“Azərbaycanın bu qələbələri ATƏT-in Minsk qrupunu da hərəkətə gətirib” Siyasət

“Azərbaycanın bu qələbələri ATƏT-in Minsk qrupunu da hərəkətə gətirib”

"Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində keyfiyyətcə yeni mərhələnin əsası qoyulub". Bunu millət vəkili. politoloq Elman Nəsirov deyib: "Çünki Azərbaycan 2 cəbhədə qalibiyyətə imza atıb. Həm döyüş cəbhəsində, həm də diplomatik cəbhədə ölkəmiz uğur əldə edib. Azərbaycanın bu qələbələri ATƏT-in Minsk qrupunu da hərəkətə gətirib. Xüsusilə də Rusiya yeni şəraitdə münaqişənin tənzimlənməsi prosesində daha fəal rol oynamaqdadır. Eyni zamanda, rəsmi Moskva bu prosesdə digər həmsədr dövlət olan ABŞ ilə koordinasiya olunmuş fəaliyyətə üstünlük verir. Bu baxımdan, aprel döyüşlərindən bəri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə həmkarı Con Kerri arasında bir neçə dəfə telefon danışığının baş tutması təsadüf sayılmamalıdır. Əvvəllər belə intensiv danışıqlar qeydə alınmamışdı. Bütün bunlar bir daha onu təsdiqləyir ki, bu iki həmsədr ölkə münaqişənin köhnə yanaşmalarla həll edilə bilməyəcəyinə indi daha çox əmindirlər. Elə məhz buna görə də yaxın zamanlarda Ermənistanın yenidən danışıqlar prosesinə cəlb ediləcəyi, özü də təzyiq altında cəlb ediləcəyi şübhə doğurmur. Lakin bu şəraitdə işğalçı dövlətin birmənalı olaraq, qara fiqurlarla oynayacağını əminliklə söyləmək üçün olduqca ciddi əsaslar var".