“Ermənistan Rusiyaya da inteqrasiya edə bilmir” Siyasət

“Ermənistan Rusiyaya da inteqrasiya edə bilmir”

İlqar Vəlizadə: " Qərbə də çıxışı məhduddur"

Azər Həsrət: "Ermənilərin bu cür yanıltma cəhdləri bizim üçün yeni deyil"

"Belə təkliflər Ermənistanı tam olaraq Rusiyanın nəzarətinə keçməyə, göstərişlərinə tabe olmağa məcbur edir. Əks təqdirdə Rusiyanın qoyduğu məhdudiyyətlər olduğu kimi qalacaq. Ermənistan kimi öz resursları olmayan, imkanları məhdud bir ölkənin müstəqil fəaliyyət göstərməsi mümkün deyil. Gec-tez Ermənistan məcbur olacaq ki, bütün sahələrdə Rusiyanın təklif və tələblərini qəbul etsin". Bu sözləri Rusiyanın Ermənistana rus dilinə Konstitusiyada rəsmi dövlət dili statusu verilməsi təklifini şərh edən politoloq İlqar Vəlizadə deyib.
O, sözügedən təklifin səbəblərinə aydınlıq gətirib: "Ermənistana irəli sürülən rus dili təklifində konkret məsələ var. Burada Ermənistan ilk olaraq öz sürücülərinin Rusiyada sərbəst işləyə bilməsi üçün lisenziyaların qəbul edilməsini istəyib. Rusiya qanunlarına görə, vəsiqə rus dilində olmalıdır. Bunu edən dövlət isə öz dili ilə yanaşı, dövlət dili olaraq rus dilini qəbul etmiş olur. Qırğızıstan və Qazaxıstanda da bu tətbiq edilib. Və həmin ölkələrin lisenziyası Rusiya üçün buna görə məqbuldur. Ermənistanda isə yalnız erməni dilində lisenziyalar olduğu üçün Rusiya üçün məqbul deyil. Onlar rus dilini qəbul etsələr, bütün sənədləşmələrində erməni dili ilə yanaşı, rus dili öz əksini tapacaq".
Politoloq həmçinin Ermənistanın Rusiya və Qərbə inteqrasiyasında çox ciddi problemlərin olduğunu qeyd edib: "Ermənistanda rus dili daşıyıcıları getdikcə azalır. Artıq Ermənistandakı rusdillilərin çox böyük hissəsi Rusiya və MDB ölkələrinə köçüblər. Ermənistanda təhsil dili də erməni dili olduğundan rus dilini bilənlər azalır. Reallıqda bunu tətbiq etmək çox çətindir. Və bu, göstərir ki, Ermənistan Rusiyaya da inteqrasiya edə bilmir, Qərbə də çıxışı məhduddur. Azərbaycan və Türkiyə sərhədləri məlum münaqişələr səbəbindən bağlıdır. Ona görə Ermənistan Avrasia İttifaqı daxilində gedən proseslərdə fəal iştirak edə bilmir".
Politoloq bu təkliflə qarşılaşmanın ölkənin durumunu əks etdirdiyini bildirib:
"Belə vəziyyətin yaranması ölkənin acınacaqlı vəziyyətdə olduğunu göstərir. Həm də müstəqil addım ata bilmədiyini, Rusiyanın onun üzərində himayədar və hegemon dövlət olduğunu bir daha sübut edir".
Siyasi şərhçi Azər Həsrət isə diqqətə çatdırdı ki, ermənilərin bu cür yanıltma cəhdləri bizim üçün yeni deyil: "Bəllidir ki, onlar daxili ictimai rəyi ayaqda tutmaq, eyni zamanda, Azərbaycan ictimai rəyini çaşdırmaq üçün bunu edirlər. Məlumdur ki, bir neçə gün öncə Azərbaycan ordusu işğalçı Ermənistanın 6 hərbçisini məhv etmişdi. Bu isə Ermənistanda xalq arasında ciddi narazılığa səbəb olmuşdu. Ona görə də onlar indi belə yalan xəbər yaymaqla guya Azərbaycan ordusuna cavab verdiklərini göstərmək istəyirlər. Amma yalan ayaq tutar, yeriməz. Göründüyü kimi, Azərbaycan tərəfi heç bir itki verməyib. Yəni ermənilər özləri öz yalanlarında boğulurlar. Ermənistan nə edəcək? Heç nə! Çünki bu dövlətin Rusiya adlı ağasına qarşı səsini çıxarmağa cürəti çatmır. Heç erməni xalqı da çox dərinə gedən deyil. Çünki onların etiraz etmək üçün heyi qalmayıb. Sadəcə olaraq bir müddət səs-küy salacaqlar, sonra da çəkilib yerlərində oturacaqlar. Rusiyanın məqsədi, az öncə qeyd etdiyim kimi, ağanın öz quluna növbəti dəfə yerini göstərmək istəyini ifadə etməkdir".
Qeyd edək ki, Rusiya Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan parlamentinin spikeri Aroy Babloyanla görüşü zamanı rus dilinə Ermənistan Konstitusiyasında rəsmi dil statusu verilməsi təklifi ilə çıxış edib.