Rusiya Ermənistana yenidən silah göndərir Siyasət

Rusiya Ermənistana yenidən silah göndərir

Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə yeni silah sistemləri, o cümlədən helikopter və hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırır.
Bu barədə "Sputnik" agentliyinə açıqlamasında Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.
O deyib ki, çatdırılma Ermənistan, Belarus və Qazaxıstanla hərbi əməkdaşlıq sahəsində müqavilələrə uyğun olaraq həyata keçiriləcək: "Söhbət, ilk növbədə aviasiya texnikası, xüsusilə helikopter, hava hücumundan müdafiə sistemləri və BTR-lərdən gedir."
Bundan əlavə, KTMT-nin baş katibinin müavini Valeri Semerikovun sözlərinə görə, KTMT yaxın illərdə çevik qüvvələrin pulsuz silahla təmin edilməsi planını nəzərdən keçirir.
Azərbaycanı narahat edən təbii ki, işğalçı Ermənistanın öz havadarı tərəfindən yeni silahlarla təchizatı məsələsidir. İrəvanın maliyyə imkanlarının bu silahları pulla almağa qadir olmadığından sözsüz ki, Rusiya öz forpostunu havayı silahlandırır və bu da işğalı stimullaşdıran addımdır.
Narahatlıq doğuran həmin məqamla bağlı KTMT-nin baş katibinin müavini Valeriy Semerikov qarşıdakı illərdə birliyə üzv ölkələrin çevik hərbi dəstələrinin pulsuz təminatı məsələsinin reallaşdırılmasının da mümkünlüyünə işarə vurub. O deyib ki, məsələnin 2015-16-cı illərdə reallaşdırılması mümkün olmadı, amma bu plan 2018-2019-cu illərdə baş tuta bilər.