Erməni vandanlizmi AŞ PA-nın gündəminə gətirilir Siyasət

Erməni vandanlizmi AŞ PA-nın gündəminə gətirilir

Rəfael Hüseynov: "Ermənistanın terrorçu, təcavüzkar, anti-humanist siyasəti ifşa olunmalıdır"

"Yaxın vaxtlarda AŞ PA-da "Cənubi Qafqazda mədəniyyətin vəziyyətini araşdırma komissiyası"nın yenidən təşkil edilməsi məsələsinə baxılacaq. Məqsəd ermənilərin Azərbaycanın tarixi mədəniyyət abidələrinə qarşı həyata keçirdikləri vandalizim siyasətini bir daha Avropanın gündəminə gətirməkdir".
Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov APA TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tarixi memarlıq abidələrinin ermənilər tərəfindən dağıdılaraq məhv edilməsi məsələsi 2001-ci ildən dəfələrlə AŞPA-da müzakirəyə çıxarılıb, lakin bu günə kimi bu istiqamətdə konkret addımlar atılmayıb.
Millət vəkli Azərbaycan nümayəndə heyətinin müvafiq komissiyanın yenidən regiona səfərinin təşkil edilməsinə nail olmağa çalışacağını deyib: "Bu səfər ermənilərin yalnız Azərbaycanın mədəni sərvətlərinə qarşı deyil, digər xalqların sərvətlərinə qarşı da hansı vandalizmləri törədiklərini ortaya çıxaracaq. Ermənilər bu səfərə bir neçə dəfə mane olsalar da, biz bu məsələləri ardıcıl şəkildə qaldırmaqla həqiqəti üzə çıxarmağa nail olacağıq. Artıq bu istiqamətdə ermənilərin yolu bağlanıb".
Sərsəng su anbarının AŞPA-nın yaz sesiyasında müzakirəyə çıxarılması barədə danışan Rafael Hüseynov hesab edir ki, bu, Azərbaycanın uğurudur: "Bu məsələ ilə əlaqədar AŞPA-nın xüsusi qərar qəbul edib məruzəçi təyin etməsi bütövlükdə Azərbaycan xarici siyasətinin uğuru hesab edilir. Bütün istiqamətlərdə Ermənistan ifşa edilir. Ermənistanın terrorçu, təcavüzkar, anti-humanist siyasəti ifşa olunmalıdır və bu istiqamətdə işlər gedir. Düşünürəm ki, bu sənədin qəbul olunması və məruzənin hazırlanması da çox əhəmiyyətli hadisədir".
Rafael Hüseynov bu sənəd əsasında Avropa ölkələrindən neytral bir parlamentarın növbəti sessiyada məruzəçi təyin olunacağını qeyd edib. Azərbaycan nümayəndə heyəti isə bu gerçəklərin üzə çıxarılması üçün zəruri məlumatları onlara verməklə yardımçı olacaq.