“Cari ilin aprel ayında indiyə qədər bizim üstümüzə gələn dalğaların qarşısı alındı” Siyasət

“Cari ilin aprel ayında indiyə qədər bizim üstümüzə gələn dalğaların qarşısı alındı”

Elxan Ələsgərov: "Bu böyük tarixi prosesin bir parçası idi"

"2016-cı ili Azərbaycan üçün uğurlu hesab edirəm. Çünki həm daxili, həm də xarici siyasət sahəsində il ərzində müəyyən irəliləyişlər əldə edilib. Daxili siyasət sahəsində cari ilin oktyabr ayında Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsi-referendumunu qeyd etmək olar. Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilən referendum dünyada qəbul edilmiş demokratik bir addımdır. Referendumda xalq Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatları dəstəklədi". Bu fikirləri "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov səsələndirib. O bildirib ki, ölkə rəhbərliyi və hökumətin atdığı müvafiq addımlarla neftdən sonrakı dövr üçün hazırlıqlar başladı: "Əlbəttə ki, bütün bunlar inqilabi xarakterli addımlar idi. Həmin addımlar ölkədə işgüzar şəraitdə, dövlətin nəzarəti altında həyata keçirildi. Qeyd etdiyim kimi xarici siyasət sahəsində də 2016-cı il uğurlu oldu. Cənab prezident il ərzində Birləşmiş Ştatlar, Almaniya, Fransa, Rusiya, Türkiyə, İran, eləcə də digər ölkələrə səfərlər etdi. Həmçinin ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri həyata keçirildi. Həmin səfərlər zamanı Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi əsas diqqət mərkəzində oldu. Bu arada bir məqama diqqət çəkmək istərdim. Belə ki, cari ilin aprel ayında cəbhə xəttində baş verən erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı Azərbaycana qarşı heç bir dövlət mənfi münasibət sərgiləmədi. Bu da öz-özlüyündə Azərbaycanın uğurlu xarici siyasətinin göstəricisi idi. Halbuki 1992-ci ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə baxmayaraq Birləşmiş Ştatlar ölkəmiz əleyhinə "907-ci düzəliş"i qəbul etmişdi. O illərlə indiki dövrü müqayisə etsək görərik ki, Azərbaycanın xarici siyasətində köklü dəyişikliklər baş verib. Nəticədə Azərbaycanın dünyadakı mövqeyi, nüfuzu o dərəcədə artıb ki, öz fikirlərimizi, mövqeyimizi açıq şəkildə ifadə edirik və onlar da bunu qəbul edirlər. Aprel hadisələri də bir daha sübut etdi ki, Azərbaycanın mövqeyi dünyada qəbul edilir. Digər mühüm nüanslara da diqqət çəkmək istərdim ki, bu da dövlətin daxilində həyata keçirilən islahatlarla bağlıdır. Belə ki, Müdafiə Nazirliyinə, Azərbaycan Ordusuna diqqət etsək görərik ki, bu əvvəlki nazirlik və ordu deyil. Eləcə də bu fikirləri digər nazirliklərə də şamil etmək olar. Ümumiyyətlə, görünən odur ki, hər bir sahədə irəliləyişlər var və bu irəliləyişlər nəticəsində Azərbaycan dövləti güclənir, daha da inkişaf edir. Dünyadakı maliyyə böhranına baxmayaraq Azərbaycanda maliyyə sistemi gücləndirilir. Bəzi mənfi hallara, çatışmamazlıqlara baxmayaraq Azərbaycan cəmiyyəti yalnız irəli addımlayır. 2016-cı ili ümumi olaraq belə qeyd etmək istərdim".
O bildirib ki, biz Dağlıq Qarabağ problemini, ümumiyyətlə Ermənistan və onun havadarlarının Azərbaycana qarşı işğalçılıq siyasətindən başlamalıyıq: "Çünki bu ölkə Azərbaycan torpaqlarını işğala məruz qoyub, onu talan edib. Bir milyona yaxın insanımızı öz yurd-yuvasından, Vətənindən didərgin salıb. Hazırda Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində uğurlu iş aparılır. Aprel döyüşləri bunun bariz nümunəsi idi. Cari ilin aprel ayında indiyə qədər bizim üstümüzə gələn dalğaların qarşısı alındı. Bu tarixi bir hadisə idi. Biz başa düşməliyik ki, bu böyük tarixi prosesin bir parçası idi. Azərbaycan dövləti, xalqı və rəhbərliyi bu dalğanın qarşısını alaraq irəli çıxdı. Bu bizim ən böyük nailiyyətimiz idi. Artıq ermənilər başa düşürlər ki, Azərbaycana qarşı dalğaların qarşısı alınır və bundan sonra dalğalar əks istiqamətdə olacaq. 2016-cı ilin ən böyük nailiyyəti o oldu ki, Azərbaycan xalqı uzun illər onun üzərinə gələn dalğanın qarşısını aldı. Nəticədə uzun illər erməni işğalı altında olan Azərbaycan əraziləri geri qaytarıldı. Bu bizim üçün ən böyük nailiyyətdir. Çünki biz tək bir Ermənistan deyil, böyük bir ittifaqa qarşı vuruşaraq nailiyyət əldə etmişik. Bu da bizə ümid verir ki, gələcəkdə Dsğlıq Qarabağ problemi, eləcə də digər məsələlər öz həllini tapsın".