BMT-nin sülhməramlı missiyaları azaldılacaq Dünya

BMT-nin sülhməramlı missiyaları azaldılacaq

BMT-nin sülhməramlı missiyaları maliyyə çətinlikləri səbəbindən azaldılacaq.

APA xəbər verir ki, bunu BMT Baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan Piyer Lakrua deyib.

“Bizim bu ixtisarları həyata keçirməkdən başqa seçimimiz yoxdur. Çünki, bəzi dövlətlər ödəniş etmirlər. Beynəlxalq ictimaiyyət bölünüb. Buna görə də, böhranlara kollektiv cavab verilməsi ehtimalı azalır” BMT rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəl də BMT rəsmiləri sülhməramlı missiyaların maliyyələşdirilməsində 16-17 faiz azalma olduğunu bəyan etmişdilər.

2025-2026-cı illərdə BMT-nin sülhməramlı missiyaları üçün ümumi məbləğ 5.4 milyard dollar nəzərdə tutulmuşdu.

ABŞ bu məbləğin 1.3 milyardını ödəməli idi, lakin sonradan yalnız 682 milyon dollar ödəniş edəcəyini elan etmişdi.

ABŞ prezidenti Donald Tramp dəfələrlə beynəlxalq təşkilatların Amerikadan sui-istifadə etdiyini iddia edib və bəzi qurumlara maliyyə dəstəyini azaldıb.