“Özbəkistanın Azərbaycanla xoş münasibətləri var” Siyasət

“Özbəkistanın Azərbaycanla xoş münasibətləri var”

Rasim Musabəyov: "Əminəm ki, hər bir sonrakı hakimiyyət bu xoş münasibətləri qoruyub saxlamaqda maraqlı olacaq"

"Hesab edirəm ki, Özbəkistanın hakim elitası bütün təhlükələri kifyət qədər nəzərə alıb və ölkənin əvvəlki müstəqil xarici siyasəti davam edəcək". Bunu Özbəkistanda siyasi proseslərin perspektivini şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə. əks halda bir sıra böyük dövlətlərin maraqlarının toqquşduğu Özbəkistanın aqibəti çox pis ola bilər: "Bu ölkə Rusiya ilə də, ABŞ-la da xoş münasibət saxlaya bilər, amma Özbəkistan kimi dövlət birtətəfli şəkildə kiminsə ayağına yıxılmaz. Hər bir halda ölkənin xarici siyasəti maraqlarına xidmət etməlidir. Özbəkistan elə də balaca dövlət deyil, 30 milyon əhalisi var. Kifayət qədər güclü orduya malikdir, ona görə də kiminsə ayağına yıxılmaz".
Politoloq Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, MDB-nin isə formal üzvü kimi qaldığını deyib: "Rəsmi Daşkənd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxdı, çünki anladı ki, orda gözlədiyi fayda yoxdur. İndi nəzərə almaq lazımdır ki, qonşularla münasibətində müəyyən gərginlik var və onlarla bir təşkilatda qalmaq istəmədi".
R.Musabəyov Özbəkistanın Azərbaycanla xoş münasibətlərə malik olduğunu və bu münasibətlərin tərəflərin maraqlarına cavab verdiyini əlavə edib: "Əminəm ki, hər bir sonrakı hakimiyyət bu xoş münasibətləri qoruyub saxlamaqda maraqlı olacaq".