MSK və DİN Şirvanda referendumla bağlı seminar-müşavirə keçirib Siyasət

MSK və DİN Şirvanda referendumla bağlı seminar-müşavirə keçirib

Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi (DİN) Şirvanda sentyabrın 26-na təyin olunmuş referendumla bağlı polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair zona seminar-müşavirəsi keçirib.
Tədbirin təşkilində məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub.
MSK və DİN tərəfindən birgə təşkil olunan seminar-müşavirədə komissiyanın, nazirliyin, 9 şəhər və rayonun DSK sədrləri, polis şöbələrinin əməkdaşları iştirak edib.
Seminar-müşavirədə seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edən MSK üzvü Qabil Orucov bildirib ki, belə maarifləndirici tədbirlər bundan əvvəl Gəncədə, daha sonra Şəki və Bakıda keçirilib və sentyabrın 15-dək davam edəcək.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. Çıxışında səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və MSK-ya gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
MSK üzvü İlkin Şahbazovun referendumun subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxışı da dinlənilib.
Sonda tədbir iştirakçılarına polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.