“Bu, Azərbaycan Prezidentinin uzun illər apardığı siyasətin nəticəsidir“ Siyasət

“Bu, Azərbaycan Prezidentinin uzun illər apardığı siyasətin nəticəsidir“

Elman Məmmədov: "Tramp ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzu edir"

Bəxtiyar Sadıqov: "ABŞ ölkəmizlə əməkdaşlığı davam etdirmək niyyətindədir"

ABŞ prezidenti 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublar eskeprtlər tərəfindən yüksək dəyərləndirilir. Buiki ölkə arasındakı münasibətlərin inkişafı üçün önəmli addım kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları Azərbaycan Prezidentinin uzun illər apardığı siyasətin nəticəsidir. Deputat bildirib ki, ABŞ prezidentinin mesajları onun iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir: "Məktubda yazılanlardan məlum olur ki, Azərbaycanı dəyərli tərəfdaşı hesab edən Tramp ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzu edir. Onun Azərbaycan Prezidentinin ölkə iqtisadiyyatının inkişafı naminə gördüyü işləri dəstəkləməsi, eləcə də iki ölkə arasında yeni əlaqələrinin qurulmasına maraq göstərməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir". E. Məmmədov əlavə edib ki, ABŞ prezidentinin həm 28 May - Respublika Günü, həm də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları Azərbaycanın dünya siyasətində əldə etdiyi uğurlardan xəbər verir.
Deputatı Bəxtiyar Sadıqov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir və ölkəmizlə əməkdaşlığı davam etdirmək niyyətindədir. ABŞ Prezidentinin məktublarında Azərbaycanın ABŞ-la indiyə qədər olan əməkdaşlıq münasibətlərinin yüksək qiymətləndirildiyini xatırladan deputat hesab edir ki, bundan sonra ABŞ-Azərbaycan əməkdaşlığı qarşılıqlı anlaşma, bir-birinin maraqlarına hörmət və bütövlükdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam edəcək.
B. Sadıqov qeyd edib ki, ABŞ prezidentinin 28 May - Respublika Günü, eləcə də "XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidentinə göndərdiyi məktublar həmçinin Trampın yeni prezident seçilməsindən ABŞ-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi ilə bağlı məsələlərə də aydınlıq gətirmiş oldu: "ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla münasibətdə hansı mövqe tutacağını diqqətlə izləyirdik. Trampın məktubları bu məsələlərə aydınlıq gətirdi və ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu göstərdi. ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir, terrorizmə qarşı birgə mübarizədən tutmuş bir çox sahələri əhatə edir və biz həmişə istəmişik ki, ABŞ-la münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində qalsın və davam etsin".
Millət vəkili Siyavuş Novruzov vurğulayıb ki, bu təbrik məktubları ABŞ-Azərbaycan münasibətləri üçün mühüm əhəmiyyət kəsb edir: "ABŞ Prezidenti Donald Trampın təbrik məktubları Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişaf etdiyinin bariz nümunəsidir. Bu baxımdan da mən bu məktubları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, gələcəkdə də bu münasibətlər davam edəcək". O əlavə edib ki, ABŞ-ın həyata keçirdiyi anti-teror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri Azərbaycandır: "Azərbaycan hər zaman ABŞ ilə iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq edir, dünyada terrorizmə qarşı birgə mübarizə aparır. Bu gün Azərbaycan hərbiçiləri Əfqanıstanda sülhyaratma prosesində yaxından iştirak edir. Bundan əvvəl isə hərbiçilərimiz İraqda, Kosovada da NATO sülhməramlıları tərkibində iştirak edib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan hərtərəfli şəkildə ABŞ-la münasibətlərə və terrora qarşı mübarizə prosesə öz töhfəsini verir". S.Novruzov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır: "İşğalçı Ermənistanı çıxmaq şərti ilə Azərbaycan hər bir dövlət ilə qarşılıqlı və müstəqil münasibətlərini qurur. Ancaq çox təəssüf ki, bəzən müəyyən şəxslər, təşkilatlar və maraqlı qruplar, xüsusilə də erməni lobbisi və onların maliyyələşdirdiyi təşkilatlar Azərbaycanın həm ABŞ, həm də digər dövlətlərlə münasibətlərinə xələl gətirməyə çalışırlar. Buna misal olaraq, "Freedom House", "Human Rights Watch", "Sərhədsiz Reportyorlar Təşkilatı" və digər qurumların adlarını çəkmək olar. Zaman-zaman bu təşkilatlar ABŞ və digər ölkələrin, ABŞ-ın ayrı-ayrı strukturları adından heç bir əsası olmayan bəyanatlar yaymağa, dinləmələr keçirməyə çalışıblar".
Politoloq Əli Qənbərli bildirib ki, Amerika Azərbaycanla əlaqələri möhkəmləndirəcək, xüsusilə də ticari münasibətlər yeni müsbət məcraya qədəm qoya bilər: "Eyni zamanda, Azərbaycan həmişə olduğu kimi bundan sonra da dünya təhlükəsizliyinin təmin olunması istiqamətində Birləşmiş Ştatlara dəstək verməkdə davam edəcək". Politoloq hesab edir ki, keçən ay ərzində Amerika prezidentinin iki dəfə Azərbaycan dövlət başçısına məktub göndərməsi Vaşinqtonun Bakıya önəm verməsinin göstəricisi sayıla bilər: "Təbii ki, biz bunu belə hesab edə bilərik. Donald Tramp hələ prezident seçilməmişdən əvvəl dünya ictimaiyyətinə yaxşı biznes əlaqələri olan bir adam kimi tanınırdı. Ona görə, Donald Tramp üçün biznes əlaqələri çox önəmlidir. Azərbaycan da biznes və ticarət üçün əlverişli olan ölkələrdəndir. Bu baxımdan hesab edirəm ki, Amerika-Azərbaycan münasibətləri bundan sonra daha da yüksələn xətlə inkişaf edəcək". Əli Qənbərli hesab edir ki, Ağ Ev rəhbəri Donald Trampın məktubunda Azərbaycanla bağlı müsbət fikirlərin yer alması, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirməsi Azərbaycanla ABŞ arasında əməkdaşlıqda yeni dönəmin başladığını söyləməyə əsas verir: ""Bəli, bu şübhəsiz belədir. Çünki, ABŞ-ın bundan sonrakı siyasəti daha çox hümanist meyilli olacaq. Donald Tramp əvvəlki ABŞ prezidentlərindən fərqli olacaq. Onun dünyaya baxışı tam başqadır. Özünün də bir müddət əvvəl dediyi kimi ABŞ başqa dövlətlərin işinə müdaxilə etməyəcək. Azərbaycanla münasibətlərə gəlincə onu demək olar ki, Donald Tramp yaxşı başa düşür ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Bu baxımdan Azərbaycanla əməkdaşlıq Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasətinin əsasını təşkil edəcək". Ağ Ev rəhbərinin Azərbaycan Prezidentinə ünvanladığı məktubda Trampın Dağlıq Qarabağ məsələsinə də toxunmasına gəlincə, politoloq hesab edir ki, bu Vaşinqtonun problemin həllində aktivliyinin artacağına ümid verir: "Təbii ki, Dağlıq Qarabağ probleminin həllini istəyən və istəməyən tərəflər var. Ancaq Donald Trampın danışıqlarından hiss olunur ki, o münaqişələri sevməyən bir şəxsdir. Bu baxımdan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ABŞ səylərini davam etdirəcək. Lakin, düşünmürəm ki, bu səylər problemin həlli istiqamətində həlledici ola bilər". Əli Qənbərli onu da qeyd edib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlərin inkişafı hər iki dövlətin mənafeyinə uyğundur: "Bu əlaqələrin inkişafı gələcəkdə xalqların yaxınlaşması, ABŞ şirkətlərinin, korporasiyalarının Azərbaycan investisiya yatırması, eyni zamanda regionun təhlükəsizliyi baxımından önəmlidir".

Əli