16:40
399
“Böyük Britaniya ilə Azərbaycan, o cümlədən Naxçıvan arasında əməkdaşlıq üçün dörd əsas istiqamət var. Birincisi, infrastruktur, xüsusilə dəmir yollarıdır. Bu gün Böyük Britaniyanın layihələrin idarə olunması, dəmir yollarının modernləşdirilməsi və siqnalizasiya sistemləri kimi sahələrdə təcrübəsindən istifadə imkanlarını müzakirə etdik. Böyük Britaniya Naxçıvanın yaşıl enerji sahəsində inkişafına da dəstək verməkdə maraqlıdır.”
APA xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında səfərdə olan Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman jurnalistlərə müsahibəsində deyib.
O, artıq altı aydır ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini bildirib. İlk səfərinin Qarabağa, ikinci səfərinin Naxçıvana olduğunu bildirən səfir MR-də Azərbaycan Prezidentin səlahiyyətli nümayəndəsi və Naxçıvan rəhbərliyi ilə görüşlər keçirdiyini deyib.
O, həmçinin, dəmir yolu stansiyasında olduğunu, saraylar və muzeylər də daxil olmaqla bir sıra mədəniyyət məkanlarını ziyarət etdiyini deyib: "Naxçıvan haqqında çox şey öyrəndim. Bildiyimə görə, Naxçıvanda ildə 250 gün günəşli olur. Ümumilikdə Naxçıvan günəş enerjisi üçün çox əlverişli məkandır. Beləliklə, enerji ikinci əməkdaşlıq istiqamətidir".
Dunkan Norman Azərbaycan və Ermənistan arasında olan münasibətlər barədə də danışıb: “Sülh prosesi olduqca vacibdir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, düşünürəm ki, bütün region və daha geniş mənada dünya üçün əhəmiyyətlidir. Bütün sülh sazişlərində olduğu kimi, bu proses də ikitərəfli qaydada həyata keçirilməlidir. Azərbaycanın və Ermənistanın bunu əsasən öz aralarında, dostlarının dəstəyi ilə həyata keçirməsi düzgün yanaşmadır. Böyük Britaniya olaraq biz bacardığımız qədər kömək etməyə və bu prosesi dəstəkləməyə çox maraqlıyıq. Sülh müqaviləsinin zamanı çatdıqda imzalanmasını arzulayırıq. Bundan sonra isə bütün region sülhün gətirəcəyi üstünlüklərdən faydalanmalıdır”.