“Tarixi Zəfərimizi sülhyaratma missiyası kimi dəyərləndirməliyik” Gündəm

“Tarixi Zəfərimizi sülhyaratma missiyası kimi dəyərləndirməliyik”

“Azərbaycan təkcə tarixi qələbənin müəllifi deyil, həm də regionda formalaşmaqda olan sülhün müəllifidir”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nə qədər əhəmiyyətli idisə, torpaqlarımızın işğaldan azad olunması və suveren hüquqlarımızın ərazimizin hər qarışında bərpa olunması nə qədər əhəmiyyətli idisə, Azərbaycan üçün sülhün əldə olunması da bir o qədər əhəmiyyətli idi: “Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki, bizim daimi müharibə aparmaq niyyətimiz yox idi. Bizim belə məqsədimiz olmayıb. Biz ədaləti, beynəlxalq hüququ bərpa etdik və dərhal sülh təşəbbüsündən çıxış etdik. Ona görə də mən düşünürəm ki, əgər bu gün regionda sülh üçün tarixi şans yaranıbsa, paraflanmış sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Ermənistan və Azərbaycan arasında sənəd ortaya çıxıbsa, bu, Azərbaycanın ideyasıdır, Azərbaycanın təşəbbüsüdür və Azərbaycanın regionda sülh layihəsidir”.

“Onun üçün də biz tarixi Zəfərimizi qiymətləndirərkən bu Zəfəri həm də sülhyaratma missiyası kimi dəyərləndirməliyik, regional inteqrasiya və əməkdaşlığa gedən yolda mühüm bir mərhələ kimi qiymətləndirməliyik” - deyə H.Baboğlu əlavə edib.

Röya İsrafilova