Generaldan xəbərdarlıq Siyasət

Generaldan xəbərdarlıq

"Düşməni susdurmaq üçün qoşunlarımız hazır vəziyyətdədir"

"200 ildən çoxdur ki, ermənilərin əli ilə azərbaycanlılara qarşı qəddar soyqırımı siyasəti aparılır".
Bbunu Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev bildirib.
Onun sözlərinə görə, iki əsrdən çox davam edən bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı amansız işgəncələrlə qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, etnik təmizləmə və erməni təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınıblar: "Cəzasız qalan erməni faşistləri "Böyük Ermənistan" xülyası ilə bu gün də öz mənfur niyyətlərindən əl çəkmir, insanlığa sığışmayan vəhşiliklər törədirlər. Xocalı, Qaradağlı, Malıbəyli, Meşəli və bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və onun nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması erməni qəddarlığının davamıdır.
Silahlı Qüvvələrimiz tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən yenə də susdurulub, az sonra isə Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə qarşı dəqiq atəş zərbələri endirilib. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün qoşunlarımız hazır vəziyyətdədir".
General-mayor R.Əliyev qeyd edib ki, müharibədən ən çox əziyyət çəkən dinc əhali, xüsusilə də gələcəyimiz olan uşaqlardır: "Qarabağ müharibəsinin yenidən şiddətləndiyi 90-cı illərdən başlayaraq, bu günə kimi 225 nəfərdən çox uşaq erməni vandalizminin qurbanı olub. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, konvensiyaların, bəyannamələrin kobud şəkildə pozulmasıdır. Onlar dinc əhalini hədəfə almaqla Azərbaycanı yenidən müharibəyə təhrik etmək, sülh səylərimizi pozmaq məqsədi güdürlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu hərbi cinayətlərə görə gec-tez beynəlxalq birlik qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar".
İdarə rəisi ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət, Müdafiə, Xarici İşlər Nazirliklərinin birgə fəaliyyəti, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin fəallığı sayəsində Alxanlı faciəsinin beynəlxalq qurumları artıq hərəkətə gətirdiyini bildirib: "Nəhayət dünya erməni vəhşiliyini, erməni vandalizmini pisləyir və onları bu təxribatlardan tez bir zamanda əl çəkməyə çağırır".