AXCP ilə Müsavat arasında qarşıdurma yeni müstəvidə Siyasət

AXCP ilə Müsavat arasında qarşıdurma yeni müstəvidə

Niyaməddin Orduxanlı: "Bunun əsas səbəbi İsa Qəmbərlə Əli Kərimli arasında olan potoloji nifrətdir"
Əflan İbrahimov: "Qarşılıqlı təhqirlər bundan sonra da davam edəcək"
Leyla Əliyeva: "Əli Kərimli Milli Şuranı uçurum astanasına gətirib"

AXCP ilə Müsavat arasında yenidən gərginlik başlayıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyası ilə qarşılıqlı ittihamların dayanmasının səbəbi barədə "Yeni Müsavat" qəzetinə verdiyi açıqlama ilə yeni gərginliyə yol açıb. Qeyd edək ki, Fuad Qəhrəmanlı Müsavat Partiyası ilə gərginliyin yaranmasının partiyanın real, inandırıcı səbəb gətirmədən, bəhanə ilə Milli Şuradan çıxması ilə bağlı olduğunu bildirib. Sonra isə deyib ki, artıq cəmiyyətə hər şey aydın olduğu üçün polemikalara ehtiyac yoxdur: "Biz o zaman bildirmişdik ki, Müsavatın addımı hakimiyyətin müxalifəti, Milli Şuranı bölmək ssenarisinin tərkib hissəsidir. Biz, sadəcə olaraq, Müsavat Partiyasının Milli Şuradan ayrılmasının motivləri barədə cəmiyyəti məlumatlandırmaq istədik. İstədik ki, Azərbaycan cəmiyyəti bilsin ki, Müsavat Partiyası Milli Şuranı hansı səbəbdən tərk edib, bu, demokratik proseslərə qarşı hakimiyyətin həyata keçirdiyi planın tərkib hissəsidir. Bununla bağlı artıq kifayət qədər müzakirələr getdi, cəmiyyət hər şeyi bildi. Siyasi prosesin tələbidir ki, əgər hakimiyyətin hər hansı müxalifət düşərgəsi ilə bağlı planları varsa, müəyyən ssenariləri hdəyata keçirilirsə, hdəmin ssenari ifşa olunmalıdır ki, cəmiyyət prosesin mahiyyətindən xəbərdar olsun. Mən hesab edirəm ki, biz bu istiqamətdə çox uğurlu bir təbliğat kampaniyası apardıq. Bütün detallar ictimaiyyət üçün aydın oldu".
Fuad Qəhrəmanlının bu açıqlaması AXCP-Müsavat savaşında təxminən 10 gündür davam edən atəşkəs rejimini pozub. Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Fuad Qəhrəmanlının bu sözlərinə cavab olaraq bildirib ki, Müsavatı hakimiyyətin hansısa planını reallaşdırmaqda ittiham etmək siyasi savadsızlıqdan başqa bir şey deyil: "Müttəfiq saydıqları partiyanı "ifşa" etməkdənsə, öz keçmişlərinə baxsalar, kifayət qədər şübhəli və qaranlıq məqamlar görə bilərlər. Bu iddialar gülünc və əsassızdır. Adama deyərlər, öz gözündə tiri görməyən, başqasının gözündə tük axtarmaz. Əminəm ki, vaxtilə AXCP-nin rəhbərliyinə daxil bir neçə nəfərin Müsavata qarşı sərgilədiyi destruktiv mövqe sıravi cəbhəçilər tərəfindən qətiyyən dəstəklənmir. Əksinə, bu, onların özlərində də ikrah hissi doğurur". Onun sözlərinə görə, Fuad Qəhrəmanlı həmişəki kimi cəfəngiyyat danışır. Onun Müsavat Partiyası haqqında dedikləri yalan və böhtandır. Tural Abbaslı qeyd edib ki, təmsil olunduğu partiya heç zaman AXCP-yə qarşı hansısa təhqir edici ifadə söyləməyib: "Müsavat Partiyası heç vaxt AXCP-yə qarşı hansısa təhqiredici fikirlər söyləməyib. Biz yalnız onların haqqımızda dediklərinə cavab vermişik".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı diqqətə çatdırıb ki, Müsavat partiyası ilə "Yurd" arasında olan qarşıdurma heç zaman bitməyib: "Bu son 20 ildə həm açıq və ya gizli formada davam edib və bu gün də davam etməkdədir. Bunun əsas səbəbi İsa Qəmbərlə Əli Kərimli arasında olan potoloji nifrətdir. Hər iki şəxs bir - birinə nifrət edirlər. Bir-biriinə qarşı amansız mübarizə aparırlar...".
Müxalifətdaxili ziddiyyətlərə, AXCP və Müsavat arasında yaranan münaqişlərə münasibət bildirən "EL" Hərəkatı Parrtiyasının sədri Əflan İbrahimov vurğulayıb ki, müxalifətdəki intriqalar, qarşılıqlı ittihamlar və bir-birilərinə qarşı təhqirlər bundan sonra da davam edəcək: "Çünki bu insanlar sağlam ideya ətrafında yığışmayıblar. Müxalifətdəki liderlərin, funksionerlərin hamısı ya keçmişdə bu xalqa xəyanət edənlərdir, ya da uzun illərdir ki, müxtəlif dairələrin maraqlarına işləyirlər". O, qeyd edib ki, əslində Müsavat və AXCP arasında ikinci dərəcəli şəxslər arasında gedən dava-dalaş İsa Qəmbər və Əli Kərimli arasında gedən savaşdır: "Sadəcə, nə İsa Qəmbər, nə də Əli Kərimli özləri açıq şəkildə bir-biri ilə atışmaq istəmirlər. Amma hər ikisinin müavinləri birbaşa onların tapşırıqlarını yerinə yetirir. Bu adamlar yaxın müddətə tamamilə siyasətdən də gedəcəklər. Çünki normal siyasi mübarizə kursu olmadan uzun müddət fəaliyyət göstərmək də mümkün deyil".
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyası ilə AXCP arasında yaranan gərginliyə münasibət bildirərkən "onların bir yerdə olması gözdən pərdə asmaq üçün oyun idi və burada da xalq, dövlət maraqları deyil, şəxsi maraqlar dururdu. Bu yolla onlar xarici qüvvələrdən hansı təminatlar ala bilmələri, nə qopara bilmələri haqqında düşünürdülər",- deyə vurğulayıb. Siyavuş Novruzov deyib ki, son nəticədə hamı şahid oldu ki, bu iki təşkilat alt qatda nə qədər bir-birinə nifrət edən təşkilatlardır: "Çünki bunların marağı Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf yox, öz şəxsi maraqlardır. Bunlar siyasəti gəlir mənbələri, maddi təminatlarının həll olunması üçün bir vasitəyə çeviriblər. Burada da maraqlar toqquşanda, bunlar təbii ki, öz maddi maraqlarını ümumi siyasi maraqlardan üstün tuturlar".
Eks spiker Rəsul Quliyev isə AXCP və Müsavat partiyalarını da sərt tənqid edib. Onun sözlərinə görə, bu partiyaların liderləri ölkənin gələcəyini düşünmürlər: "Özlərini ana müxalifət hesab edən AXCP və Müsavat partiyaları bu günkü liderləri ilə ölkənin gələcəyi üçün düşünürlərmi, əlbəttə yox, kimsə desə bu belə deyil, anektoda oxşayar. Açıq danışaq bu insanların Avropa İttifaqı ölkələri və ABŞ-ın tam dəstəyilə hakimiyyətə gəlmək şansları var, əlbəttə yox. Bu qüdrətli ölkələr kuklaların başçılığı altında heç vaxt ölkə yarada bilməyəcəklərini çox gözəl bilirlər. Və heç vaxt heç yerdə yarada bilməyiblər. Ölkədə kənar dövlətlərin istəyi ilə heç vaxt hökumət qurmaq mümkün deyil. Elə bir şey mümkün olsaydı Rusiya 20 il öz ölkəsində saxladığı, Azərbaycanı Rusiyanın bir quberniyası kimi görmək istəyən Mütəllibovu 100 dəfə hakimiyyətə gətirərdi". Rəsul Quliyev əlavə edib ki, sabiq prezident Ayaz Mütəllibovun fəaliyyəti dövründə onun xalq arasında hörməti olmayıb: "Niyə bu işi görmədi, çünki Mütəllibovun xalq arasında hörməti və dəstəyi yox idi. İndi götürün bu liderləri və Mütəllibovla müqayisə edin. Onların hörmət və dəstəyi Mütəllibovdan da qat-qat aşağıdır, bəlkə bu belə deyil, mən bilmirəm. Bu insanlara "çıx get" demək tək mənim yox, hər bir vətəndaşımızın borcudur".
Milli Şuradan istefa verən politoloq Leyla Əliyeva deyib ki, sanki indi Milli Şura bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir: "Ümumiyyətlə Milli Şuranın zəif tərəfləri həmişə olub. Sadəcə, seçkiöncəsi dövrdə bu məqamlar o qədər də üzə çarpmayıb. Aydın deyildi ki, Milli Şuraya qoşulan partiyalar bura nəyin əsasında gəlib. Əsas problem Milli Şuranın seçkidən sonra transformasiya olunmaması idi". Onun sözlərinə görə, Milli Şurada yaranan böhranlı vəziyyətə görə AXCP-nin məsuliyyət daşıyır: "Əli Kərimli Milli Şuranı uçurum astanasına gətirib. Bu qurumun buraxılması qacılmazdır. Əli Kərimli isə bu reallıqla barışmaq istəmir. Səbəb də, bu qurum vasitəsi ilə Əli Kərimlinin kənar qüvvələrdən maliyə yardımları almasıdır. Yəni Əli Kərimli şuraya gəlir mənbəyi kimi baxır".

Əli