İranın addımları siyasi xarakter daşıyır Siyasət

İranın addımları siyasi xarakter daşıyır

Xəbər verdiyimiz kimi, İran Gürcüstana qaz ixracını Ermənistan ərazisindən keçməklə həyata keçirəcək. Tehran yeni marşrutla Avropaya da qaz ixrac etməyi planlaşdırır. Halbuki İran qazının Gürcüstana Azərbaycan üzərindən nəql ediləcəyi gözlənilirdi. Göründüyü kim, rəsmi Tehran bu dəfə də Azərbaycanı yox, Ermənistanı seçdi.
Siyasi və iqtisadi ekspertlər hesab edir ki, İran tərəfinin atdığı bu addım sırf siyasi xarakter daşıyır.
Politoloq Fikrət Sadıqovun fikrincə, İran və Ermənistan arasında enerji sazişinin imzalanması bizim üçün təəccüblü görünməməlidir: "İranla Ermənistanın münasibətləri yüksək səviyyədədir. Rəsmi Tehran ərazi bütövlüyümüzü tanısa da, Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda dəstəkləsə də, Ermənistanla münasibətləri pozmaq istəmir. Bununla bağlı İran müxtəlif izahatlar verir ki, guya Ermənistan qonşu dövlətdir, kommersiya formatında münasibətlər qurulur. Amma, əslində bu belə deyil".
Politoloqun sözlərinə görə, İran bu addımı ilə bir tərəfdən Ermənistanı özünə yaxınlaşdırmaq, asılı etmək, eyni zamanda regionda yaranan vəziyyətlə əlaqədar müəyyən mesajla çıxış etmək istəyir.
"İran göstərmək istəyir ki, istədiyim ölkənin ərazisindən istifadə edirəm, siyasi addımlarım müstəqildir, heç kimdən asılı deyil. Bu ölkənin Azərbaycanla qonşuluq münasibətləri varsa, Ermənistanla da münasibətləri pozmaq istəmir. Bu, əslində müsəlman, islam həmrəyliyi anlayışına müəyyən mənada ziddi addım hesab oluna bilər. Türkiyə Azərbaycana görə Ermənistanla sərhədləri bağlayıb, diplomatik münasibətləri bərpa etmirsə, İran da buna bənzər addımlar ata bilər. Atmırsa, deməli bunun arxasında hansısa ciddi siyasi məqamlar var".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirib ki, imzalanan saziş Ermənistanla İran arasında enerji əməkdaşlığına dair uzun illər ərzində aparılan siyasətin davamı və genişləndirilməsi istiqamətində atılan addımdır: "Eyni zamanda imzalanan sazişlə Qafqazda tranzit ölkələrə çevrilmək istədiklərinin mesajını vermək istəyirlər. Ancaq, bu məsələnin nə dərəcədə real olacağı bəlli deyil. Çünki, bunun üçün infrastruktur gərəklidir. Ermənistanın isə mövcud infrastrukturu şimaldan cənuba doğrudur. İnfrastrukturu yaratmaq üçün külli miqdarda vəsait yoxdur. İranın isə bu vəsaiti xərcləyəcəyi bəlli deyil. Ancaq, mümkündür ki, İran həmin layihəyə investisiya versin. Gürcüstana kiçik 300-400 milyon kub metr həcmində qaz bazarını diverifikasiya etmək üçün qaz lazımdır. Bu həcmdə qaz almaq üçün kiçik bir kəmərə ehtiyac var. Bu kiçik kəmər üçün İran bir neçə milyon investisiya edə bilər. Bununla da göstərə bilər ki, regionda özünün enerji siyasətin genişləndiir. İran kommeriya baxımından sərf olumasa belə siyasət naminə edə bilər".
İranın Avropaya qaz çıxarmasına gəlincə, ekspert bildirib ki, bu nağıldan başqa bir şey deyil: "Gürcüstan ərazisindən keçən qaz kəmərləri Azərbaycana məxsusdur. İran isə bu halda Azərbaycanın kəmərlərinə qoşulmalıdır. Gürcüstan ərazisindən isə qazı sıxılmış halda ixrac edilə bilər. Əgər İran bu formada qazı ixrac etməyi düşünürsə, bu artıq baha başa gələcək.
Əgər İran Avropaya ixrac etmək istəyirsə, ya Azərbaycana satar, ya da Türkiyə üzərindən ixrac edər. Ona görə də bu siyasi gedişdir. Hansı ki, İranın regionda enerji nüfuzunun artırılmasına xidmət edir. Ermənistan isə İranın bu siyasətində vasitəçi kimi istifadə edir. Çünki, Ermənistanın qaz nəql etmə sistemi "ArmRos Qazprom" şirkətinin tabeliyindədir".