Xalq diplomatiyası yenidən gündəmə gətirildi Siyasət

Xalq diplomatiyası yenidən gündəmə gətirildi

"Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma" Azərbaycanın uğuru sayıla bilərmi?


20 ildən artıq davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, işğal altında olan ərazilərimizin azad edilməösi istiqamətində münaqişənin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilat və qurumların problemin həllinə olan biganəliyi Azərbaycanı müəyyən addımlar atmaq məcburiyyətində qoyur. Belə ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı son aylar "xalq diplomatiyası"na da üstünük verməyə başlayıb. Bu arada onu da qeyd etmək yerinə düşər ki, əvvəlki illərdə də bir neçə dəfə xalq diplomatiyası ideyası gündəmə gəlib və hətta qarşılıqlı səfərlər də təşkil edilib. Lakin sonradan Ermənistan tərəfinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe bu ideyanın davam etdirilməsinə mane olub. Hazırda isə sözügedən ideya bir qədər fərqli formatda həyata keçirilir. Bu dəfə xalq diplomatiyasının əsas təşəbbüskarları və onun iştirakçıları da tamamilə fərqli insanlardır. Yəni hər iki ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, elə Ermənistan hakimiyyətinin qatı tənqidçilərinin noyabr ayının əvvəllərində Bakıda təşkil edilən beynəlxalq konfransa dəvət edilmələri də bu siyasətlə bağlıdır: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 səhifəlik yazısında bu yanaşmaya geniş yeri verildi. Məqalədəki əsas tezislər bunlar idi: "İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və "yerlərdə" müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər...". "Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir..."; "erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil..."; "Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi". Ramiz Mehdiyevin bu tezislərindən gəlinən əsas qənaət budur ki, Prezident Administrasiyasnın rəhbəri "xalq diplomatiyasının" tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır". Politoloq deyir ki, bu arada, "Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma"nın yaradıldığı bildirilir. Ermənistan tərəfdən platformanın yaradılması ilə bağlı birgə bəyanatı imzalamış şəxslər elə Bakıdakı konfransda iştirak edənlərdir:
"Bəyanatda əsas fikir bundan ibarətdir ki, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanımaqla Dağlıq Qarabağ müanqişəsinin sülh yolu ilə həllini sürətləndirməlidirlər. Ayrıca, sənəddə işğal altındakı torpaqların boşaldılması, qaçqınların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi hüququ vurğulanır. "Sülh platforması" hər iki ölkədən ictimai fəalların qoşulması üçün acıqdır". "Atlas" Araşdırmalar Mərkəzinin sədrinin sözlərinə görə, beləliklə, bu platormanın yaradılması Azərbaycanın uğuru sayıla bilər: "Çünki, platforma və orada qeyd olunan bəndlər Ermənistan cəmiyyətində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən insanların varlığını göstərir. Önəmli olan Ermənistanda Dağlıq Qarabağın Azərbaycana adi olduğunu qəbul edən insanların sayının artmasına nail olmaqdır ki, onlar bu ətrafda fikir mübadiləsini genişləndirməklə öz cəmiyyətlərinə təsir edə bilsinlər. Bu bir beyin oyunudur və bu oyunda da işğalçıdan irəli olmağı bacarmalıyıq".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə belə bir təşəbbüsü təqdir edərək onun reallaşmasını, daha geniş bir çevrəni əhatə etməsini arzulayıb. Politoloq onu da diqqətə çatdırıb ki, ilk növbədə həmin platformaya qoğulan erməni vətəndaş cəmiyəti nümayəndələrinin status, erməni cəmiyyətinin onlara olan münasibəti də nəzər alınmalıdır: "Həmin sənədə imza atan ermənilər öz ölkələrində heç də birmənalı qarşılanmırlar. Həm dövlət, həm də xalq tərəfindən onlara qarşı olan münasibət yaxşı deyil və sanki satqın kimi qəbul olunurlar. Ona görə də hesab edirəm ki, əsas işimiz bundan ibarət olmamalıdır". Politoloq Məhəmməd Əsədullazadə onu da əlavə edib ki, eyni zamanda belə təşəbbüslər Azərbaycanın sülhpərvər imicini formalaşdırmaq, bizim slüh tərəfdarı olduğumuzu dünyaya nümayiş etdirməklə yanaşı, yni zamanda munaqişənin həllinə də müəyyən mənada mənfi təsir göstərir: "Bu ilin aprel ayında cəbhədə baş verən döyüşlərdən sonra Ermənistan tərəfi üzləşdiyi acı məğlubiyyətdən sonra kompromisə razi idi. Ancaq Rusiya buna imkan vrmədi. Ona görə də hesab edirəm ki, ilk növbədə Rusiya ilə iş aparılmalıdır. Çünki bu gün Ermənistanın regionda bir nömrəli himayədarı məhz Rusiya Federasiyasıdır. Son silah sövdələşməsi, Rusiya-Ermənistan hərbi birliyinin yaradılması ideyası fonunda bunun əyani şahidi olduq".