“Status-kvo qəbul edilməzdir” Siyasət

“Status-kvo qəbul edilməzdir”

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində NATO-nun Baş Katibi Cens Stoltenberq ilə görüşüb
Bu barədə XİN-dən daxil olan məlumatda bildirilir.
Görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası proqramlarında fəal iştirakı təqdir olunub. Həmçinin, ölkəmizin Əfqanıstanda NATO qüvvələri üçün tranzit imkanlar təqdim etməsi, eləcə də sülh və təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) və Qətiyyətli Dəstək missiyalarına verdiyi töhfələri xüsusilə qeyd edilib.
Azərbaycanın Əfqanıstanla münasibətlərinin ikitərəfli əsasda da yüksək səviyyədə inkişaf etdiyi bildirilərək, Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın bu yaxınlarda ölkəmizə səfərinin buna bariz nümunə olduğu vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin Əfqanıstanın regional nəqliyyat infrastrukturuna çıxış imkanlarını artıracağı bildirilib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb, TANAP və TAP qaz kəməri layihələrinin uğurla icra edildiyi qeyd olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verərək, Vyana görüşünün substantiv danışıqlara başlamaq üçün əlverişli imkanlar yaratdığını deyib. ATƏT Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini bildirən Elmar Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivləri, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.