“Minsk qrupu münaqişənin həllinə heç bir töhfə verə bilmir” Siyasət

“Minsk qrupu münaqişənin həllinə heç bir töhfə verə bilmir”

Asim Mollazadə: "Bu da onların beynəlxalq hüquq normalarına hörmətsizliyindən irəli gəlir"

Mübariz Əhmədoğlu: "Minsk qrupu buna eyham vurmaqla ciddi səhvə yol verir"

ATƏT-in Minsk qrupunun həmsədrlərinin 18 may 2017-ci il tarixli bəyanatı Azərbaycanda birmənalı qarşılanmayıb. Əksər ekspertlər bəyənatı tənqid ediblər.
Millət vəkili Asim Mollazadə deyib ki, biz ATƏT-in Minsk qrupuna ATƏT-in təməl sənədlərinə riayət etməyi tövsiyə edərdik. Onun fikrincə, ATƏT BMT Təhlükəsizlik Şurasının qətnamələrini üstün tutaraq ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi təqvimi üzərində işləməlidir. O bildirib ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Deputatın sözlərinə görə, Minsk qrupu beynəlxalq hüquqa arxalanmaq əvəzinə, Ermənistanın təbliğatının carçısına çevrilib: "Biz düşünürük ki, ən əsas məsələ beynəlxalq hüququ bərqərar etməkdir. Bunu etmədiyi üçün ATƏT sadəcə refrigeratora çevrilib, münaqişəni dondurmaqla məşğuldur".
Deputatın fikrincə, Minsk qrupu Münaqişənin həllinə heç bir töhfə verə bilmir: "Bu da onların beynəlxalq hüquq normalarına hörmətsizliyindən irəli gəlir". A. Mollazadə əlavə edib ki, işğalçı Ermənistana qarşı hər hansı bir qınaq olmadığı üçün o öz təxribatlarını davam etdirəcək: "Çünki işğalçını cilovlayan heç bir qərar və addım yoxdur. İstisna etmirəm ki, Ermənistan mütəmadi öz təxribatını davam etdirəcək, ağır silahlardan atəş açılması nəticəsində mülki insanlar əziyyət çəkəcək. ATƏT bu istiqamətdə addım atmalıdır".
Politoloq Mübariz Əhmədoğlu isə diqqətə çatdırıb ki, ilk olaraq Rusiya Xarici İşlər Nazirıiyi təmas xəttində yaranan gərginliklə bağlı münasibət bildirdi, bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verdi: "Bu bəyanatdan görünür ki, həmsədrlərin Rusiyanın mövqeyi ilə razılaşmadığı məsələ var". O qeyd edib ki, bəyanatda çox diqqətçəkən bir məqam var. Belə ki, fransalı və amerikalı həmsədrlər Rusiyadan narazıdır. Digər tərəfdən isə həmsədrlərin bəyanatında analitik materialların toplanması məsələ də gündəmə gəlib: "Hesab edirəm ki, bəyanatın mahiyyəti isə Azərbaycanın maraqlarının ziddinədir. Bütün münaqişənin tarixində ilk dəfədir ki, həmsədrlər konkret bir hadisə ilə bağlı münasibət bildirir".
Politoloq vurğulayıb ki, elə hərbi insidentlər hədsiz çox olub, amma heç birinə Minsk qrupu ayrıca münasibət bildirməyib: "Bəyanatın mətnindən başa düşülür ki, Azərbaycanın işğal edilmiş əraziləri iki yerə bölünür: Dağlıq Qarabağın özü və ətraf ərazilər. Minsk qrupu buna eyham vurmaqla ciddi səhvə yol verir . Çünki Dağlıq Qarbağın statusu hələ müəyyən edilməyib, buna görə də Dağlıq Qarabağı fərqli və işğal edilmiş əraziləri fərqli qəbul etmək kökündən səhvdir. Həmsədrlər tənzimlənmənin ruhuna hörmətsizlik nümayiş etdirdilər".
M.Əhmədoğlu bildirib ki, əgər, kimsə münaqişənin dinc yolla həll edilməli olduğunu qəbul edirsə, hərbi əməliyyatlara yol açan addımlardan çəkinməlidir: "Ermənistanın nə ehtiyacı var ki, münaqişə regionunda "OSA" zenit raket kompleksi yerləşdirsin? Ermənistan münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdırsa , silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Amma Ermənistan bu ərazilərə ağır hərbi texnika yığır".
Politoloq vurğulayıb ki, Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi etdiyi bir vaxtda, Ermənistan bunu Azərbaycanın xristian - müsəlman qarşıdurması yaratmaq istiqamətində apardığı iş kimi təqdim etməyə çalışır.

Əli