İrəvan Tiflisə minnətçi düşüb Siyasət

İrəvan Tiflisə minnətçi düşüb

Rəsmi İrəvan şimal istiqamətində blokadanı yarmaq üçün Tiflisə minnətçi düşüb.
Bu sözləri Ermənistanın baş naziri Karen Karapetyanın gürcü həmkarı ilə Tiflisdə Rusiya və Ermənistanı birləşdirən dəmir yol xəttinin bərpası məsələsini müzakirə etməsinə dair verdiyi açıqlamanı şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi buna görə də İrəvanla Tiflis arasındakı təmasları diqqətlə izləməyi vacib hesab edir:
"Bu açıqlama Gürcüstanda siyasi qalmaqal yaradıb. Çünki dəmiryolu Abxaziyadan keçir, Gürcüstanın bu bölgəsi isə Rusiyanın işğalı altındadır. Belə çıxır ki, işğala baxmayaraq, Tiflis Abxaziya üzərindən dəmir yolunun fəaliyyətə başlamasına yaşıl işıq yandırmağa hazırdır. Bu da öz növbəsində dolayısı ilə Tiflisin Abxaziyanı müstəqil subyekt olaraq tanıması anlamına gəlir. Rəsmi Tiflis belə bir anlaşmanın olduğunu inkar etsə də, gürcü rəsmiləri qətiyyətlə "Karapetyanla bu mövzu müzakirə edilməyib" ifadəsini işlətmirlər. Əlbəttə, Gürcüstan müstəqil dövlətdir və müstəqil qərarlar vermək hüququna malikdir. Ancaq Rusiya ilə Ermənistan arasında Gürcüstan üzərindən dəmiryolu xətti işləməyə başlayarsa, bu, Azərbaycanda birmənalı mənfi qarşılanacaq. Çünki bu dəmiryolu Ermənistanı ayaqda tutmağa imkan verəcək".
Qeyd edək ki, Ermənistanın baş naziri Karen Karapetyan 23-24 fevralda Gürcüstana səfər edib. O, Tiflisdə səfərdə olarkən gürcü həmkarı ilə Rusiya və Ermənistanı birləşdirən dəmir yol xəttinin bərpası məsələsini müzakirə etdiklərini deyib.
Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolu artıq 10 ildən çoxdur ki, işləmir. Moskva bu planı reallaşdırmaqla Ermənistanı blokadadan azad etməyi və özünün Gümrüdəki bazası ilə yerüstü əlaqəyə sahib olmağı planlaşdırır. Tiflis hesab edir ki, bu layihənin reallaşdırılması ölkəyə təzyiqləri artıracaq və Moskvanın Tiflisi öz təsir dairəsinə qaytarmaq üçün mühüm imkanları yaranacaq.