Netanyahunun 20 ildən sonra Bakı səfəri Siyasət

Netanyahunun 20 ildən sonra Bakı səfəri

Politoloqların fikrincə, bu səfər Ermənistanı ciddi surətdə narahat edib

İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri başa çatsa da yerli politoloqlar tərəfindən hələ də səfərin nəticələri müxtəlif aspektlərdən çözülməkdədir. Bu səfərin iki dövlət arasında münasibətlərə müsbət təsir göstərəcəyi və Tıl-Əvivin Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının yanında olacağı əsas hədəf kimi götürülür.
Politoloq Arzu Nağıyev deyib ki, İsraillə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq Ermənistanı ciddi surətdə narahat edir.
Ekspertin sözlərinə görə, sözügedən səfər hərbi, iqtisadi və siyasi xarakter daşımaqla, ümumilikdə böyük əhəmiyyətə malik oldu:
"Ümumiyyətlə, İsrail baş nazirinin Azərbaycan Prezidenti ilə təkbətək görüşü və imzalanan müqavilələr, həmçinin müzakirə olunan məsələlərin çoxşaxəliliyi baxımından dünyada da çox mühüm səfər kimi qiymətləndirilir. İsarillə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq İrəvanı o qədər narahat edir ki, hətta yəhudilərə dünyadakı erməni lobbisi vasitəsilə təsir etməyin zəruriliyini irəli sürürlər. Dağlıq Qarabağ münaqişəsinin həllində İsrailin tutduğu ədalətli mövqe və Bakı-Tel-Əviv əlaqələri Ermənistanı çox ciddi narahat edir. Bir-iki qonşu dövlət, əlbəttə, Azərbaycan-İsrail münasibətlərinin inkişafının əleyhinədir, ancaq Bakı İsraillə münasibətlərini yüksək səviyyədə qurmaqla bərabər, Fələstin məsələsində də mövqeyini qoruyur. Diqqət etdinizsə, Bakıda müzakirə olunan məsələlərdən biri də Fələstin məsələsi idi. Yəni Bakı ədalətli və balanslı siyasət yürüdür. Həmçinin, bəzi müsəlman ölkələrindən fərqli olaraq, haqlı davamızda bizi dəstəkləyən İsraillə münasibətlərini daha da inkişaf etdirir".
Politoloq onu da bildirib ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsində Azərbaycanın barışdırıcı rol oynaması da səfərin əsas və dünyanın diqqət etdiyi məqsədlərindən biridir.
Politoloq Vasif Əfəndi isə bildirib ki, İsrail dövləti Türkiyə və Pakistanla yanaşı strateji müttəfiqimizə çevirilməkdədir.
İranın Ali Dini rəhbəri Xamneyinin qərbi Atrapatakan əyaləti üzrə şəxsi nümayəndəsi Səid Mehdi Qureyşi İsrail Baş naziri Netenyahu cənablarının Azərbaycana səfərini təhlükə kimi qiymətləndirib: "Özünü İslam təəssübkeşi kimi qələmə verən İran hakimiyyətinin erməni sevgisi bir yana dursun. İranın siyasi hakimiyyətinin 100 ildir ki, müsəlman türklərə ən alçaq yollarla xəyanət etmiş bir dövlətə hərbi-iqtisadi dəstək vermələri həyasızlığı fonunda belə bir bəyanat verməyin adı çox ağırdır. Ermənistan qoşunlarının Azərbaycandan çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının məlum qərarının qəbul olunmasında İsrail və Türkiyənin əvəzsiz xidmətləri olduğu halda İran həmin qərarın əleyhinə səs vermişdi. Azərbaycan hakimiyyətin rus-fars-erməni birliyini neytrallaşdırmaq üçün atdığı addımlar təbii ki, bu qüvvələri narahat etməlidir. Qonşu dövlətlərin dövlətimizin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı atılan hər hansı addımları çevik siyasi manevrlərlə neytrallaşdırılması Azərbaycanın haqqıdır. Hesab edirəm ki, bu səfərdən sonra Azərbaycanın İsraildə səfirliyi açılması gündəmə gəlməlidir. Artıq bu istiqamətə siyasi balansın gözlənilməsi öz limitini başa vurmuşdur. İsrail dövləti Türkiyə və Pakistanla yanaşı strateji müttəfiqimizə çevirilməkdədir. Bu münasibətlərin daha da inkişaf etməsini gözləyirik".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə isə, İsrailin baş naziri Binyamin Netanyahunun ölkəmizə səfəri son illər iki ölkə arasında əlaqələrinin yüksək səviyyədə olmasının nəticəsidir. İsrail Azərbaycanın neft alıcısı və silah ixratcısı olaraq əsas tərəfdaş kimi özünü Aprel savaşında Azərbaycanın yanında sözdə yox, əməldə olduğunu göstərdi. Yaxın Şərqdə gedən geopolitik mübarizədə və bunun Cənubi Qafqaza birbaşa təsiri qaçılmaz olaraq, regionun aparıcı ölkəsinin Azərbaycanla sıx siyasi-hərbi əməkdaşlığı digər ölkələrə qarşı yönəlməyib. İki ölkə arasında hərbi-texniki və təhlükəsizlik və kəşfiyyat sahələrində sazişlər imzalanıb: "Azərbaycan İsraildən "Dəmir Gümbəz" raketdən müdafiə sistemlərinin yeni nəslini həmçinin modern kəşfiyyat sistemlərini alaraq, düşmənin dərinlikdə hərəkətini müşahidə etmək iqtidarında olacaq. Ermənistan İsrail-Azərbaycan əlaqlərini özlərinə qarşı hesab edirlər. Artıq, Ermənistan heç bir danışıqlara qatılmır və cəbhədə müharibənin bərpası mümkündür. Bu situasiyada Netanyahunun səfəri və alınacaq silahlar Ermənistanda şok effekti yaratmaqdadır. Ermənistan bu səfərdən sonra, İranla əməkdaşlığı genişləndirmək, Azərbaycana qarşı propaqanda siyasətini davam etdirəcəklər. Təəssüf ki, İsraillə Azərbaycanın əməkdaşlığından narahat olan İranın son günlər iddiaları əsassızdı. İran Aprel savaşında, sadəcə quru bəyanatlar verərək, Ermənistan tərəfindən atılan top mərmilərinə görə Ermənistanı deyil, əsassız olaraq Azərbaycanı ittiham edirdi. İran həmçinin İsrail hərbi mütəxəssisləri tərəfindən Azərbaycanın havadan müdafiə sisteminin modern təkmilləşdirməsindən narahatlıq keçirir. Çünki, İran Azərbaycana qarşı təzyiq üçün öz hərbi təyyarələri ilə Azərbaycanın hava məkanını vaxtilə pozurdu. İsrailin bu sahədə Azərbaycana verdiyi hərbi dəstəyi İranın manevr imkanlarını zəiflətməkdədir".
Vurğulamaq lazımdır ki, bir neçə ay İran prezidentinin Ermənistana səfərinin təxirə salınması, məhz Azərbaycan amili ilə bağlı idi. İran İsrail baş nazirinin Azərbaycana səfərini və burada imzalanacaq sazişləri gözləyirdi. Çox güman ki, gələn ilin ilk ayında Ruhaninin İrana rəsmi səfəri baş tutsun. Ermənistan ərazisindən keçməklə, Avropaya nəql olunacaq, qaz kəmərinin sazişi bağlansın: "İranla ölkəmizin ötəri soyuq münasibətlərinə baxmayaraq, iki ölkə arasında əlaqlər öz axarı ilə davam edəcək. İki ölkəni birləşdirən "Şimal-Cənub nəqliyyat " dəhlizi istifadəyə veriləcək. Bakıda İranla bağlanan əmədaşlıq sazişləri imkan verir ki, iki ölkə problemlərə getməyəcək.
Təbii ki, Ruhanin Yerevana səfəri baş tutarsa, orada imzalanacaq sənədlər Azərbaycanın maraqlarına ziddir. Çünki, burada Ermənistanı blokadan çıxartmaq üçün sazişlər imzalana bilər. Bura Ermənistan-İran dəmir yol xətti və Ermənistan-İran tranzit qaz kəmərinin inşasıdır. Ruhaninin Yerevan səfəri heç bir perspektivləri yoxdur. Çünki, Ermənistanın bütün iqtisadi-enerji sferası Rusiyanın inhisarındadır. Qeyd etmək lazımdır ki, İsrail Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini genişləndirilməsi üçün bu regionun aparıcı ölkələri ilə əlaqləri dərinləşdirir. Qazaxıstan Mərkəzi Asiyanın önəmli ölkəsidir. Burada aerokosmik meydanları İsrailin marağındadır. İsrail buradan kosmosa yeni peyklər göndərmək planına malikdir. Coğrafi baxımdan İsrailə yaxın olan bu region əlverişli şəraitə malikdir. Netanyahunun Bakı səfəri tarixi əhəmiyyətli bir səfərdir. Bundan sonra bu əlaqələrin inkişafını daha da şahidi olacağıq. Buna baxmayaraq, rəsmi Bakı Təl-Əvivdə öz səfərliyini açmağa tələsməyəcək. Amma, bunun vaxtdı çoxdan çatıb. Görünür Azərbaycan regionda müəyyən prosesləri nəzərə almaqdadır".
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycanda səfərdə olub. Bu, İsrail baş nazirinin 1997-ci ildən bu yana ilk səfəridir.