İran Azərbaycana, yoxsa Ermənistana üstünlük verir? Siyasət

İran Azərbaycana, yoxsa Ermənistana üstünlük verir?

"Atlas" Araşdırmalar Mərkəzi: "Ermənistan kiçik dövlətdir, bazar da kiçikdir, potensialı yoxdur"

"Hiss olunur ki, İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə çalışır. Onun "indiki münasibətlərimiz yaxşıdır, amma bundan daha yaxşı edə bilərik" sözləri də bundan xəbər verir. Hazırda İranla Azərbaycan arasında bir neçə birgə layihə var ki, onların reallaşması iki ölkə arasındakı əlaqələri daha üst səviyyəyə qaldırmalıdır. Birinci layihə Astara (Azərbaycan) – Astara (İran) dəmiryol xəttidir. Bu yeni dəhlizdir və Cənubla Şimalı birləşdirir. Astara-Astara dəmiryol xəttinin tikintisinin 2016-cı ilin sonuna kimi başa çatdırılması planlaşdırılır".
Bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin hesabatında yer alıb. Hesabatda həmçinin bildirilir ki, ikinci layihə sonrakı mərhələdə Astara-Rəşt dəmiryol xəttinin tikintisidir: "Birinci layihədən fərqli olaraq bu dəmir yolunun tikintisi bir qədər uzun çəkəcək. Çünki bu xəttin uzunluğu 160-170 km-dir. Problem ondadır ki, bu dəmiryol xətti İran ərazisində bəzi yerlərdə insanların evlərindən, təsərrüfatlarından keçəcək. Texniki məsələlərin həlli vaxt aparacaq.
Üçüncü layihə Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində dərman zavodunun tikintisidir. Bu zavod hər iki dövlətin müxtəlif növ dərman preparatlarına ehtiyacını ödəməlidir. Bundan başqa İran Azərbaycan ərazisində xəstəxana tikmək istəyir. Məlumdur ki, Azərbaycan vətəndaşlarının bir hissəsi müalicə üçün İrana gedirlər. İranda tibdi xidmət və dərmanlar nisbətən ucuzdur. Azərbaycanda İrana bağlı xəstəxana olarsa iranlı həkimlər Azərbaycana gələcəklər.
Dördüncü layihə Azərbaycanın Neftçala rayonunda İranla Azərbaycanın birgə fabrikinin işə başlamasıdır. Bu zavodda İran avtomobillərini istehsalı nəzərdə tutulub.
Bu layihələrin reallaşması noyabrın 28-də Bakıda İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə olunacaq. Komissiyada prezidentlərin növbəti görüşünün proqramı da hazırlanacaq".
Analitik materialda qeyd olunur ki, Azərbaycanla İran arasında artan əməkdaşlığına baxmayaraq, Tehran-İrəvan əlaqələri əvvəlkitək Azərbaycanı narahat edir: "Yaxın günlərdə İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfər edəcək. Bu Ruhanin Ermənistana ilk səfəri olacaq. Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə iki dəfə görüşüb. Buna baxmayaraq, Həsən Ruhaninin Ermənistana səfəri, keçirəcəyi görüşlər və imzalanacaq sazişlər Bakıda müzakirə predmeti olacaq. Həsən Ruhani İlham Əliyevlə görüşlərində Dağlıq Qarabağ münaqişəsindən danışarkən, Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğuladığını söyləyib. İranın dini lideri Əli Xamaneyi də çıxışarında bir neçə dəfə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi dəyərləndirdiyini deyib. İndi İran prezidentinin eyni sözləri İrəvanda təkrarlamasına ehtiyac var. İrəvanda veriləcək bu cür açıqlama Azərbaycanda müsbət qarşılanacaq. Ancaq bu ifadənin əvəzinə "biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq" sözləri işlənərsə bu rəsmi İrəvanın xeyrinə olacaq.
Aydındır ki, İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığını üstələyir. İranla Azərbaycan arasında konkret layihələr var, dəmir yolu tikilir, birgə zavod və fabriklərin tikintisinə başlanacaq. İranla Ermənistan arasında konkret ortaq layihə azdır. Ermənistan kiçik dövlətdir, bazar da kiçikdir, potensialı yoxdur. Yəni praqmatik baxımdan da İrana Azərbaycanla əməkdaşlığı genişləndirmək daha məqbuldur. Bütün hallarda Azərbaycan cəmiyyətinin İrandan ən böyük gözləntisi odur ki, Tehran Ermənistan siyasətində Azərbaycanın maraqlarını ön planda tutsun.
Buna baxmayaraq, rəsmi Bakı İranın daxili işlərinə qarışmır, "Tehran niyə işğalçı Ermənistanla sıx əlaqələr qurur" sualını gündəmə gətirmir. Bunun əvəzində isə İran rəsmiləri əvvəlkitək Azərbaycan-İsrail münasibətləri haqqında narahatlıqlarını dilə gətirir, bu barədə mediaya açıqlama verirlər. Doğrudur, əvvəlki illərdən fərqli olaraq bu açıqlamaların itensivliyi azalıb. Ancaq, bu mövzunu yenə ara sıra xatırladırlar. İsrailin baş naziri Benyamin Netanyahi dekabrın 13-də Azərbaycana səfər edəcək. Böyük ehtimalla bu səfərdən sonra da Tehranda bəlli açıqlamalar səsləndiriləcək. Azərbaycan rəsmilərinin iranlı həmkarları ilə açıq və qapalı görüşlərdə daima təkrarladığı "İsrail və ya ABŞ-la əməkdaşlıq İrana qarşı yönəlməyib" açıqlamaları da hələ ki, Tehranı sakitləşdirmir".