“Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində beynəlxalq qurumlar fəal iştirak etmirlər” Siyasət

“Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində beynəlxalq qurumlar fəal iştirak etmirlər”

Elxan Əsgərov: "İki tərəf özündə təpər tapıb məsələni həll etməlidir"

Uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmur. Həmsədrlərin, böyük dövlətlərin bu münaqişənin həll olunması ilə bağlı fəaliyyəti isə nəticə vermir.
Bunu "Baku Network"un rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib. Ekspert bildirib ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən sülh platforması çox böyük əhəmiyyət kəsb edir: "Çünki bu məsələ həll olunmamış qalıb, hansısa addımlar atılmalıdır. Bəzən Azərbaycanı ittiham edirlər ki, ölkə müharibə tərəfdarıdır. Amma bu, belə deyil. Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlar atır. Bu gün Bakıda keçirilən konfrans real bir addımdır. Konfransda Rusiya, Türkiyədən olmaqla, 10 dövlətdən gəlmiş alimlər və siyasətçilər iştirak edirlər. Dağlıq Qarabağda yaşayan insanların nümayəndəsi dedi ki, bu müharibə Dağlıq Qarabağda yaşayan həm ermənilərə, həm də azərbaycanlılara böyük ziyanlar gətirib".
O, həmçinin qeyd edib ki, konfransda münaqişənin həlli istiqamətində çıxış yolları axtarılır: "Bu çıxış yollarının arasında Rusiyadan olan nümayəndə çox maraqlı mülahizələr verdi. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində beynəlxalq qurumlar faktiki olaraq fəal iştirak etmirlər, öz maraqlarını güdürlər. Bu məsələnin həllində maraqlı olan iki tərəf özündə təpər tapıb məsələni həll etməlidir. Bu tərəflər Azərbaycan və Erməni tərəfidir ki, onlar da beynəlxalq tədbirdə təmsil olunurlar. Əlbəttə ki, məsələnin siyasi tərəfi də var. Azərbaycana bəzi dövlətlər çağırışlar edirlər. Bu çağırışlara isə Azərbaycan bu konfransla cavab verir. Yaxşı olardı ki, həmin o dövlətlərin nümayəndələri bu konfransda iştirak etsinlər, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların və ətrafda yaşayan ermənilərin fikirləri ilə tanış olsunlar".
Ekspert daha sonra deyib ki, Qafqaz Albaniyası məsələsi çox ciddi məsələdir: "Hazırda Dağlıq Qarabağda yaşayan ermənilər o kilsələrin sahibi deyillər. Qədimi kilsələrin tikintisində əsasən, Qafqaz Albaniyasında yaşayan xalqlar iştirak ediblər. Onların arasında 3-cü əsrdə türk mənşəli qıpçaqlar, Dağıstan xalqları, udinlər, ingiloylar olmuşdu. Yəni, o vaxt mono dövlət olmayıb. Ermənistan özünü mono dövlət şəklində yaratmaq istəyir, amma region dövlətlərinə baxsaq, heç biri mono dövlət deyil, xalqların yaşadığı ölkələrdir. Onların kilsələri özəlləşdirib öz adlarına deməsi yanlış siyasətdir. Bu tək Azərbaycanda baş vermir, ermənilər bunu Gürcüstanda da, Türkiyədə də həyata keçirmək istəyirlər. Onlar harada kilsə görürlər, öz adlarına çıxırlar. Bu, dini baxımdan da yanlışdır. İşğal olunmuş ərazilərdə kilsə məsələsini onlar bəsit bir nümunə kimi dünyaya göstərib o torpaqların Ermənistana mənsub olduğunu sübut etmək istəyirlər. Bu, kökündən yanlışdır. Bugünkü konfransda iştirak edən Dağlıq Qarabağ nümayəndələri sübut edirlər ki, orada təkcə ermənilər yaşamayıblar, orada başqa millətlər də yaşayıblar, o kilsənin sahibləri bu gün Bakıdadırlar".