“Azərbaycan faktoru güclənir” Siyasət

“Azərbaycan faktoru güclənir”

Bədrəddin Quliyev: "Xristian təəssübkeşləri, erməni kəsimi, imperialist qüvvələr Türkiyənin mövqeyini zəiflətmək istəyirdilər"


Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə müsahibəni oxucularımıza təqdim edirik.

- Bu yaxınlarda Makedoniyaya səfər etmişdiniz. 100 minə yaxın türkün yaşadığı bu ölkədə vəziyyət, türklərin durumu necədir?
- Makedoniyada bu ilin dekabrında parlament seçkiləri keçiriləcək. Bizim məqsədimiz bu səfərlə Türk Hərəkat Partiyasına mənəvi dəstək vermək idi. Həm də Türk Hərəkat Partiyasından millət vəkili olan Enis İbrahimin toy mərasimi keçiriləcəkdi. Biz də bu səfərlə oradakı toplumu bir daha görmək, söhbət etmək, onlara mənəvi dəstəyimizi ifadə etmək istədik. Tədbirə Sosial Demokrat Partiyasından olan və hazırda Makedoniya daxili işlər naziri vəzifəsin daşıyan Oliver Spasovski də gəlmişdi. Onunla, eyni zamanda digər deputatlarla ünsiyyətdə oldum. Qeyd edim ki, hazırda Makedoniyada aralıq hökumət qurulub. Burada müxalifətin iqtidara gəlmək ehtimalı var. Eyni zamanda Türk Hərəkat Partiyasının da hakimiyyətdə təmsil olunmaq məsələsi var. Biz orada olduğumuz müddətdə Makedoniya Demokratik Türk Partiyası rəhbərliyində dəyişiklik oldu. Bu partiya hakimiyyətdə təmsil olunur. Türk Hərəkat Partiyası isə Sosial Demokrat Koalisiyasında təmsil olunur, dekabr seçkilərinə hazırlaşır. Bizim səfərimiz onlara mənəvi dəstək xarakteri daşıyırdı.

- Türkiyədə də səfərdə oldunuz. Bu qardaş ölkədə 15 iyul çevrilişindən sonra hansı yeniliklər müşahidə etdiniz?
- Türkiyədə millətçi kəsim, demokratiya tərəfdarları çevriliş cəhdindən sonra ölkə daxilində birgə mübarizə aparır. Çünki hamı bilir ki, hərbi çevriliş faktiki olaraq ölkənin dağılması deməkdir. Təəssüflər olsun ki, FETÖ formatında əksər kapitalist ölkələri Türkiyəni bölmək istədi. Sanki hamısı məqam gözləyirdilər ki, I Dünya Müharibəsi dövründə olduğu kimi, bu dəfə də Türkiyəni işğal etsinlər, parçalasınlar, dövlətin mövqeyini zəiflətsinlər. Onlar bu məqsədlərinə nail ola bilmədilər. Orada ən böyük şans odur ki, sərmayə və istehsalat baxımından orta təbəqə formalaşıb. Bu təbəqə cəmiyyətin indiki yaşam tərzini dəyişmək istəmir, əksinə, daha da irəli getmək istəyirlər. Sevindirici odur ki, bu kəsim Türkiyənin milli maraqlarını hər şeydən üstün tutur. Odur ki, Türkiyədə bütün şəbəkə və sistem birləşərək çevrilişin qarşısını aldı. Lakin FETÖ sistemi təsadüfi şəbəkə deyil. Xristian təəssübkeşləri, erməni kəsimi, imperialist qüvvələr Türkiyənin mövqeyini zəiflətmək istəyirdilər. Biz əvvəl deyirdik ki, hansısa məqamda Türkiyə Suriyaya daxil olacaq, türkmənlərə sahib çıxacaq, bölgədə mövqeləri güclənəcək. Hazırda 45 gündür ki, türk ordusu Suriyada Fırat Qalxanı adlı əməliyyat aparır. Bununla bölgədə bir çox ölkələrin dəngəsini pozdu. Türkiyə İŞİD-ə, PKK-ya, PYD-yə qarşı mübarizədədir. Bu qurumlar əslində bir mərkəzdən idarə olunur. İndi Türkiyədə sanki yeni sistem qurulur. Daxildə də müəyyən işlər gedir, prezidentin səlahiyyətlərinin artırılması, Konstitusiya islahatları ətrafında müzakirələr gedir. Həm də siyasi partiyalar daxilində, özünüidarəetmə orqanlarında, fərqli qurumlarda FETÖ ilə bağlı qüvvələr var. Bu qüvvələrin də təmizlənməsi məsələsi var. Əlbəttə, FETÖ-ya qarşı mübarizə 100 minlərlə insanı əhatə edib, bəzən günahsızlar da olub. İndi bu işlər aydınlaşdırılır. Bizim bütün layihələrimiz Türkiyə ilə birgə gedir, orada 20 milyarda qədər yatırımımız var, TAP layihəsi var, Şahdəniz qazını bu yolla Avropa bazarına çıxarmaq istəyirik. Eyni zamanda Petkim kimi neft-qaz sənayesinə investisiya qoyulub. Biz arzu edək ki, regionumuzda sabitlik olsun.

- Son zamanlar Rusiya-Türkiyə yaxınlaşması müşahidə edilir. Regional proseslər Azərbaycan üçün hansı dvidentlər gətirə bilər?
- Mən öncədən də qeyd edirdim ki, artıq erməni faktoru, kürd faktoru tədricən yox olur, ortaya Azərbaycan faktoru çıxacaq. Azərbaycanın yerləşdiyi region o qədər əhəmiyyətlidir ki, gələcəkdə bizim yaşadığımız coğrafiya diqqət mərkəzində olacaq. Rusiya-Türkiyə yaxınlaşması faktiki erməni faktorunu arxaya atır. Rusiya özü də Qara dənizdə və Qafqazda Amerika ilə müqayisədə Türkiyənin mövqelərinin güclənməsini istəyir. İqtisadi, siyasi, hərbi baxımdan Azərbaycan üçün əlverişli şərait yaranır. Ancaq əlbəttə ki, burada unutmaq lazım deyil ki, bazar Avropa bazarıdır. Biz neft-qaz kəmərlərini Avropaya çəkirik. Odur ki, biz Türkiyə-Avropa, Rusiya-Avropa münasibətlərini də nəzərə almalıyıq. Gələcəkdə bizim istehsal edəcəyimiz qazın əsas alıcısı da Avropa olacaq. Biz bu konteksdə vəziyyətdən öz xeyrimizə maksimum istifadə etməliyik. Məsələn, yaxın gələcəkdə Türk Axını işə düşərsə, bizim layihələrimizin rentabelliyi azala bilər. Üstəlik nəzərdə tuturduq ki, Xəzər dənizi hövzəsi ölkələrinin enerji daşıyıcıları bu layihəmiz əsasında Avropa bazarına çıxa bilər. Bir də Rusiya-Avropa münasibətləri vacibdir. Nəzərə almaq lazımdır ki, bura həm də rəqabət bazarıdır. Əlbəttə, əvvəl dünya bazarında neftin qiyməti yüksək idi və bizim ə vəziyyətimiz normal idi, bəzi layihələri özümüz həyata keçirə bilirdik. Gələcəkdə Qərb-Rusiya münasibətləri çərçivəsində neftin qiymətinin 25-35 dollara qədər enməsi ehtimalının mümkünlüyü irəli sürülür. Eləcə də ərəb dünyası ilə Amerika arasında müəyyən ziddiyyətlər yarandığından Yaxın Şərqdə gedən ciddi qarşıdurmalar davam edə bilər. Həmçinin bölgədə Rusiya-İran-Türkiyə münasibətləri fonunda məsələlər var. Məsələn, İstanbulda baş tutan enerji sammitində İran təmsil olunmadı. Odur ki, biz bu məsələləri nəzərə alaraq uğurlu çıxmalıyıq. Onsuz da İran-Rusiya, İran-Türkiyə və İran-Səudiyyə Ərəbistanı münasibətlərində kəskinləşmə ola bilər. Bu bizim istəyib-istəməməyimizdən asılı məsələ deyil. Enerji daşıyıcılarının qiymətinin aşağı salınmasında İranın oynadığı rola görə, Rusiya üzünü göstərəcək. Həmçinin Rusiya Suriyadan sonra Yaxın Şərqdə nüfuzunu genişləndirmək istəyəcək. Bu zaman Rusiyaya müttəfiqlər lazım olacaq. Türkiyə ən güclü müttəfiq ola bilər. Odur ki, Azərbaycan daxilində güclü sabitlik olmalıdır.