“Qərbdə yenə də Ermənistanı müdafiə edirlər” Siyasət

“Qərbdə yenə də Ermənistanı müdafiə edirlər”

Qüdrət Həsənquliyev: "Torpaqlarımızı Rusiya işğal etdiyi üçün danışıqları da onunla aparmalıyıq"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun açıqlamalarına cavab verib.
APA-nın məlumatına görə, Qüdrət Həsənquliyev jurnalistlərə deyib ki, Sərdar Cəlaloğlu açıqlamasında ona "dostum" deyə müraciət edib, ona görə də ona qarşı sərt ifadələr işlətmir: "O da dost saydığı insan barədə fikir bildirəndə daha təmkinli olmalı və düşünülmüş ifadələr işlətməliydi".
Qüdrət Həsənquliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi və Rusiyanın bu münaqişədə oynadığı rol barədə Sərdar Cəlaloğlundan fərqli düşünür: "Həmişə demişəm ki, Azərbaycanın torpaqlarını Rusiya işğal edib, ona görə də Ermənistanla danışıqlar aparmağın mənası yoxdur. Danışıqlar Rusiya ilə aparılmalıdır. Əgər münaqişədə hansısa güzəştə gedəcəyiksə, bunu Ermənistana deyil, Rusiyaya etmək lazımdır. Çünki Ermənistana nə qədər güzəştə getsək də, xeyri olmayacaq, Rusiya münaqişənin həllinə imkan verməyəcək. 1999-cu ildə münaqişənin həlli ilə bağlı razılıq əldə olunmuşdu, Rusiya kəşfiyyatı bundan xəbər tutdu, gedib Ermənistan parlamentini güllələyib çıxdılar. Rusiya öz maraqlarının təmin olunmayacağı halda, münaqişənin həllinə imkan verməyəcək".
BAXCP sədri hesab edir ki, Ermənistan və Dağlıq Qarabağ münaqişəsi məsələsində Qərb heç vaxt Azərbaycana dəstək verməyəcək. Deputat bildirib ki, belə qənaətə gəlməsi səbəbsiz deyil: "Sərdar Cəlaloğlu son illər Biləcəridən o yana keçməyib, amma mən 9 ildir həm NATO Parlament Assambleyasında, həm də "Avronest"də Azərbaycanı təmsil edirəm. Qərb diplomatlarının bu məsələyə münasibətini bilirəm. Ermənistan Krımın işğalına haqq qazandırdı, BMT-də səs verdi. Bu hadisədən sonra ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrinin bəyanatlarına, açıqlamalarına fikir verin. Yenə də Ermənistanı, erməniləri müdafiə edirlər. Çünki burada erməni diasporu faktoru var. Dağlıq Qarabağ münaqişəsi məsələsinə görə bizi heç zaman NATO-ya qəbul etməyəcəklər. Azərbaycanın ora üzv olmaq imkanı yoxdur".