz bunun təkrar olunmasını müşahidə edəcəyik. Azərbaycanın ABŞ, Türkiyədən məsafə saxlaması, onların təkliflərinə razılıq verməməsi üçün cəhdlər ediləcək. Rusiya özünü elə göstərəcək ki, sanki Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəfsiz vasitəçi kimi ciddi məşğul olur. Yəni mən yaxın zaman üçün hərbi təhlükəni görmürəm".
Rusiyanın çöküşünə qədər Qarabağ məsələsində hərb qərarını verməyin təhlükəli olub-olmamasına gəlincə isə politoloq "təbii ki, təhlükəlidir",- deyə diqqətə çatdırıb: "Ən azı Türkiyə bizə "hə" deməmiş bu işə başlamaq olmaz. Rusiya təhlükəsini nəzərə almayıb bu işə getmək ağılsızlıq olardı. Söhbət təkcə ermənilərə arxadan kömək edilməsindən getmir. Deyək ki, sabah sənə ultimatum verir... Sənin bütün sərhədin, Xudatdan tutmuş Astaraya kimi, paytaxtın da daxil dəniz sahilindədir. Bizim donanmanın Rusiyaya qarşı çıxması mümkün deyil. Donanmanı da gördük, nə gündəymiş ki, onun keçmiş komandiri, qərargah rəisi cəzalandırıldı. Düzdür, bizim kifayət qədər normal qüvvələrimiz də var. Ancaq ən azı müttəfiqliyimizi möhkəmlənməyincə hansısa riskli addım atmaq olmaz. Bu mənada Rusiya tərəfindən yenə də təkliflər ortaya çıxacaqsa, bundan qaçmamalıyıq, bütün imkanları nəzərdən keçirtməliyik. Ancaq təbii ki, təhlükəsizliyimizi möhkəmləndirməklə bağlı ciddi iş görməliyik.
Gömrük İttifaqı ilə bağlı məsələyə gəlincə isə politoloq bildirib ki, Gömrük İttifaqı elə də böyük bir şey deyil: "Bundan daha çətin məsələlər ola bilər. İndi Qazaxıstan Gömrük İttifaqının üzvüdür, onun Azərbaycandan müstəqilliyi azdırmı? Yox. Söhbət Gömrük İttifaqından getmir. Rusiyanın daha uzaqgedən iddiaları var. Keçmiş Varşava paktı var idi, onu gündəliyə gətirirlər. Yəni bura mənim təsir dairəmdir. Avrasiya İttifaqı Gömrük İttifaqından daha uzağa gedən layihədir. Ancaq imkan, şərait olsa, bu layihəni gündəmə gətirəcəklər. Hərdən deyirlər ki, 20-ci ildə bolşevik Rusiyası indiki Rusiyadan güclü idimi ki, imperiyanın böyük bir hissəsini qaytarmışdı?
Yaddan çıxartmaq lazım deyil ki, o dövrdə bu cür kommunikasiyalar yox idi, yaxud ortada superdövlət yox idi, müharibədən yorulmuş Antanta var idi. Ona görə vəziyyət başqadır. Zəruri şərait olmadığına görə Rusiya harasa girib oranı işğal etmək iqtidarında deyil. Ancaq biz düzgün siyasət aparmasaq, bizim ordumuz, donanmamız, hava qüvvələrimiz müqavimət göstərmək iqtidarında olmasa, necə ki, bu, Ukraynada baş verdi, maliyyəmiz dağınıq şəkildə olsa, kobud səhvlər nəticəsində daxildə çaxnaşma yaransa, təbii Rusiya ondan öz xeyrinə istifadə edəcək".
Onun fikrincə, postsovet məkanında təkcə iki ölkədə əhalinin əksəriyyətinin sovet dövrü ilə bağlı nostalgiyasının olmaması məlum olub: biri Qazaxıstan, digəri Azərbaycan: "Mən də o vaxt sorğular keçirirdim, sovet dövrü ilə bağlı nostalgiya daim aşağı düşürdü və 10-15 faiz arasında idi. Azərbaycanda sovetə meyllilik yoxdur. Vaxt var idi Azərbaycanda əhalinin 16 faizi rus və ruslara yaxın millətlər idi. İndi ölkədə rus əhali 1,5 faizdir. Vaxt var idi Azərbaycan ərazisində 4-cü ordunun 4 diviziyası, 1 desant diviziyası, donanma var idi və PVO dairəsi Azərbaycanda idi. Burada üst-üstə 70 mindən çox əsgər yerləşirdi. Biz keçən il sonuncu Qəbələ RLS-dəki əsgərləri də yola saldıq. Vaxt var idi iqtisadi dövriyyəmizin 85 faizi Rusiyaya bağlı idi. İndi Rusiyanın burdakı payı 7-8 faizdir. Gürcüstanda da eyni vəziyyətdir. Ermənistanda təbii ki, daha çoxdur. Vaxt var idi ki, Rusiya Türkiyədən əhali baxımından 10 dəfə böyük idi, iqtisadi baxımdan isə 20. İndi Türkiyə Rusiya iqtisadiyyatının 60 faizini təşkil edir, əhalisi də 60-70 faiz həddədir. Yəni Türkiyə inkişaf edir, Rusiya isə o tənəzzüldən çıxa bilmir. Bu dəyişikliklər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə işləyir. Sadəcə olaraq səhvə yol vermək olmaz və inkişaf tempini saxlamaq lazımdır. Mənim fikrimcə, Rusiya Cənubi Qafqazdan gedir".

Əli