Ən böyük nailiyyətimiz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır Siyasət

Ən böyük nailiyyətimiz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır

Mehriban Əliyeva: "Heydər Əliyev Fondu tərəfindən görülən bütün işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib"

"On il bundan əvvəl - 2004-cü il mayın 10-da Heydər Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır".
APA-nın məlumatına görə, bunu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib. M.Əliyevanın sözlərinə görə, Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən atdığı addımlarla, gördüyü işlərlə bu yüksək ada layiq olmağa çalışıb: "On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır".
M.Əliyeva bildirib ki, Heydər Əliyev Fondu diqqəti ölkədə həllini tapmayan problemlərin aradan qaldırılmasına yönəltdi: "Biz Azərbaycanda çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrinə arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin yanında olmağa çalışdıq. Biz valideyn himayəsindən məhrum olan uşaqlara, qocalara, qaçqın və məcburi köçkünlərə, müxtəlif xəstəliklərdən əzab çəkən insanlara qayğı göstərməyi, onlara mənəvi dayaq olmağı prioritet məsələ kimi daim diqqət mərkəzində saxladıq. Ölkəmizdə mövcud olan uşaq evləri və internat məktəblərini tamamilə yenidən qurub onlarda ailə mühitinin formalaşdırılması, fiziki qüsurlu insanların cəmiyyətə qovuşmaları üçün normal şəraitin yaradılması, uşaq evlərini tərk edən gənclər üçün yaşayış binaları, qaçqın və məcburi köçkün ailələri üçün yaşayış massivlərinin inşa olunması sübut etdi ki, belə insanlara qayğı, belə insanlara kömək bizim fəaliyyətimizin əsas amillərindən biridir".
"Əziz qonaqlar, bir az əvvəl siz Fondun fəaliyyəti haqqında filmə baxdınız. Doğrudan da filmi hazırlayarkən biz müəyyən çətinliklərlə üzləşdik. Çünki bu 10 il ərzində Fond tərəfindən icra olunan layihələr, proqramlar ölkəmizin həyatının bir çox sahələrini əhatə edir və əldə olunan nəticələr o qədər genişdir ki, qısa bir filmdə görülən bütün işləri əks etdirmək o qədər də asan deyildi", deyə Heydər Əliyev Fondunun prezidenti bildirib.
Mehriban Əliyeva qeyd edib ki, Fond tərəfindən icra olunan irimiqyaslı layihələr - "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Xocalıya ədalət", "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması", "Tolerantlığın ünvanı Azərbaycan" və s. Bütün bu layihələrin nəticələri biz bu gün göz qabağındadır və əslində görülən bütün bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.
M.Əliyeva bildirib ki, çox hallarda Fond tərəfindən start verilən layihələr, Fondun təşəbbüsləri sonradan dövlət tərəfindən dəstəklənir və ölkədə daha geniş bir şəkildə icra olunur: "2005-ci ildə Fond "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsini başladı və bu layihə çərçivəsində Fondun dəstəyi ilə ölkəmizdə 412 yeni məktəb inşa olundu. Sonradan bu proqramı dövlət dəstəklədi və ölkəmizdə 3 mindən artıq məktəb təmir olundu və yaxud yenidən quruldu".
"Bir neçə il bundan əvvəl ölkəmizdə genetik xəstəliklərin yayılmasının qarşısını almaq üçün Fond tərəfindən "Talassemiyasız həyat naminə" proqramına başladıq və bu proqram çərçivəsində paytaxtımızda regionun ən böyük Talassemiya Mərkəzini inşa etdik. Bu gün bu xəstəliklərlə mübarizə üçün dövlət tərəfindən xüsusi proqram hazırlanır", deyə M.Əliyeva vurğulayıb.
M.Əliyevanın sözlərinə görə, fondun fəaliyyətinin digər çox vacib istiqaməti Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır: "Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Məhz Fondun təşəbbüsü ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunub və hər il muğam müsabiqəsi keçirilir. Qəbələ Beynəlxalq musiqi festivalı, Rostropoviç və Şostakoviç festivalları artıq ənənəvi şəkildə keçirilir və öz auditoriyasını qazanıb. Azərbaycanın qədim xalçaçılıq sənəti artıq UNESCO-nun Ümumbəşəri Mədəni İrs Siyahısına daxil edilib və bizim xalçalar dünyanın ən məşhur muzeylərində nümayiş olunur".
"Biz dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və Azərbaycan gecələri keçirməklə Azərbaycanın keçmişini, Azərbaycanın tarixini, mədəniyyətini, bu gününü, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlıq və dözümlülük ab-havasını bütün dünyaya göstərmək, bütün dünyaya tanıtmaq istəyirik. Belə görüşlərdə insanlar Azərbaycanı özləri üçün yenidən kəşf edirlər. Dünyanın ən möhtəşəm zallarında qədim Azərbaycan muğamı səslənir və sərgilərdə müasir Azərbaycanın müasir incəsənət xadimlərinin əsərləri ilə tarixi artefaktlar birgə nümayiş olunur", deyə M.Əliyeva əlavə edib.
Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, eyni zamanda, Fond hər bir xalqın mədəni irsini ümumbəşəri dəyər kimi qəbul edir: "Bu irsin qorunmasına Azərbaycandan kənarda da öz töhfəmizi veririk. Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsinin vitrajları, Versal sarayındakı abidələr, Fransanın müxtəlif regionlarında yerləşən kilsələr, Berlin qəsri, Roma katakombaları, Vatikan kitabxanasında saxlanılan dəyərli foliantlar bərpa olunur".
M.Əliyeva qeyd edib ki, 10 il ərzində Fond fəaliyyətini genişləndirərək bir sıra çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurub, birgə layihələr icra edib: "Bizim tərəfdaşlarımız arasında UNESCO, İSESCO, UNİCEF, BMT İnkişaf Fondu kimi nüfuzlu beynəlxalq qurumlar var. Fondun Rusiya, Türkiyə, Rumıniya, Amerika Birləşmiş Ştatlarındakı nümayəndəlikləri çox uğurla fəaliyyət göstərir".
Son zamanlar Azərbaycan gənclərinin Fondun təşəbbüslərinə çox geniş şəkildə qatılmasının çox sevindirici hal olduğunu bildirən M.Əliyeva qeyd edib ki, ətraf mühitin qorunması sahəsində Fond tərəfindən hazırlanan proqramlar, təşəbbüslər artıq ölkəmizdə yeni bir gənclər hərəkatına çevrilib və IDEA kampaniyası çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkilib.
Ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını bildirən M.Əliyeva qeyd edib ki, hər il Fond müxtəlif dillərdə yüzlərlə nəşrlər hazırlayır, onu bütün dünyaya yayır: "Biz bu gün "Xocalıya ədalət!" kampaniyasının müsbət nəticələrini görürük".
"Bir sözlə, əziz qonaqlar, 10 il ərzində görülən işlərin sayı çoxdur. Əldə edilən nəticələr də çox gözəldir. Bizim Fondun əməkdaşlarını birləşdirən amillər çox sadədir. Bu, vətənpərvərlik, mərhəmət, insansevərlik, doğma xalqımıza və ölkəmizə xidmət etməkdir. Bu gün mən fürsətdən istifadə edərək, Fondun bütün əməkdaşlarına, bizim komandamıza bu 10 il ərzində göstərdikləri işgüzarlıq, peşəkarlıq, insansevərlik, vətənpərvərlik keyfiyyətlərinə görə dərin minnətdarlığımı bildirirəm. Bizimlə əməkdaşlıq quran, bizi dəstəkləyən, bizə kömək edən hər bir quruma, hər bir təşkilata, hər bir insana bu gün mən öz dərin minnətdarlığımı bildirirəm", deyə M.Əliyeva bildirib.
Çıxışını yekunlaşdıran M.Əliyeva qeyd edib ki, qarşıda Heydər Əliyev Fondunu yeni çağırışlar, yeni hədəflər, yeni qələbələr gözləyir: "Və mən əminəm ki, biz bütün çətinliklərin öhdəsindən birgə gələrək yeni nailiyyətlərə imza atacağıq".