Milli Məclisdə Xocalı soyqırımı müzakirəsi Siyasət

Milli Məclisdə Xocalı soyqırımı müzakirəsi

Vahid Əhmədov:"Azərbaycan ötən əsr davamlı olaraq ermənilərin etnik təmizləmə siyasətinə məruz qalıb"
Qənirə Paşayeva:"Xocalı ilə bağlı muzey və ya informasiya mərkəzi yaradılsın"

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Öncə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Milli Məclisin qərar layihəsi barədə müzakirə aparılıb.
Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Xocalı xalqımızın başına gətirilən ən dəhşətli faciədir. Onun sözlərinə görə, ermənilər 1992-ci ildə Xocalıda etnik təmizləmə həyata keçiriblər. Onun sözlərinə görə, Xocalının soyıqırımı kimi tanıdılması istiqamətində işlər davamlı olaraq həyata keçirilməkdədir: "Hazırda Xocalının tanıdılması istiqamətində işlər görülür. Bu işlərin nəticəsidir ki, bir çox ölkələrin parlamentləri, eləcə də ABŞ-ın 22 ştatı faciəni soyıqırımı kimi qəbul edilib. Xocalının dünya ictimaiyyətinə tanıdılması istiqamətində Milli Məclis də öz fəaliyyətini davam etdirməkdədir. Belə ki, deputatlarımız iştirak etdiyi beynəlxalq tədbirlərdə məsələni diqqətdə saxlayır, parlament üzvləri hər il faciənin ildönümü ərəfəsində bir çox ölkələrdə həyata keçirilən anım tədbirlərində iştirak edirlər". Spiker qeyd edib ki, Milli Məclis tərəfindən Xocalı soyqırımı ilə bağlı nəşrlər toplusu işıq üzü görəcək: "Xalqımız heç zaman bu faciəni unutmayacaq. Biz inanırıq ki, xalqımıza qarşı həyata keçirilən vəhşi əməl sahibləri layiqli cəzalarını alacaqlar. Azərbaycan gec-tez torpaqlarımızı işğaldan azad edəcək".
Deputat Fərəc Quliyev deyib ki, biz bəzi həqiqətləri olduğu kimi demirik: "Biz hansısa ölkələrin qarşısında gözügölgəli deyilik ki, həqiqətləri gizlədək". O bildirib ki, Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul edəcəyi qərar layihəsində 366-cı motoatıcı alayın SSRİ-yə məxsus olduğunun qeyd edilməsi düzgün deyil. Deputatın sözlərinə görə, Xocalı soyqırımı olarkən SSRİ adlı dövlət yox idi: "Buna görə də, biz Rusiya ordusunun 366-cı motoatıcı alayı kimi qeyd etməliyik. Bu, Rusiya əhalisinə qarşı deyil, sadəcə olaraq həqiqətləri deməliyik".
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, tarixin ayrı-ayrı dövrlərinə baxsaq görərik ki, Azərbaycan əhalisi üzərinə gələn nizami ordu ilə vuruşmaq təhlükəsi ilə üzə qalıb: "Xocalı soyqırımı da bu qətliamın bir hissəsi və ən böyük faciələrdən biridir". Deputatın fikrincə, beynəlxalq hüququn prinsiplərinə görə, Xocalı etnik, dini təmiziləmə məqsədilə həyata keçirilən qətliamdır: "Xocalı soyqırımının həyata keçirilməsində iştirak edənlərin siyahısı tərtib olunub. Biz gözləməməliyik. Hüquq-mühafizə orqanları şifahi də olsa, onlar haqqında qərar çıxarmalı və bu qərar dünyaya yayılmalıdır. Biz onların nə vaxtsa tutulacağını və məhkəmə qurulacağını gözləməməliyik. Onların bir neçəsi törətdikləri cinayəti BMT-nin sürtülmüş kürsüsündə belə, etiraf ediblər. Ermənistan prezidenti Serj Sarkisyanın özü BMT-də Xocalıda necə iştirak etməsini etiraf edib. Bundan artıq etiraf lazımdır?
Ermənistanın böyük "ziyalısı" adlanan Zori Balayan uşaqların öldürülməsi, onların yandırılmasından ləzzət aldığını qeyd edib. Onlar dünya ictiamiyyətinə qarşısında öz günahlarını boynuna alıblar. Bu baxımdan nəyə görə biz onların izahat yazması və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik? Bu insanlarla bağlı hərbi məhkəmədə cinayət işi qaldırılıb. Hərbi məhkəmənin kollegiyası qərar qəbul edərək, bütün dünya ölkələrinə göndərməlidirlər. Məhkəmə hüuqu sitemində mövcüd olan şifahi qərar da qəbul etmək olar".
Siyavuş Novruzov əlavə edib ki, Azərbaycan prezidenti həm Münhendə keçirilən konfransda, həm də müsahibələrində bir başa Xocalı faciəsinə toxunub: " Xocalı qatillərinin adlarını sadalamaqla yanaşı, qeyd edib ki, Xocalı soyqırımının törədilməsinin səbəblərindən biri də orada yaşayanlar islam dininə olan inancıdır. Əfsus ki, bəzi islam ölkələri Ermənistanla isti münasibət qurmağa cəhd edirlər. Əgər insanlar islama olan inancına görə qırılırlarsa, digər tərəfdən onların Ermənistana isti münasibəti qəbuledilməzdir. Milli Məclis Azərbaycan Prezidentinin fikirlərinə dəstək olaraq həmin ölkələrin parlamentərinə müraciət göndərməlidir".
Deputat Vahid Əhmədov vurğulayıb ki, Azərbaycan ötən əsr davamlı olaraq ermənilərin etnik təmizləmə siyasətinə məruz qalıb. V.Əhmədov qeyd edib ki, bu etnik təmizləmə siyasəti Sovet illərində davam etdirilib: "SSRİ dağıldıqdan sonra erməni qəsbkarları Dağlıq Qarabağı işğal etmək üçün hərəkətə keçdi. Bu yolda da azərbaycanlılara qarşı saysız cinayətlərə əl atdılar. Xocalı soyqırımını da düşmənin bu çirkin niyyətləri ortaya çıxardı. Beynəlxalq təşkilatlar və dövlətlər Xocalı soyqırımını tanımalı, buna hüquqi qiymət verməlidirlər. Bunun üçün ölkədən kənarda təbliğtat işlərini gücləndirməliyik. Hüquq mühafizə orqanları da digər ölkələrin hüquq mühafizə orqanları, məhkəmələriylə işbirliyində olmalı, bu cinayətə hüquqi qiymətin verilməsi üçün şərait yaratmalıdırlar
Deputat Xanhüseyn Kazımlı bildirib ki, dünyanın hüquq mühafizə orqanları bu soyqırıma ikili standartlarla yanaşırlar: "Azərbaycan həmişə bu məsələni gündəmdə saxlasa da dünya dövlətləri və bir sıra beynəlxalq təşkilatlar bu soyqırımı öz adıyla çağırmaq istəmirlər. Amma danılmaz faktdır ki, bu kimi yollarla ruslar və ermənilər zaman-zaman Azərbaycan ərazilərində "Ermənistan" adlı dövlət yaratdılar. Həmin siyasətin nəticəsidir ki, ermənilərin işğalı altında olan Sərsəng su anbarı qəzalı vəziyyətdədir. Həmin su anbarı dağılsa, bundan minlərlə insan təhlükə qarşısında qalacaq. Yəni ermənilərin davamı edən işğalçılıq siyasəti bu gün də Azərbaycan üçün təhlükədir. Amma biz güclənirik, biz aprel döyüşlərində də sübut etdik ki, qaçqınları istənilən an öz yurdlarına qaytarmağa hazırıq".
Millət vəkili Qənirə Paşayeva diqqətə çatdırıb ki, hər bir türk dövlətinə Xocalıların məhz türk olduqları bu faciə ilə üzləşməsilə bağlı müraciət etməliyik: "Onlara faciə ilə bağlı etirafları da yazıb göndərməliyik". Onun sözlərinə görə, Azərbaycan xristian ölkələrinə də müraciət edərək bildirməlidir ki, Ermənistan onların dinindən istifadə edərək necə vəhşilik törədib. Millət vəkili çıxışı zamanı Şəhidlər Xiyabanında Xocalı ilə bağlı abidənin qoyulması təklifini irəli sürüb: "Azərbaycana gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Lakin yaxşı olar ki, orada Xocalı ilə bağlı abidə də yerləşdirilsin. Bundan başqa Xocalı ilə bağlı muzey və ya informasiya mərkəzi yaradıla bilər. Bununla ölkəmizə həm rəsmi, həm qeyri-rəsmi, həm də turist kimi gələnlər Xocalı ilə bağlı məlumat ala bilərlər". Xocalının dünya ictimaiyyətinə tanıdılmasında sosial medianın böyük gücə malik olduğunu dilə gətirən Q. Paşayeva bildirib ki, bu sahədə fəaliyyət aktivləşdirilməlidir: "Ölkəmizdən kənarda təhsil alan kifayət qədər həmyerlilərimiz var. Diasporla İş üzrə Dövlət Komitəsi onlardan istifadə edərək Xocalı ilə bağlı məlumatları dünyanın müxtəlif ölkələrində yaya bilərlər. Bundan başqa Xocalı ilə bağlı film çəkilməlidir. Biz bu istiqamətdə filmin gücündən də istifadə etməliyik".
Deputat Şahin İsmayılov Azərbaycanın təhsil müəssisələrində Xocalı təqaüdünün təsis olunması təklif edib. Bu təkliflə çıxış edən deputat bildirib ki, Xocalı soyqırımının araşdırılması üçün əcnəbi mütəxəssislər üçün qrant proqramları elan olunmalıdır: "Bu, beynəlxalq təcrübədə özünü doğruldub və Xocalı ilə bağlı işə töhfə verər. Bundan başqa, təhsil sahəsində təqaüdlər də təsis olunmalıdır. Virtual məkanda, sosial şəbəkələrdə Xocalı ilə bağlı təbliğatı daha da gücləndirmək lazımdır. Xüsusi olaraq bir platforma da yaratmaq olar və lazımdır".
Millət vəkili Musa Qasımlı Şəhidlər Xiyabanında soyqırımı abidəsinin ucaldılmasını təklif ediblər. Musa Qasımlı söyləyib ki, bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımılarını da özündə əks etdirməlidir. O, çıxışı zamanı qeyd edib ki, Xocalı faciəsi ilə bağlı təbliğat işləri daha gücləndirilməlidir.
Daha sonra çıxış edən deputat Rafael Cəbrayılov Azərbaycan xalqının soyqırımına məruz qalan xalq olduğunu dilə gətirib: "Təəssüf ki, ölkəmizdə soyqırımını özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur. Ölkəmizə gələn qonaqların Şəhidlər Xiyabanını ziyarət etməsi müsbət haldır. Lakin Xocalı soyqırımı bir qədər arxa planda qalır. Bu baxımdan Şəhidlər Xiyabanında soyqırımını özündə əks etdirən memorial kompleksin salınmasını təklif edirəm. Bu, ölkəmizə gələn əcnəbilərin soyqırımı haqqında məlumatlanmasında böyük əhəmiyyəti ola bilər".

Əli