“Azərbaycan hərbi-texniki potensialını formalaşdırmaqla müdafiə sənayesində milli imkanlarını genişləndirməyə nail oldu” Siyasət

“Azərbaycan hərbi-texniki potensialını formalaşdırmaqla müdafiə sənayesində milli imkanlarını genişləndirməyə nail oldu”

“Qələbəyə aparan yol Azərbaycanın uzunmüddətli dövlət strategiyasının, siyasi uzaqgörənliyinin və ardıcıl inkişaf siyasətinin nəticəsi idi”.

Bunu xalqcebhesi.az-a politoloq Elman Telmanoğlu deyib.

E.Telmanoğlu qeyd edib ki, bu strategiyanın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, milli iqtisadiyyatın formalaşdırılması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb: “Ulu Öndərin müəyyən etdiyi strateji kurs sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə davam etdirilib. Neft strategiyası, iqtisadi potensialın artırılması, enerji və nəqliyyat infrastrukturunun inkişafı nəticə etibarilə Azərbaycanın iqtisadi müstəqilliyini və real suverenliyini gücləndirən əsas amillərə çevrilib. Bu iqtisadi və siyasi gücün hərbi qüdrətə transformasiyası Azərbaycanın böyük strategiyasının ən mühüm istiqamətlərindən biri oldu”.

“Orduda aparılan struktur və idarəetmə islahatları, müasir silah sistemlərinin alınması, hərbi qulluqçuların peşəkarlığının və döyüş hazırlığının yüksəldilməsi, eləcə də milli hərbi sənaye kompleksinin yaradılması ölkənin müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə çıxardı. Azərbaycan özünün hərbi-texniki potensialını formalaşdırmaqla xarici asılılığı azaltmağa və müdafiə sənayesində milli imkanlarını genişləndirməyə nail oldu. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə isə bu strategiyanın siyasi, iqtisadi, diplomatik və hərbi komponentlərinin vahid dövlət iradəsi ətrafında birləşməsinin nəticəsi kimi tarixə düşdü” - deyə politoloq vurğulayıb.

Röya İsrafilova