“Ohanyan hərbi canidir” Siyasət

“Ohanyan  hərbi canidir”

Tahir Mirkişili: "Azərbaycan ərazisində bir çox faciələrin xüsusilə, Xocalı soyqırımının həyata keçirilməsində böyük rolu olub"

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan yenidən siyasi meydanda təmsil olunmağa çalışır. Keçmiş prezident Levon Ter-Petrosyanın Qarabağla bağlı səsləndirdiyi fikirləri Ohanyan cavabsız qoymayıb. Ohanyan bildirib ki, Qarabağ münaqişəsinin həllinə nail olmadan Ermənistanın inkişaf edə bilməyəcəyi barədə fikirlər fundanmental səhvdir və ya səmimi yanılmanın nəticəsidir.
Bununla belə, Ohanyan, ölkəsinin öz qonşuları, xüsusilə, Azərbaycanla sülh şəraitində yaşamağa borclu olduğunu xatırladıb.
Üstəlik, Ermənistanın səylərindən istifadə etməklə bunu həyata keçirə bilən şəxslərin olduğuna işarə edib.
Digər tərəfdən, keçmiş hərbi nazir, Ermənistanı inkişaf etdirməklə Qarabağ məsələsinin həll edilməsini və uzunmüddətli sülhə nail ola biləcəklərini deyib.
Maraqlıdır, Ermənistanın tanınmış siyasətçilərinin son zamanlar belə bəyanatlarla çıxış etməsi nəyə işarədir?
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişilinin qənaətinə görə, Ermənistanda Dağlıq Qarabağ məsələsinə ikili yanaşma var: "Xalqın, sadə insanların düşüncələri, hakimiyyətdə olmayan müxalifət yönümlü, bəzən də, daha praqmatik siyasət yürütməyə çalışan siyasətçilərin mövqeyi, üçüncüsü də, hakimiyyətdə olanların mövqeyi.
Bu yaxınlarda həm Ermənistan, həm də Azərbaycan tərəfdən Bakıda QHT-lər arasında sülh platformasına imza atıldı. Bu sülh platformasını oxuyan zaman və insanların fikirlərini bölüşən zaman məsələ aydın olur. Sadə insanları düşündürən əsas məsələ tezliklə iki ölkə arasında bu problemin ədalətli həll edilməsidir.
Sirr deyil ki, artıq erməni xalqı öz həyat tərzi, düşüncələri ilə nəinki Dağlıq Qarabağ, heç Ermənistanda da yaşamaq istəmirlər. Gələcəklərini daha çox xaricdə görürlər. Bu bir daha xalqın bu məsələyə olan yanaşmasıdır. İkinci yanaşma hakimiyyətdə olmayan müxalifyönlü siyasətçilərlə bağlıdır. Onlar da çalışırlar ki, bir qədər praqmatik olsunlar.
Petrosyanın verdiyi sonrakı çıxışlarda və Ohanyanın son dəfə səsləndirdiyi fikirlərdə məsələ ondan ibarətdir ki, münaqişə həll olmadan Ermənistanın gələcəyi yoxdur. Bu insanlar bunu anlamağa çalışırlar. Halbuki, bu tezisi Azərbaycan dəfələrlə bəyan edib. Həm keçmişdə, həm də bu gün. Münaqişənin həlli olmadan Ermənistanın inkişafı yoxdur və ola da bilməz. Ermənistan məhz münaqişəyə görə bütün beynəlxalq layihələrdən təcrid olunub".
Deputat bildirib ki, işğalçı siyasət aparan dövlətin müasir dünya iqtisadiyyatında, dünya arenasında yeri yoxdur: "Maraqlı məqamlardan biri bundan ibarətdir ki, praqmatik siyasət yürütməyə çalışan bəzi qüvvələr bunu anlamağa başlayıblar. Amma yenə də burada erməni bicliyi var.
Onlar dünyada olan ümumi sağlam fikirlərə, terminlərə istinad edərək özlərini yaxşı formada göstərmək istəyirlər. Digər tərəfdən də münaqişənin həllini özünəməxsus formada təqdim etməyə çalışırlar ki, bu da iki fikrin bir arada ola bilməməsindən irəli gəlir. Bu o deməkdir ki, onlar nəyisə həll etmək üçün çalışdıqlarını göstərmək istəyirlər. Digər tərəfdən isə məsələnin həllini beynəlxalq formalara zidd formada başa düşürlər.
Üçüncü qüvvələr isə hakimiyyətdə olan qüvvələrdir. Bir fikri demək istərdim ki, Dağlıq Qarabağ Ermənistan üçün milli ideya deyil. Uzun müddət Qarabağ məsələsi ərazi olaraq böyüdülmək üçün ortalığa atılmışdı. Bu gün Qarabağ Ermənistan və hakimiyyətdə olan qüvvələr üçün hakimiyyətdə qalmaq kimi bir ideyadır. Hakimiyyətdə olanların Qarabağ yanaşması bundan ibarətdir ki, Qarabağ məsələsi həll olunarsa, onda hakimiyyətdəkilər hakimiyyətin ömrünü uzada bilməzlər. Burada həm Sarkisyanın həm də digərlərinin bəyanatlarını görmək mümkündür. Burada da ikili bir yanaşma var".
Tahir Mirkişili, Ohanyanın dedikləri barədə danışarkən onun kim olduğunu da xatırladıb.
"Ohanyan hərbi canidir. Azərbaycan ərazisində bir çox faciələrin xüsusilə, Xocalı soyqırımının həyata keçirilməsində böyük rolu olub. Onun kimi bir cani müdafiə naziri ola-ola hərbi bir quruma başçılıq edib və aprel döyüşlərində Ermənistan ordusunu böyük məğlubiyyətə uğradıb. Hesab edirəm ki, Ohanyanın Ermənistan ordusunun bütün hərbi imkanlarını hamıdan yaxşı başa düşməsi, vəzifədən gedəndən sonra belə bir bəyanat verməsinə səbəb olub.
Ohanyan anlayır ki, Azərbaycanla hərbi gücdə, hərbi dildə danışmaq mümkün olmayacaq. Əgər münaqişə uzanarsa belə qarşıdurma qaçılmazdır. Belə bir insanın tamamilə dəyişərək başqa bir formada danışması onun faktlardan irəli gələn siyasi mövqeyidir".