“Ermənistan apreldən sonra Rusiyaya artıq əvvəlki kimi bel bağlamır” Siyasət

“Ermənistan apreldən sonra Rusiyaya artıq əvvəlki kimi bel bağlamır”

Rövşən Məmmədli: "Rusiya və Birləşmiş Ştatlar arasında balanslaşdırılımış siyasətlə bağlı prosesə start verib"

"Serj Sərkisyanın Azərbaycana qarşı növbəti dəfə hədə-qorxu gəlməsi erməniləri əməlli-başlı eyforiyaya sürükləyib". Bunu siyasi ekspert Rövşən Məmmədli deyib. Onun sözlərinə görə, bunu onların havadarlarının, habelə "intellektual" kəsimlərinin verdikləri rəylərdən görmək mümkündür: "Xatırladaq ki, Serj Sərkisyan Ermənistan Xarici İşlər Nazirliyində diplomatik korpusun nümayəndələri ilə görüş zamanı Azərbaycanın müharibə variantını davam etdirəcəyi təqdirdə Ermənistanın əlində olan bütün hərbi arsenaldan tam istifadə edəcəyini bildirmişdi. Rusiyanın qatı ermənipərəst publisisti, Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvü Aleksandr Dvornikov isə Serj Sərkisyanın bəyanatını Bakıya və beynəlxalq aləmə verilən xəbərdarlıq siqnalı, vasitəçilərə isə Azərbaycana təsir göstərməklə bağlı tələb kimi dəyərləndirib. O, bildirib ki, təkcə diplomatlar və hərbi ekspertlər deyil, jurnalistlər və müxtəlif ictimai strukturların nümayəndələri Azərbaycanın situasiyanı hərbi toqquşmaya qədər aparmaq istəyini görür. Barıt qoxusu həm Moskvaya, həm də dünyanın bir çox paytaxtına gedib çıxır. Bir çox dəyərləndirmələrə görə, yeni irimiqyaslı əməliyyatlar yaxın aylarda başlaya bilər. Ermənipərəst publisist onu da qeyd edib ki, Serj Sərkisyanın bu çağırışı həm də vasitəçilərə Azərbaycana təsir göstərmələri üçün bir tələbdir". Rövşən Məmmədli qeyd edib ki, Sərkisyanın sərsəmləmələri və ona olan reaksiyalardan ruhlanan bəzi erməni politoloqlar da Azərbaycana qarşı yeni əməliyyatlara başlamaq zərurətindən danışıblar. Hətta daha bir neçə rayonun işğal edilməsi ilə bağlı sayıqlamalar da səsləndirilib. Ekspert bildirib ki, erməni politoloq Levon Şirinyanın son açıqlaması məhz bu qəbildəndir: "Erməni politoloqu Levon Şirinyan deyərdim ki, əsl "havaya" girib. Ermənistan mətbuatına danışan Şirinyan Serj Sərksiyanın bəyanatını Azərbaycana qarşı hücum siyasətinin başlanğıcı kimi qiymətləndirib. Şirinyan bu bəyanata yalnız Dağlıq Qarabağ ətrafında gedən hadisələrin inkişafı çərçivəsində deyil, həm də Ermənistanın Rusiya və Qərblə yeni, daha geniş xarici siyasət konteksində yanaşır. Levon Şirinyanın fikrincə, Serj Sərkisyan bütün dünyaya səslənməklə rəsmi İrəvanın problemin həllində təkcə Rusiyaya güvənmədiyini, göstərmək istəyib. Politoloq onu da qeyd edib ki, görünür Ermənistan apreldən sonra Rusiyaya artıq əvvəlki kimi bel bağlamır. Levon Şirinyan Ermənistanın Azərbaycanla savaşmaq üçün resurslarının olmadığını da etiraf edib. O, bildirib ki, Azərbaycanla uzunmüddətli savaş perspektivində bizim resurslarımız azdır. Ona görə də bu ehtiyatları digər mənbələrdən axtarmaq məcburiyyətindəyik. Levon Şirinyanın fikrincə Ermənistan buna görə Rusiya və Birləşmiş Ştatlar arasında balanslaşdırılımış siyasətlə bağlı prosesə start verib. Politoloq bir çox ekspertin müharibənin yaxın vaxtlarda başlayacağı barədə verdikləri rəyləri birmənalı qəbul etmir. "Hər halda Azərbaycanın taktikası aydındır. Azərbaycan güc tükəndirmə, resursları xərclətdirmə siyasətini həyata keçirir. O, bunu aprel döyüşlərindən öncə də edirdi. İndi yenə əvvəlki taktikasına geri dönüb", - politoloq qeyd edib.