“Prezident, əslində, bölgələrə səfər etməklə yeni iqtisadi kursun parametrlərini açıqlayır” Siyasət

“Prezident, əslində, bölgələrə səfər etməklə yeni iqtisadi kursun parametrlərini açıqlayır”

Zahid Oruc: "Ən mühüm kampaniyanı ölkənin lideri aparır"

"Əgər xalqın referenduma kəskin reaksiyası olardısa, bu, mütləq özünü göstərərdi". Bu sözləri millət vəkili Zahid Oruc deyib. O bildirib ki, ona görə yox ki, təkcə hansısa bir partiya o qüvvələrin maraqlarını müdafiə edə bilmir: "Bu gün dünyanın müxtəlif ölkələrində lidersiz və partiyalarsız elə sosial, siyasi toqquşmalar baş verir ki, dövlətin irəli sürdüyü təşəbbüslər cəmiyyətin alt qatında süngü ilə qarşılanmasa da, müxtəlif əhali qrupları kəskin mövqelərini bölüşür. Azərbaycanda isə bu baş vermir, deməli, insanlar referendumu qəbul edir".
Z.Oruc hesab edir ki, prezident, əslində, bölgələrə səfər etməklə yeni iqtisadi kursun parametrlərini açıqlayır: "Ən mühüm kampaniyanı ölkənin lideri aparır. Heç bir parlament üzvü, hökumət təmsilçisi təkcə referendumla bağlı hüquqi maddələri şərh etmək deyil, daha çox qeyd etdiyiniz kimi, ölkənin 26 sentyabrdan sonrakı gələcəyini birinci şəxsin dilindən eşitmək istəyir. Baxın, prezident bölgələrdə yeni iqtisadi kursun parametrlərini açıqlayır. Söhbət xüsusilə Azərbaycan büdcəsi üzərində böyük bir yükə çevrilən rayonların icra hakimiyyətləri ilə bağlı vəziyyətdən gedir. Azərbaycan xaricdə mühüm valyuta gətirən ixrac yönlü məhsullara sahib olmalıdır. Buna görə də icra hakimiyyətləri, sadəcə, büdcə vəsaitləri, subsidiya və dotasiyaları gözləməməli, aktiv şəkildə bu prosesdə iştirak etməlidirlər ki, xarici investisiyalar məhz bölgələrə gəlsin. Bu, baş vermir. Çünki bürokratik əngəllər, problemlər var, hətta bir sıra hallarda infrastruktur tədbirləri həyata keçirilmir. İcra orqanları müasir dövrün tələbləri səviyyəsində çalışa bilmədiklərindən paytaxtın iqtisadi təmərküzləşməsi baş verir. Ölkənin əsas ticari, iqtisadi aktiv kütləsi daha çox Bakıya toplaşır. Bu isə disproporsionallıq yaradır. Halbuki bu illər ərzində bölgələrdə qaz, su, enerji təminatı ilə bağlı köklü işlər görülüb. İndi həmin icra hakimiyyəti orqanlarından yaxşı mənada menecerlik qabiliyyəti tələb olunur ki, onlar ölkənin xarici iqtisadi əlaqələrində mühüm yer tutsunlar və nəticədə neftdən asılılıq da aradan qalxsın. Bu gün yalnız 6 rayon büdcədən asılı deyil. Yerdə qalanlar isə ölkənin təhsilindən, səhiyyəsindən kəsilərək onlara vəsait yönəldilməsini gözləyir. Bəs o regionlarda yeni iş yerlərinin yaradılması və vergi ödəmələrində faizlər nə zamana qədər aşağı olacaq?".
Z.Orucun sözlərinə görə, referendumdan sonra kadrların dəyişikliyi baş verəcək, yeni iş prinsiplərini hər kəs qəbul etməyə məcbur olacaq: "Ölkədə iqtisadi islahatlar dərinləşəcək, hökumətin fəaliyyətinə yeni xarakter veriləcək. Bəlkə də ASAN hökumət modeli tam bərqərar olunacaq. Referendumdan sonra kadrların dəyişikliyi baş verəcək, yeni iş prinsiplərini hər kəs qəbul etməyə məcbur olacaq. Bu, digər hakimiyyət qollarında da islahatlar prosesini sürətləndirəcək. Bu dövrdə Azərbaycanı dinamik bir inkişaf səviyyəsində gözləyirəm. Uğurlar bizimdir, buna iqtisadi baza kimi söykənə bilərik. Ancaq son 6 ayda manatın dollar qarşısında mövqeyini itirməsi maliyyə-bank sektorunda özünü göstərən xəstəlikləri bir az da dərinləşdirib. Rusiyadan fərqli olaraq Azərbaycan beynəlxalq iqtisadi sanksiyalara məruz qalmayıb. Əhalinin sosial həyatına mənfi təsir göstərən bu hallar nə üçün davam etməlidir? Son aylar qiymət bahalaşması özünü göstərir, hətta bir sıra yerlərdə artıq topdansatış qiymətləri dayanıb. Bu, birbaşa əhalinin alıcılıq qabiliyyətinə təsir edir. Hökumətin müvafiq iqtisadi maliyyə sektoru fəal bir şəkildə prosesə müdaxilə etməlidir. Hesab edirəm ki, prezidentin atacağı yeni addımlar sayəsində ölkədə maliyyə sabitliyinə, iqtisadi, siyasi, sosial və beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə nail olmaq mümkün olacaq".