İşğal Rusiyanın baş ağrısına çevrilir Siyasət

İşğal Rusiyanın baş ağrısına çevrilir

Zahid Oruc: "Rusiya İranla dəmiryolu xəttinin işlənməsi üçün Füzulinin işğaldan azad edilməsinin mütləq olduğunun fərqindədir"


Rusiya İranla dəmiryolu xəttinin işlənməsi üçün Füzulinin işğaldan azad edilməsinin mütləq olduğunun fərqindədir. Bu barədə millət vəkili Zahid Oruc danışıb. Deputatın sözlərinə görə, Vyana görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda indiyə qədər aparılan danışıqlardan bir çox əlamətlərinə görə fərqləndi: "Azərbaycanın Dördgünlük müharibədə erməni mövqelərinə vurduğu zərbəyə görə Qarabağ məsələsini beynəlxalq gündəmin mühüm problemi səviyyəsinə qaldıra bildi. Aprel ayı bu baxımdan çox əlamətdar oldu və yaxın zamanlarda daha real addımların atılması üçün danışıqlar keçiriləcək. İkinci mühüm məqam erməni tərəfinin ultimatumlarının 3 ölkə təmsilçiləri tərəfindən bölüşülməməsidir. Üçüncüsü isə prezident vurğuladı ki, hərbi mövqelərdə dəyişikliklər Azərbaycanın siyasi imkanlarını, Qarabağ danışıqlarındakı mövqeyini gücləndirdi. Əslində Prezident İlham Əliyevin Kerri və Moqerini ilə görüşdə məsələyə bu cür münasibət bildirməsi, lakin onun detallarının tam açıqlanmaması sübut edir ki, Azərbaycan diqtəedici tərəfdir. Sərksiyan isə qorxmuş, narahat bir qiyafədə öz həyəcanını gizlədə bilmirdi. Çünki o təkcə bir neçə yüksəklik itirməyib, bir neçə generalı qurban verməsinə rəğmən ordu və xalq üzərindəki sonuncu dayaqları da böyük zərbə alıb, kreslosu laxlayıb. Nə qədər ki, Ermənistanda normal bir iqtidar bərqərar olunmayıb, münaqişənin çözülməsi çətin olacaq. Hesab edirəm ki, qarşı tərəfin təlaşı həm də onunla bağlıdır ki, Qarabağ amili onların iqtidarını sürdürməsi üçün sonuncu variant idi". Millət vəkili bildirib ki, İrəvan açıq şəkildə Kremlə inamsızlıq göstərir və hazırda yeni sahib axtarışındadır: "Lavrov bəyan etdi ki, bu görüşlər Amerikanın istəyi ilə baş tutub. Bu fikrin şərhi ondan ibarətdir ki, müharibənin başlanması və 4 gün davam etməsi, iki ölkənin ordu rəhbərliyinin Moskvada atəşkəs razılığı fonunda Rusiyanın Cənubi Qafqazda təsirinin artmasını görən Qərb prosesin yalnız Kremldən idarə olunmasını istəmir. Məhz bu səbəbdən də Kerri və Lavrov arasında 7 dəfə telefon danışığından sonra Vyanada Qərbin iştirakı ilə bu dialoq keçirildi. Ancaq Lavrov bildirdi ki, iyunda müzakirə olunacaq tələb Rusiyanın irəli sürdüyü təkliflərdir və son hissənin razılaşdırılması baş verəcək. Bunun Bakı üçün önəmi ondan ibarətdir ki, Rusiya İranla dəmiryolu xəttinin işlənməsi üçün Füzulinin işğaldan azad edilməsinin mütləq olduğunun fərqindədir. Vaxtilə keçmiş Rusiya birləşmələrinin alıb ermənilərin nəzarətinə verdiyi o bölgələr indi Rusiyanın özü üçün baş ağrısına çevrilir".
Z.Oruc məhz bu səbəbdən də iyunda Qarabağ mələsinin həlledici raundunun baş verəcəyi qənaətindədir: "Əgər Ermənistan müxtəlif manevrlərini həyata keçirsə və Rusiya planının qəbul olunmasına qarşı çıxmağa cəhd etsə, bu dəfə də parlament gülləbaranı və fərqli siyasi qəsdlər baş verəcək. Sərkisyanın Moqerinidən atəşkəsin pozulmasına dair xahişi ortaya çox əcaib bir vəziyyət çıxarır. Demək, artıq Kremldən deyil, Avropa Birliyindən mövqe gözləyirlər. İrəvan açıq şəkildə Kremlə inamsızlıq göstərir və yeni sahib axtarışında olduğunu sübuta yetirir. Bu, bizim üçün heç bir halda təhlükə törətmir və insidentlərin araşdırılması da bizi narahat etmir. Bu gün Ukraynada ATƏT-in 1000-ə yaxın hərbi proseslərə nəzarət edən nümayəndəsi var, ancaq Donbas ətrafında gərginlik aradan qalxıbmı? Vyana danışıqları zamanı atəşkəsin pozulması o deməkdir ki, ordular üçün artıq ATƏT-in Minsk Qrupunun mövqeyi çox da həlledici rol oynamır. Azərbaycan Ordusu gerçək həll planlarını görməsə, Qarabağ məsələsinin çözümünü öz üzərinə götürəcək. Əslində ordular atəşlə diplomatlara mesaj verirlər. Artıq Qarabağda kifayət qədər qüvvə Sərkisyana qarşı baş qaldırıb. Hökumətin içərisində parçalanma dərinləşir. Əgər Qarabağı Rusiya və ABŞ savaşının bir poliqonu kimi qəbul etməsələr, iyunda real addımlar atıla bilər. Azərbaycan buna iradəlidir və indiki gerçəklikdə torpaqlarımızın hansısa bir hissəsinin qaytarılması sadəcə danışıqlar masasında gözləmir, artıq Ordu bir qüvvə kimi prosesdə öz mövqeyini göstərir".