Bakı forumu baş tutdu Siyasət

Bakı forumu baş tutdu

BMT-nin Sivilizasiyalar Alyansının bəyannaməsində Bakı forumunun məqsədlərinə çatdığı bildirilir


Dünən Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub.
Bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser bildirib.
Malta Respublikasının prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində sülh təşəbbüslərinin də əksini tapdığını bildirib: "Arzularımıza çatmaq üçün insan hüquq və azadlıqlarını, həmrəyliyi qorumaq, sülh mədəniyyətinə yiyələnmək lazımdır. İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək".
Sənəddə qeyd olunur ki, Bakı Bəyannaməsi Mədəni və dini müxtəlifliklərə hörmət və anlaşmanın vacibliyini qeyd edir, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və insanlar arasında tolerantlıq, hörmət, dialoq və əməkdaşlığı təbliğ edir.
Bəyannamədə sülh, təhlükəsizlik və inkişafın genişlənməsində universal dəyər kimi Sivilizasiyalar Alyansın moderatorluğunu genişləndirəcəyi vurğulanır. Dünyanın mədəniyyət müxtəlifliyi və mədəni irsinin bütün xalqlar arasında sülh faktoru və inkişaf kimi hər kəs tərəfindən qorunmasının vacibliyi bildirilir. Mədəni irslərə qarşı davamlı və geniş miqyasda qanunsuz aktların baş verməsi ilə bağlı narahatlıq ifadə olunur. Sülh və təhlükəsizliyin, insan haqlarının və dayanıqlı inkişafın təbliğ olunması üçün mədəni irsə hörmətin vacibliyi vurğulanır.
Mədəniyyətlərarası və dinlərarası dialoqun, tolerantlıq, plüralizm və qarşılıqlı hörmət sahəsində əməkdaşlığın vacibliyi qeyd olunur. "2030 Dayanıqlı İnkişaf Gündəliyi"nin qəbulu alqışlanır.

Günahsız insanların ölümünə, dağıntılara və insanların qaçqın düşməsinə səbəb olan, dünyanın müxtəlif yerlərində qeyri-tolerantlıq, zorakı ekstremizm, zorakılıq və terrorizm aktlarından narahatlıq ifadə olunur.
Bəyannamədə fərq qoymadan bütün insan hüquq və azadlıqlarına hörmətlə bağlı BMT Xartiyası qarşısında bütün üzv ölkələr tərəfindən götürülən öhdəlik dəstəklənir, bir daha vurğulayır ki, üzv ölkələrin bütün insan hüquq və fundamental azadlıqlarını müdafiə etmək öhdəliyi var. Bəyannamədə rasizm, radikal ayrı-seçkilik, ksenofobiya və qeyri-tolerantlığa qarşı mübarizədə ümumi qətiyyət ifadə olunur.
Sənəddə qeyd edilir ki, mədəniyyətlərə hörmət qeyri-zorakılıq və insan haqlarına hörməti, o cümlədən insanlar arasında həmrəyliyi və mədəniyyətlər arasında dialoqu gücləndirir.
Bəyannamə müəllifləri gender bərabərliyinin vacibliyini qeyd edir, turizmin qarşılıqlı hörmət, anlaşma və tolerantlığın genişlənməsinə, insanlar arasında əlaqə yaranmasına xidmət etdiyini vurğulayırlar.
"Azərbaycanın 7-ci qlobal foruma ev sahibliyi etməsini yüksək qitmətləndiririk. Bildiririk ki, miqrasiyanın gedilən ölkə ilə gedən şəxsin vətəndaşı olduğu ölkə arasında mədəni plüralizmi təbliğ etmək də daxil olmaqla müsbət nəticələri ola bilər. İnternet kimi müasir texnologiyanın insan haqları, bərabərlik, başqalarına hörmət və tolerantlıq kimi dəyərlərə qarşı istifadə edilməsindən, rasizm, nifrət, ksenofobiya, ayrı-seçkiliyin təbliğindən dərin narahatlıq keçiririk.
Ölkələri Bakıda qəbul edilən öhdəlikləri yerinə yetirməyə çağırırıq. Əminliyimizi bildiririk ki, Bakı forumu inklüziv cəmiyyətdə birgə yaşama, zorakı ekstremizm kimi çağırışların qarşısının alınması, sülh, universal insan haqları və dayanıqlı inkişaf kimi Sivilizasiyalar Alyansı tərəfindən vurğulanan məqsədlərinə çatıb", - deyə Bəyannamədə bildirilir.