“Substantiv danışıqlar başlanıb” Siyasət

“Substantiv danışıqlar başlanıb”

Rasim Musabəyov: "Danışıqların hansı nəticə verəcəyini gözləmək lazımdır"

Bu ilin sonunadək Dağlıq Qarabağ probleminin həllində irəliyə doğru dəyişiklik gözlənilir.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.
Proseslə bağlı dərin bilgiləri və adətən doğru proqnozları ilə seçilən Rasim Musabəyovun sözlərinə görə, bunu problemin həlli istiqamətində aparılan danışıqlar və səylər davamlılığı da təsdiq edir: "Bu səyi göstərən vasitəçi dövlətlərin həm başçıları, həm də xarici işlər nazirləri açıq şəkildə elan edirlər ki, mövcud vəziyyəti qoruyub saxlamaq qeyri-mümkündür, yəni status-kvo dəyişdirilməlidir. Bunu normal dilə çevirsək, o deməkdir ki, erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına başlanmalıdır. Hesab edirəm ki, bu ilin sonuna kimi bununla bağlı ortalığa hansısa qərar qoyulmalıdır. Hamı onu da gözəl anlayır ki, əks halda atəşkəsin qorunub saxlanması və ya müşahidəçi missiyasının tərkibinin genişləndirilməsi tədbirləri müharibənin qarşısını alası deyil. Əslində vasitəçilərin səyləri normal danışıqların aparılmasına və onlara əlavə maneələrin yaradılmamasına hesablanıb".
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dünən XİN-də Ermənistan parlamentinin xarici işlər komitəsinin üzvləri ilə gizli müzakirələr aparmasına münasibət bildirən millət vəkilinin fikrincə, Nalbandyan onlara bildirib ki, Sankt-Peterburqda erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qərar verilməyib.
Lakin politoloq hesab edir ki, hələlik bununla bağlı yekun qərar verilməsə də, proses bu istiqamətdə inkişaf edir: "Düzdür, hələ qərar verilməyib, amma müzakirələr bu istiqamətdə gedib, müəyyən təkliflər verilib. Rusiyanın xarici işlər naziri Serqey Lavrov bir neçə gündən sonra məhz həmin təklifləri İrəvanda göstərəcək, sonra da Bakıya gələcək. Hər bir halda bu dirənmiş vəziyyətin yerindən tərpənişi olacaq. Azərbaycan XİN təkid edirdi ki, ya substantiv, yəni mahiyyəti üzrə danışıqlar başlanmalıdır, ya da vəziyyəti heç cür diplomatik çərçivədə saxlamaq mümkün olmayacaq. Substantiv danışıqlar başlanıb, onların hansı nəticə verəcəyini gözləmək lazımdır".
Qeyd edək ki, Ermənistana və Azərbaycana səfəri yekunlaşan Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bildirib ki, əvvəla, Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə təşkil etməsinə dair təklifi var. İkincisi isə, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana və Bakıya səfər edəcək.
Yeri gəlmişkən, Rasim Musabəyov Ştaynmayerin regiona səfərini və Almaniyanın bu məsələdəki rolunu də şərh edib: "Almaniya, təbii ki, nüfuzlu dövlətdir, amma bu prosesdə bilavasitə vasitəçilik etmir. ATƏT-ə sədrlik edən bütün dövlətlərin xarici işlər nazirləri sədrlik müddətində bölgəyə həmişə səfər ediblər, vəziyyətlə tanış olublar. Təbii ki, onlar da prosesə hansısa müsbət töhfə vermək istəyirlər. Əslində Almaniya ehtiyat variantıdır. Yəni danışıqlar konkret nəticəyə gətirmədiyi və həmsədrlərin səyləri nəticə vermədiyi təqdirdə Minsk qrupunun konfransının keçirilməsi, məsələyə qiymət verilməsi və ya bir yol göstərilməsinə dair Almaniyanın hansısa bir təşəbbüslə çıxış edə biləcəyini istisna etmirəm".